çap et  
İran: amansız repressiyalar davam edir
Mehdi Kərrubi həbsxanalarda nəzarətçilərin məhbusları zorladığını deyir
Şənbə, 15.08.2009

S.Sədrəddin

Seçkinin nəticələrinə etiraz edənlərə qarşı repressiyalar davam etməkdədir. Hakimiyyət yalnız etirazçılarla deyil, Güney Azərbaycan Milli Hərəkatının təəssübkeşləri ilə də sərt davranmaqdadır. Elə prezident seçkisi keçirilən gün azərbaycanlı jurnalist Səid Mətinpur həbs edilərək, Tehranın müdhiş "Evin" zindanına salınıb. İran məhkəməsi ona 8 il iş kəsib. Səid Mətinpur "dövlət quruluşuna qarşı təbliğat aparmaqda" suçlandırılır.

Beynəlxalq Əfv Təşkilatı onu "vicdan dustağı" elan edib və bütün azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb etmişdir. Öz növbəsində, rəsmi Tehran bu tələblərə məhəl qoymamaqdadır. "Azadlıq" radiosunun yaydığı xəbərə görə, Səid Mətinpurun vəziyyəti ağırdır, baş ağrıları və baş hərlənmələri çoxalıb, mədəsində ağrılar artıb. Məhbusun həyat yoldaşı Ətiyyə Tahiri deyib ki, onun sağlıq durumundan narahatdır.

Bu azərbaycanlı jurnalist iki il öncə Türkiyəyə səfərdən döndükdən sonra həbs edilmişdi. Yaxınlarının dediyinə görə, Səid Mətinpurun tutulmasına səbəb insan haqları ilə bağlı yazılarıdır. Bir az sonra mülk girovu qoyaraq, sərbəst buraxılmışdı. Onun vəkili olmuş, hazırda ölkədən mühacirət edən Saleh Kamrani müvəkkilinə qarşı irəli sürülümüş ittihamın əsassız olduğunu bildirir.

Səid Mətinpura verilən işgəncələr

Vəkil deyib ki, Səid Mətinpurun səhhəti həbsxanada verilmiş işgəncələr ucbatından ağırlaşıb: "Əvvəlcə 9 ay həbsdə saxlanmışdı. Bu müddətin 7 ayını təkadamlıq kamerada keçirib. Belə şəraitdə saxlanmağın özü işgəncədir. Orada ona ciddi fiziki işgəncələr də verilmişdi. Ondan ifadə alınıbsa, bu, işgəncə və fiziki təzyiqlərlə gerçəkləşdirilib. Bunu həbsxanada məruz qaldığım təzyiqlərə əsasən söyləyirəm".

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının ümumi işlər müdiri Yaşar Şəkkapursa deyib ki, Səid Mətinpur ona lazım olan müalicəni ala bilmir: "Onda ürək, böyrək, bel ağırları var. Uzun müddət ayaq üstündə dayana bilmir, başı fırlanır. Son günlər vəziyyəti daha da ağırlaşıb. Gərək uzun müddət həkim nəzarəti altında olsun. Onun saxlandığı şərait çox ağırdır. Xəstəliyi çox ciddi olduğundan ailəsi, insan haqlarını müdafiə edən qurumlar da narahatdır". Ailəsi Səid Mətinpurun səhhəti ilə bağlı həbsxana rəhbərliyinə müraciət edib.

Siyamək Yaquti hara aparılıb?

GünAz TV-nin yaydığı məlumata görə, Zəncan Universiteti tələbəsi Siyamək Yaquti ötən gün atasının evində ETTELAAT məmurları tərəfindən tutularaq harasa aparılıb. Atasının dediyinə görə, məmurlar ona qarşı ittiham haqda məlumat verməyiblər. Onlar mənzildə axtarış aparıb, Siyamək Yaqutiyə aid əşyalar sanksiya təqdim edilmədən müsadirə olunub. "Siz bunları hara aparırsınız", - deyə ailə üzvlərinin sualını məmurlar belə cavablandırıb: "Evin" zindanından öyrənərsiniz". Məlumata görə, Siyamək Yaquti "Rəstaxiz" adlı tələbə nəşriyyəsinin məsulu olub. Bu kimi xəbərlər beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb edəcəkmi?

Kəhrizək - "İranın Quantanamosu"

Sirr deyil ki, ölkədə qeydiyyatda olmayan çoxlu sayda gizli zindan və təcridxanlar hələ şah dövründən mövcuddur. Belələrindən biri də Kəhrizəkdir. Bu qorxulu həbsxana Tehranın cənub səmtində yerləşir. Ölkənin polis rəisi İsmayıl Əhmədimüqəddəm bildirib ki, zindanın rəisi və daha iki məsulu tutduğu vəzifədən azad edilərək həbs olunub.

