Bir çox sənətçilərin yay istirahətində olduğu bir vaxtda müğənni Elnur işləmək qərarına gəlib. Müğənni Show.az-a açıqlayıb ki, avqustun 22-də Maldiv adalarına üz tutacaq. Həmin tarixdə onun klip çəkilişləri aparılacaq. Müğənni ilə söhbətimizdə bəlli oldu ki, çəkilişdə onunla birlikdə məşhur xanım həmkarlarından biri də iştirak edəcək. Həmin xanım müğənni ilə ingilis dilində dünya hitlərindən birini ifa edib. Daha sonra mahnıya klip çəkdirmək qərarına gəliblər. Konkret danışmayan Elnur mahnının Maykl Ceksonun repertuarından olduğunu istisna etmədi.
Söhbətdən bəlli oldu ki, Elnur səfəri zamanı daha bir klipini də eyni adada ekranlaşdırmaq niyyətindədir. Hazırda iki mahnının adı üzərində dayanan müğənni bunların "Mən sevirəm" və "Gəl və gör" olduğunu bildirdi. Onun ikinci klipində çəkilməsi üçün tərəf-müqabili seçilir: "Maldiv adalarında maraqlı görüntü kadrları alınacaq. Rejissor artıq çəkilişin aparılacağı yerləri bəlli edib. Bütövlükdə - ekran işi, ssenari, tərəf-müqabillər bir-birini tamamlayacaq. Ümid edirəm ki, hər iki ekran işi yeni mövsümün yeni klipləri arasında fərqliliyi ilə seçiləcək".
Lakin sənətçi kliplərini kimə həvalə etdiyi barədə geniş danışmaq istəmədi. Yaradıcı heyətin kimliyini sirr saxlayaraq hətta tərəf-müqabillərindən də danışmaq istəmədi. Layihənin maraqlı olması üçün o, geniş danışmaqdan çəkinir.
Lakin etibarlı mənbədən öyrənə bildik ki, bu isim onun ilk klipindəki tərəf-müqabili müğənni Natəvan Həbibi olmalıdır. Müğənni bildirdi ki, kliplər hazır olandan sonra yeni diski ilə birlikdə təqdimata çıxarılacaq.
|