Yeni yaranan mahnıların ömrü niyə bu qədər qısadır?
 |
İradə İbrahimova bunun səbəblərindən danışır
Şənbə, 15.08.2009
|
|
Bu gün mahnı bazarında "bolluqdur". Hansı üslubda istəsən, mahnı tapmaq mümkündür. Lakin onların ömrü çox qısadır. Peşəkar musiqiçilər düşünür ki, mahnının tarixə düşməsi üçün onda məna yükü olmalıdır. Bu tələb ifaçıları da maraqlandırmağa başlayıb. Məsələn, İradə İbrahimova hesab edir ki, yaxşı mahnının ortaya çıxması üçün bəstəkarın rolu mühümdür. Başqa tələblər də var. İradə İbrahimova deyir ki, xaltura mahnıları əvvəlcədən "görə" bilir:
- O saat bilirəm ki, bu oxuyacağım mahnı tanınacaq, sonra unudulacaq. Amma mahnı var ki, mən ona heç bel bağlamıram, amma gözləmədiyim halda populyarlaşır. Bu adətən gənc bəstəkarların mahnılarında olur. Bir də görürsən çox bəsit, nə sözü, nə də musiqisi olan bir mahnı həddən artıq populyar olur. O zaman fikirləşirsən ki, niyə daha sanballı mahnılar qala-qala bu mahnı məşhurlaşdı? Fikrimcə, bu bir zövq məsələsidir.
- Bəstəkarın qarşısına hansısa tələblər qoyursunuzmu? Yoxsa elə "tanınmış bəstəkardır" deyə onun yazdıqlarını oxuyursunuz?
- Xeyr, qətiyyən. Bəstəkar var ki, mən ona yalnız fikrimi bildirir və hansı tərzdə mahnı istədiyimi çatdırıram. Bəstəkar var ki, onun mahnılarından seçim edirəm. Mahnını "bəstəkar populyardır, onun yazdığı hit olacaq" deyə oxumuram.
- Zövq demişkən, mahnıları ifa edərkən kütləni və onun tələbatını duya bilirsinizmi?
- Kütlənin zövqünə uyğun gəlsin deyə oxumuram.
Çalışıram onlar mahnını səbirlə dinləsinlər. Çalışıram onlara mahnılara qulaq asmaq vərdişi təlqin edəm. Çünki bilirəm ki, baş alıb gedən bayağı mahnılar insanlarımızın zövqünü aşındırır.
- Heç səhnəyə çıxarkən görmüşsünüzmü tamaşaçılar siz istəyən dinləyicilər deyil?
- Olur. Amma mən yenə də qəsdən öz istədiyim mahnıları oxumuşam.
- Ümumiyyətlə, azərbaycanlılar necə dinləyicidir?
- Musiqini yaxşı duyan Azərbaycan dinləyicisinin qarşısına çıxıb mahnı oxumaq asan deyil. Bizim dinləyici çıxıb oynamaqdansa, sakitcə əyləşib musiqini dinləyir. Türkiyədən gələn sənətçilər bu hala həmişə heyrət edir, burada özlərini imtahandaymış kimi hiss ediblər.
Amma təəssüf ki, bizdə yaxşı musiqini qiymətləndirməyi bacaran dinləyici azdır. Ölkə estradasında baş alıb gedən ucuz şou-qalmaqallar və bəsit mahnılar insanları yaxşı musiqini dinləmək vərdişindən yayındırıb. Böyük əksəriyyət üçün sanki məlahətli səs yox, özünü "sənətçi" sayanların küçə savaşları və bəsit intriqaları cəlbedici olub.
Amma kimlərsə öz hay-küylü davranışlarını populayarlıq üçün bir nərdivan hesab etsə də, bu boz "sənətçi" kütləsindən fərqlənən bir dairə də var. Onlar bu ümumi hay-küyün, efirin püskürdüyü bu bayağı "sənətin" fonunda sakitcə öz işləri ilə məşğuldur. Onlar üçün yaxşı oxumaq və yaxşı mahnılar təqdim etmək vacib məsələdir.
- Siz Dillər İnstitutunun məzunusunuz. Oranın tələbələri və məzunları Avropa zövqlərinə daha yaxşı yiyələnə və çağdaş musiqidən baş çıxara bilirlər. Amma siz estaradada nəsə mühafizəkar görünürsünüz...
- Başqa insanların fikir və rəylərinə uyğun yaşamaq çoxumuzun qanına işləyib. Mühafizəkarlığın sərt tələbləri sənətdə mənə, əlbəttə, mane olur. Bura elə bir məkandır ki, qohumları və əzizləri bir kənara qoyub sırf sənət uğrunda çarpışırsan. Deyim ki, bizim sənətin yazılmayan qayda-qanunları var ki, mən onları qəbul edə bilmirəm. Bu qayda-qanunlar mənə mane olur və o zaman mühafizəkarlıq deyilən hal üzə çıxır.
- Mahnıların ömrünün qısalığından danışanda estradamızın zəifliyi səbəb göstərilir. Deyirlər ki, ortaya uzunömürlü mahnılar çıxarmaqda Avropa və Rusiyadan xeyli geri qalırıq. Bu fikirləri bölüşürsünüzmü?
- Mövcud problemlərin səbəbkarı təkcə sənətçilər deyil. Mahnıların oxunuşunda, kliplərin çəkilişində istifadə olunan yüksək texnologiyalar bizdə ləng tətbiq olunur. Ölkəmizdə musiqinin səsləndirilməsi və çəkiliş sahəsində texniki imkanlar çox zəifdir.
Kimin imkanı varsa, klipini Avropada çəkdirə bilər. Bu, sırf maliyyə ilə bağlıdır. Əgər həmin məbləğ yoxdursa, o zaman yerli standartlarla hesablaşmağa məcbursan və bizim rejissorlara müracəət etməlisən. Rejissor texniki imkanlarını o zaman yüksəldə bilər ki, konsertlərdən yüksək qonorar ala bilsin.
|
|
|
|
|
|
|