Onun sözlərinə görə, həbsxana başçısı zindanın təlimatına əməl etməyib. Belə ki, məhbuslar həbsxana qaydalarınə əməl etməkdən boyun qaçırıblar. "Bu qaydaların gerçəkləşməsinə isə rəis şəxsən məsuliyyət daşıyır. Elə ona görə də həbsxanada baş vermiş olaylara görə cəzalandırılacaq", - deyə polis rəisi söyləyib. Rəis məsələyə aydınlıq gətirərək əlavə edib ki, son zamanlar baş vermiş "pozuculuq hadisələri"ndə həbs edilmiş tələbələrin bu həbsxanada yerləşdirilməsi yasaq idi, bu barədə müvafiq əmr vardı və həbsxana müdiri bu göstərişi yerinə yetirməyib.

Bir müddət öncə yayılmış xəbərdə bildirilirdi ki, Kəhrizək həbsxanasında müxalifəti təmsil edən məhbuslar müəmmalı şəkildə ölmüşdü. O zaman həbsxana rəisi onların "virusa yoluxaraq" öldüyü haqda rəsmi açıqlama vermişdi.

"Röyter"in yaydığı xəbərdə isə deyilir ki, prezidentliyə iddiaçı Möhsün Rzainin müşaviri Əbdülhüseyn Ruhullamininin oğlu etiraz aksiyasında həbs edilmiş və həbsxanada öldürülmüşdür. Onun ailəsinə 25 yaşlı bu gəncin "qəflətən öldüyünü" söyləmişlər. Bu günlərdə isə etiraz aksiyasında iştirak edən 12 yaşlı Əlirza adlı yeniyetmənin polis dəyənəyindən keçindiyi barədə xəbər yayılıb. Xatırladaq ki, Kəhrizək həbsxanası "İranın Quantanamosu" adlandırılır.

Bütün dünya qarşısında bu rüsvayçılıqdan sonra ötən gün ayətulla Xamneyi Kəhrizək həbsxanasının "heç bir standarta cavab vermədiyi üçün" bağlanması barədə fərman verib.

Şahnaz Qulami həbsxananı təsvir edir

Kəhrizəkdə işgəncəyə məruz qalmışlardan biri də Azərbaycan türklərinin milli haqlarının tanınması uğrunda mübarizə aparan Şahnaz Qulamidir. Hələ 2008-ci ilin sentyabrında İnqilab Məhkəməsinin Təbrizdəki 1-ci şöbəsi ona qarşı "dövlət quruluşu əleyhinə təbliğat" ittihamı irəli sürərək, 6 ay müddətinə barəsində azadlıqdan məhrumetmə cəzası kəsmişdi.

Hüquq müdafiəçisi Şahnaz Qulami ötən ilin sonunda yenidən tutulmuşdu. Buna səbəb Qulamrza Əmaninin avtomobil qəzasında ölümü ilə bağlı irəli sürdüyü ehtimallar idi. Xanım Qulami "mühəndis Əmaninin düşdüyü avtoqəzanı xüsusi adamların, böyük ehtimalla dövlət adamlarının təşkil etdiyi qənaətini" söyləmişdi. Hakimiyyətin nəzərincə, belə fikirlər söyləmək "iğtişaş salmaq", "ictimai fikirdə təşviş yaratmaq" sayılır.

Şahnaz Qulami ictimai cəhətdən fəal qadın olduğu üçün təzyiqlərə tez-tez məruz qalır. O, qadın haqları uğrunda mübarizə aparır, Azərbaycan türklərinin kimliyi, dili, mədəni haqları ilə bağlı yazılarla çıxış edir. Ümumiyyətlə, hüquq müdafiəsi sahəsində çox işgüzar qadındır.

Şahnaz Qulami Xalq Mücahidləri Təşkilatında siyasi fəaliyyət göstərdiyinə görə 1989-94-cü illərdə həbsdə saxlanıb. 2007-ci ilin mayında "İran" qəzetində azərbaycanlıları təhqir edən karikaturaya etiraz aksiyalarının ildönümündə iştirak etdiyi üçün bir ay müddətinə həbs olunmuşdu. O, "azarwomen" bloqunun yaradıcısı, İranda Qadın Jurnalistlər Assosiasiyasının üzvüdür.

Ölkənin çeşidli zindanlarında 5 il "cəza çəkmiş" Şahnaz Qulami qapadılmış Kəhrizək zindanında ona verilmiş işgəncə faktları haqda "Azadlıq" radiosunun Azərbaycan redaksiyasına müsahibə verib. O, deyib ki, həbsxana və təcridxanalarda işgəncə verməklə "etiraf" almaq adi haldır: "İşgəncə və hədələmə vasitəsi ilə mənə dəfələrlə həbsxanada təzyiqlər olunub. Yeddi dəfə müxtəlif məhkəmələrə çağırılmışam. Beş il həbs cəzası çəkmişəm".

