Qətərin "Əl-Cəzirə" telekanalı Azərbaycanda sənədli film çəkməyə hazırlaşır. "Əl-Cəzirə" telekanalının Tiflisdə yerləşən regional təmsilçiliyinin nümayəndəsi Metyu Kolin bu səbəblə avqustun sonunda çəkiliş qrupunun Bakıya gələcəyini bildirib. Qeyd edək ki, sənədli filmin mövzusu əsrin təhlükəli xəstəliklərindən olan QİÇS-dir. Regional təmsilçilikdən bildiriblər ki, son vaxtlar narkotikdən istifadə səbəbindən Şərqi Avropanın bir sıra ölkələrində HİV virusuna yoluxma halları kəskin artıb. Azərbaycanda çəkilən film bütün dünyada QİÇS-ə qarşı mübarizə ilə bağlı filmin bir hissəsi olacaq. Metyu Kolin deyib ki, çəkiləcək filmin məqsədi QİÇS-in yayılma səbəblərini araşdırmaq, buna qarşı mübarizədə hansı tədbirlərin görüldüyünü qeyd etmək, HİV-ə yoluxanların xəstəxanalarda müayinələrinin necə getdiyini və dövlətin bu problemə necə diqqət ayırdığını göstərməkdir.
|