Tariyel Vəliyev: "Həmin o nağıl məni televiziyaya gətirdi"
 |
İnsan sevirsə, qısqanmalıdır
Şənbə, 15.08.2009
|
|
Tamaşaçılar arasında geniş populyarlıq qazanan ilk televiziya trilogiyasının ("Səni axtarıram", "Səndən xəbərsiz", "Bağışla"), ikihissəli "Sən həmişə mənimləsən", "Duel" televiziya tamaşalarının, "Muğam" film-tamaşasının, neçə-neçə bayram proqramlarının yaradıcısı olan Tariyel Vəliyevi hələ də tələm-tələsik, necə deyərlər, iki daşın arasında çəkiliş aparan görməyiblər. Ən kiçik süjetdən ən iri proqramına kimi bütün verilişlər ilk kadrlardanca öz müəllifinin yüksək zövqündən, böyük məsuliyyətindən xəbər verir.
İlk baxışdan çox təmkinli, daxilən çox gərgin görünən bu insanın səliqəsi, obyekti müxtəlif rakurslardan, müxtəlif dubllarla çəkməsi müasir televiziyanın hay-küylü ritminə alışanlara qəribə görünə bilər. Amma müasir şou-biznes axınının əsl sənətə dəxli olmadığı kimi, Əməkdar incəsənət xadimi, rejissor Tariyel Vəliyevə də dəxli yoxdur. Çünki efir məsuliyyətini hiss edən bir sənət adamıdır.
- Çoxları üçün beşik olan Azərbaycan Dövlət Teleradiosuna gəldiyiniz ilk günü necə xatırlayırsınız?
- Bilirsiz, televiziya mənim həyatımın əsas hissəsidir. Və mən özümü başqa sahədə təsəvvür etmirəm. Bir gün qrup yoldaşım rejissor Pərviz Cəfərov məni radioya aparmağı təklif etdi, çünki özü də orada çalışırdı. Və mən böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Oraya gedən kimi "Qitədən qitəyə" adlı verilişin rejissoru kimi ştatdankənar fəaliyyətə başladım. Əsgərliyimi çəkəndən sonra, 1972-ci ildə artıq radioya yox, televiziyaya qayıtdım. Rejissor assistenti kimi başladım və ali dərəcəli rejissor pilləsinəcan qalxdım. 2006-cı ilə qədər Ədəbi-dram redaksiyasının baş rejissoru vəzifəsində çalışmışam. 2006-cı ildən etibarən mən Dövlət Televiziyasında müqavilə ilə işləyirəm.
Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Televiziya rejissoru" kafedrasının müdiriyəm. Onu qeyd etmək istəyirəm ki, həmin universitetdə pedaqoji fəaliyyətimi 1988-ci ildən başlamışam.
- Nəyə görə məhz kino yox, teatr yox, televiziya rejissoru oldunuz?
- Mən həmişə televiziyaya nağıllar aləmi kimi baxırdım. Bir dəfə məni və bacımı (məktəbdə bir yerdə oxumuşuq) Gənc Tamaşaçılar Teatrına tamaşaya dəvət etmişdilər, inanın ki, biz səhərəcən yatmamışdıq sevincdən. Maraqlısı odur ki, o da nağıl-tamaşa idi.
Həmin o nağıl da məni televiziyaya gətirdi.
- Bugünkü televiziyanı necə qiymətləndirirsiz: əla, pis, yoxsa kafi?
- Düzünü desəm, mən bədbin deyiləm. Mən artıq 42 ildir televiziyada çalışıram, ona görə onun hər bir gününü görmüşəm. Televiziya çox çətin bir sahədir. Ona görə istərdim ki, tamaşaçı müəyyən qədər güzəştə getsin. Bugünkü televiziyanın yaxşı cəhətləri daha çoxdur, nəinki pis cəhətləri. İlk öncə məni sevindirən bacarıqlı gənclərin televiziyaya olan axınıdır. Televiziya gənclərin olmalıdır. Və televiziyaya gələn gənclərdən çox razıyam, televiziyanı gəncləşdirən məhz gənclərdir.
- Verilişlərin müasirləşməsi üçün hansı addımlar atılmalıdır?
- Gənc nəsil mütləq təcrübəli işçilərlə sıx təmasda olmalıdır, onlardan məsləhət almalıdır. Bildiyiniz kimi, bir neçə tamaşanı Ramiz Həsənoğlu ilə birlikdə hazırlamışıq, çünki mən televiziyaya gələndə o artıq burada çalışırdı. O mənə çox dəstək olurdu.
- Çox rejissorlar incəsənət xadimləri və estrada ulduzları ilə çalışmaqdan qaçırlar. Bəs siz necə, onların sənət şıltaqlıqlarına dözə bilirsinizmi?
- Onlar yalnız rejissoru tanıyıb, onun öz işinə münasibətini biləndən sonra şıltaqlıq göstərib-göstərmədiklərini, çəkilişə gecikib-gecikmədiklərini fikirləşirlər. Hər şey çəkiliş qrupundan asılıdır. Bizim qrupa incəsənət xadimləri həmişə can atıblar və iş prosesindən razı qalıblar. Bilirsiniz, mən hətta qız tələbələrimə "Xanım" deyə müraciət edirəm. Artistlər isə çox kövrək insanlardılar və onlardan istədiyimizi almaq üçün mütləq normal münasibət olmalıdır. Rejissor qışqır-bağırla heç nəyə nail ola bilməz. Mən müğənnilərin əksəriyyəti ilə çalışmışam və normal münasibətdəyik.
Azərbaycan TeleFilm Yaradıcılıq birliyi ilə çalışıram. İki sənədli film üzərində çalışırıq: "Əli Kərim" və "Tofiq Köçərli". Planımızda Xurşudbanu Natavan haqqında sənədli film çəkmək fikrimiz var.
- Çoxlarımıza tanış olan "Pəncərədə işıq" tamaşasından danışaq...
- Əvvəl onu qeyd etmək istəyirəm ki, tamaşanın adını özüm qoymuşam, əsər tam başqa cür adlanırdı. Baş qəhrəman çox pis qısqanclığının ziyanını çəkir və sonda tək qalır. Və bir gecə küçədə getdiyi zaman öz-özünə fikirləşir ki, hamının pəncərəsinin işığı yanır, bircə onun evində həmişə qaranlıqdır. Və birdən öz evinin yanından keçəndə görür ki, pəncərəsində işıq yanır. Mən hardasa Toğrul adlı qəhrəmanıma bu tamaşa ilə bəraət qazandırmağa çalışmışam. Həyat yoldaşını o qədər sevir ki, düşüncəsinə görə, ona heç bir yad göz baxmamalıdır. Mən elə hesab edirəm ki, əgər insan qısqanmırsa, o sevmir. Götürək, Şekspiri. Bəyəm Otello Dezdemonanı sevməyib qısqanıb?
Otello onu dəlicəsinə sevirdi. Mən Nurəddin Mehdixanlıdan, Zemfira Nərimanovadan və rəhmətlik Mirvari Novruzovadan, onların ifalarından çox razı qalmışdım. Mirvari Novruzova isə anamın obrazını yaratmışdı bu tamaşada. Və mənim anam həmişə gəlinlərin tərəfində olub.
- Xoşbəxtliyi bir sözlə ifadə edin..
- TELEVİZİYA... Mənim həyatımda əsas xoşbəxtlik televiziyadır. Məni bu qədər yaşadan başqa nağıllar aləmi və başqa ocaq tanımıram.
|
|
|
|
|
|
|