Həbsxanadaxili şəraitdən danışan Şahnaz Qulami deyib: "Ora iki kameradan və bir balaca həyətdən ibarət idi. Qışda kameraları qızdırmağa, yayda isə sərin saxlamağa heç bir şərait yaradılmamışdı. Bizə vəkil tutmağa icazə vermirdilər. Nə QHT, nə də insan haqları müdafiəçiləri ilə görüşümüzə imkan yaradılırdı. Beş il eləcə qaldıq. Yadımdadır, bir dəfə BMT təmsilçisi həbsxanaya gəlmişdi. Onda bizi tez ümumi korpusa köçürdülər. Çünki hakimiyyət istəmirdi ki, BMT təmsilçiləri ölkədə siyasi məhbusların olduğunu bilsin. Təmsilçilər gedən kimi beşimizi də həmin kameraya qaytardılar".

Şahnaz Qulami "Hadisələrə şəffaflıq" başlıqlı yazısında 2006-cı ilin məlum may hadisələri haqda yazıb. "Dostlarınızın naməlum şəraitdə ölümü barədə yazmısınız. O hadisələr zamanı kimlər öldü?" sualını belə cavablandırır: "Onlardan biri milli haqlar uğrunda mübarizə aparmış fəal, Qadir Sədiqi idi. Polis bilərəkdən onun başına zərbə ilə vurmuşdu. Mühəndis Əmanini İnqilab Keşikçiləri Qvardiyasının avtomobili vurub öldürdü. Milli fəal Möhsün Fərhadini may hadisələri zamanı dostlarının yanından tutub aparmışdılar. Təcridxanada 27 gün ona işgəncə vermişdilər. Buna dözə bilmədiyindən elə oradaca keçinmişdi. Sonra hakimiyyət təmisilçiləri onun cəsədini Təbrizin "Elgölü" adlı su hövzəsinin yanına atmışdılar. Hadi Şəfəq adlı dostumun barmaqlarını sındırmışdılar. Başqa birinə, Elyaz Yekanlıya elektrik şoku vermişdilər. Həmid Valainin isə həbsxanada qollarını sındırmışdılar. Belə hadisələri saymaqla bitməz".

Nəzarətçilər gənc məhbusları seksual zorakılığa məruz qoyur

Prezidentliyə iddiaçılardan biri, Mehdi Kərrubi həbs olunmuş etiraz aksiyası iştirakçılarından gənc oğlan və qızların həbsxanada seksual zorakılığa məruz qaldıqlarını deyir. Onun sözlərinə görə, sərbəst buraxılmış həmin şəxslərin bu iddiaları yoxlanılmalıdır. Məsələyə dair o, keçmiş prezident və indi Dini Ekspertlər Şurasına sədrlik edən Haşimi-Rəfsəncaniyə açıq məktub yazaraq, "bu biabırçılıq"la bağlı araşdırmalar aparılmasını istəyib.

Kərrubi məktubda əminliklə bildirib ki, məhbusları həbsxananın həm kişi, həm də qadın nəzarətçiləri zorlayıb və bunun nəticəsində həmin dustaqlar ciddi psixoloji sarsıntı keçirib: "Gənclər elə zorlama ilə üzləşib ki, sərbəst buraxıldıqdan sonra onlar depressiyadadır, onlar fiziki və psixoloji sarsıntı içərisindədirlər. Onlar yaşadıqları evin həyətində belə görünmürlər".

Bi-Bi-Si-nin məlumatında bildirilib ki, Kərrubi bu xəbəri hakimiyyətdə ciddi vəzifə sahiblərinin birindən eşidib: "Əgər bu ittihamlardan biri təsdiqlənsə, o zaman belə bir davranış İslam Respublikası üçün faciədir. Bu halı devrilmiş şah rejimi ilə eyniləşdirərdim". Haşimi-Rəfsəncanidən tələb olunur ki, bu məsələni İranın ali rəhbəri ayətulla Xamneyi ilə müzakirə etsin.

GünAz TV mətbuat mərkəzinin məlumuatına görə, Beynəlxalq Əfv Təşkilatı son 50 gündə İranda edam olunanların sayının artdığından narahatlıq bildirib. Xəbərə görə, bu müddət ərzində 115 nəfər edam olunub, başqa sözlə, orta hesabla hər gün azından iki nəfər haqda ölüm hökmü icra edilib. Bu təşkilat əlavə edib ki, 2009-cu il iyunun 12-dək - yəni prezident seçkisi gününədək 196 nəfər edam olunub. Bu isə dünya üzrə Çindən sonra ikinci göstəricidir. Beynəlxalq Əfv Təşkilatı onu da vurğulayıb ki, İslam Respublikasında edam olunanların sayı rəsmi rəqəmlərdən daha çoxdur.