Azərbaycan Dövlət Film Fondunda hazırlanan iki cildlik ensiklopediyanın I cildi üzərində son redaktə işləri gedir və kitab avqustun sonunadək çap olunacaq. Fondun mətbuat əlaqələndiricisinin məlumatına görə, Azərbaycan kino tarixində böyük hadisə olacaq bu kitab milli kinoda çalışanlar - rejissorlar, operatorlar, səs operatorları, filmin direktorları və ümumilikdə kinoda zəhməti olan bütün insanlar haqqında məlumatları əks etdirir. Bundan əlavə, ensiklopediyada Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi, Azərbaycan Dövlət Film Fondu və digər aidiyyəti təşkilatlar haqqında ətraflı məlumatlar verilmiş, onların yaranma tarixi, bu günə kimi keçdikləri şərəfli yol əks olunmuşdur. Ensiklopediyada dünya kinosunun personajları haqqında da məlumatlar yer alıb. Xəbərdə qeyd olunur ki, "Azərbaycan kino ensiklopediyası"nın II cildinin isə bu ilin sonunadək çapı nəzərdə tutulur.
|