![]() |
çap et |
|
|||
Radio işi əkinçi işidir. Bizim ədəbi nəsli saxlayan radio oldu, anamız radio. Radioda aldığım ilk qonorardan anama nə isə almışdım. "Bulaq" verilişi isə 64 illik həyatımda yadda qalan ən maraqlı səhifədir. "Bulaq"la Azərbaycan xalqını tanımışam... Xalq yazıçısı Mövlud Süleymanlı ilə radio barədə söhbətimiz belə başlanır. Belə ki, bu adam yaradıcı həyatının böyük bir qismini radioda keçirib və bu mühiti çox yaxşı bilir.
Mövlud Süleymanlı sözünə davam edir: - Mən radioya gələndə burada sədr müavini Cəmil Əlibəyov idi. İlk yazım Mirzə İbrahimov haqqında olub. Həmin oçerk Cəmil Əlibəyovun xoşuna gəldi və mənə ayrıca veriliş açmağı təklif etdi. Fikirləşə-fikirləşə evə gələndə, gördüm ki, anam sobanın üstündə saz köynəyi qurudur. Dedi, "dayın Hüseyn Saraclı bizə qonaq gəlib". Sonra mən köynəyi islanmış sazdan veriliş hazırladım, adını "Bulaq" qoydum. 1969-cu ilin payızından bu günə kimi efirdədir". Mövlud Süleymanlının xatırlatmasına görə, Şərqdə radio ilk dəfə Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının binasından yayımlanıb. Türkiyədə isə Azərbaycandan 10 il sonra yaranıb. Radio Azərbaycan dilinin saflığının qorunmasında akademiya rolunu oynayıb. "Biz Güneydən, Dərbənddən, dünyanın bir çox ölkəsindən çoxlu məktub alırdıq. Onlar Azərbaycan dili və musiqisini bizim radiodan öyrəndiklərini yazırdılar. Dövlət radiosu həm də İnternet vasitəsi ilə yayımlanır. Azərbaycan radiosuna bir gün sona qədər qulaq asan ondan heç vaxt ayrıla bilməz". Bildiyimiz kimi, müstəqil radioların problemlərindən biri onların Azərbaycan dili normalarına əməl etmədiyidir. Mövlud Süleymanlı son illərin müzakirə pridmetinə çevrilən bu mövzu barədə danışarkən dedi: "Bədii Şura olsa, xaos yaranmaz. İndi kim oxumamalıdırsa, o oxuyur, kim kitab çap etdirməməlidirsə, onun kitabı çıxır. Bununla belə, düşünürəm ki, su axdıqca durulur. İnanıram ki, nə vaxtsa hər şey düzələcək". Milli ədəbiyyatımızın indiki durumu barədə Mövlud Süleymanlının mülahizələrini eşitmək istəyirik. Yazıçı deyir: - Nəsrdə hər şey hələlik boz gedir. Oxumadığım əsərlər ola bilər. Amma inanmıram ki, məni qane edən bir əsər ola. Çünki hansısa gözəl əsərin ortaya çıxması hadisəyə çevrilir. Hələlik elə bir gözəl roman adı çəkə bilmirəm. Yaxşı hesab olunan əsərlərin müəllifləri qoy məndən inciməsin. Özümə gəlincə, heç vaxt boş dayanmamışam. Bu qədər işdən sonra qaçdığım yalnız bir səmt var ki, o da ədəbiyyatdır. Amma yazdıqlarımı ortaya çıxarmıram. Çünki mühiti hiss eləmirəm. Son romanım "Erməni adındakı hərflər" adlanır. Bu əsərin mühiti olduğu üçün onu çap etdirəcəyəm. Ayda-ildə bir dəfə şeir də yazıram. Yazıçılıq mənim ən yaxşı göründüyüm səmtdir. Orada çox rahat oluram. O tərəfdə qocalmıram, məni başqa tərəflər qocaldır. Mənim danışığım heç vaxt maraqlı deyil. Mən gizlində xoşbəxt olan adamam. Nə şəkildə yaşayırsam yaşayım, bu masanı hiss eləyən adam deyiləm. Növbətçi sözlərlə parlaq şəkildə çıxış eləmək mənlik deyil. Mənim ağzım boşdur, dilimdə heç nə yoxdur, hamısı içəridən gəlir. Həmişə Azərbaycan xalqını və özümü olduqca maraqlı təqdim etmişəm. Özümü dünya çapında maraqlı yazıçı sayıram. Həmişə məni oxuyanların heyrətini hiss etmişəm. Amma bu, heç məni maraqlandırmır da... Mən özümə inanmasam, belə danışmaram. Ümidim var ki, yüz illər keçəndən sonra da məni oxuyacaqlar. Mənim heç bir dövlətə və sərhədlərə sığmayan fikirlərim var. İnsan 60 yaşından sonra özündən və qoyub getdiklərindən danışa bilər, hətta danışmalıdır da. Gözəl yazıçı olmaq üçün mütləq milli olmaq lazımdır. |