![]() |
çap et |
|
|||
Avqustun 5-də Bakı yaxınlığında mülki şəxslərlə, Dövlət Neft Şirkəti əməkdaşları və polis arasında baş vermiş kütləvi iğtişaşlarla əlaqədar həbslər davam edir. Bu barədə hadisə yerində olmuş "Ayna" əməkdaşına yerli sakinlər məlumat veriblər.
Belə ki, Abşeron rayonunun Hökməli kəndi ilə Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsinin Sulutəpə yaşayış massivi arasında olan yeni yaşayış massivində elan edilməmiş fövqəladə vəziyyət hökm sürür. Ərazidə nabələd adam və ya avtomobil görən hər kəs təşviş və vahimə içində evinə çəkilir. "Atəşkəs" tez-tez pozulur Əcnəbi jurnalistlərlə hadisə yerində olan "Ayna" əməkdaşı da bu deyilənlərin şahidi olub. Ərazidə başqa bir avtomobil də var və bu avtomobil sökülmüş bir evin yanında saxlanmışdı. İki nəfər isə əllərində kağız-kuğuz tutaraq ərazini ölçüb-biçirdilər. Ərazidə kimsənin gözə dəymədiyi üçün həmin şəxslərə yaxınlaşdıq. Məlum oldu ki, bu şəxslər Xocasən bələdiyyəsinin əməkdaşlarıdır və sökülmüş evin onların verdiyi sənədlə tikilib-tikilmədiyini yoxlayırlar. Adlarının çəkilməsini istəməyən bələdiyyə əməkdaşlarının özləri də sakinlərin evlərinin polis və neft şirkəti əməkdaşları tərəfindən sökülməsini ədalətsizlik kimi dəyərləndirdilər. Bir qədər də ərazidə dolaşıb, dağıdılmış daxmalar və ikimərtəbəli evlərə tamaşa edirdik ki, təxminən 100-150 metr aralıda, son zamanlar dəbdə olan ifadə ilə qeyd etsək, "cəbhə xəttində" salamat qalmış yarımçıq bir evin həyətinə qadınların toplaşıb bizi müşahidə etdiklərini gördük. Sonradan bildik ki, qadınlar bizi polis bilmiş və növbəti hücum üçün plan cızıldığını zənn edirmişlər. Bu səbəbdən də yeni məhəllənin cəsur xanımları "səfərbərlik" elan etmişdilər. Sözsüz ki, kişilər, hətta yeniyetmələr də gözə dəymirdi... Yaşayış massivindəki xanımların "səfərbər"liyi Qaydasız döyüşün heç bir qanunu olmadığını az-çox milli televiziya kanallarından seyr etdiyimizə görə (yeri gəlmişkən, telekanalların bu qəddar döyüş növünü reklam etməkdə məqsədlərinin nədən ibarət olduğunu da anlamaq olmur -İ.A.) cəsur xanımların bizi "düşmən" gözündə görəcəyini istisna etmək olmazdı. Bu baxımdan ağıllı tərpəndik və vaxtı itirmədən, yəni onların sayı çoxalmadan özümüzü "səngərə" yetirdik - bu döyüşdə "ağ bayrağımız" olan vəsiqələrmizi göstərərək "düşmən" olmadığımızı tez onların diqqətlərinə çatdırdıq. Əvvəl bir qədər tərəddüd edən xanımlar, daha sonra danışmağa başladılır. Sözsüz, xanımların heç biri ad və soyadının çəkilməsini istəmədi. Bəli, bunun da səbəbləri var imiş. Xanımların dediyinə görə, kimin adı qəzet səhifəsinə çıxırsa - səhərisi polis evinə basqın edir və ələ keçən kişi tayfasını qandallayıb aparır. Xanımlar adlarını deməsələr də, yaşayış massivinin salınma tarixindən, son olaylara qədər hər şeyi detallarına qədər və bir qədər də çılğınlıqla izah etdilər. Onu da qeyd edək ki, xanımların ləhcəsindən bilmək olurdu ki, bu ərazidə Azərbaycanın bütün bölgələrindən insanlar gəlib məskunlaşıblar. Aralarında lənkəranlı, imişlili, ağsulu, fizulili, cəbrayıllı və bakılı da var idi. Xanımların xor şəklində verdikləri məlumatdan o da məlum oldu ki, ərazidə 10 il və cəmi bir-neçə ay əvvəl də ev tikib məskunlaşanlar var. Əksəriyyətinin də əlində Xocasən bələdiyyəsinin fərdi ev tikmək üçün torpaq satdığını özündə əks etdirən möhürlü-imzalı sərəncamı da var idi. "Bu, dövlətimin gerbi, bu da möhürü" "Bu mənim dövlətimin gerbi, bu da onun möhürü - məgər bu sənəd deyil?", - deyə 40-45 yaşlarında bir qadın əlində şələlədiyi kağız-kuğuz və qəzet topasının içindən Xocasən bələdiyyəsinin ona verdiyi kağızı çıxarıb ehtiyatla bizə təqdim etdi. Üç səhifədən ibarət olan bu sənədə əlavə olaraq evin eskizləri və layihəsini də özündə əks etdirən bir kağızla da rastlaşdıq. A4 formatda adi ağ kağız üzərində əllə çəkilmiş eskizə bir xeyli tamaşa etsək də, bir şey başa düşmədik, açığı, həmin kağızda nə küçə, nə də ünvan var idi. Sadəcə, Bakı-Şamaxı şosesinin sol tərəfi, Hökməli qəsəbəsinin altı və sair kimi istiqamətlə nişan verilən fərdi ev tikintisi üçün ayrılan yerin müəyyənləşdirilməsi də sadə bir iş deyildi. Sözsüz ki, yəqin kartoqraflar bu cızmaqaradan nəsə anlaya bilərdi, amma biz heç nə anlamadıq. "Mənə balamı verin" Bu arada xanımların bir qismi xor şəklində dərdlərini bizə anladır, gənc qız-gəlin isə qonşuları haraylamaqda idi. 15-20 dəqiqə keçməmişdi ki, ətrafımıza 50 nəfərdən artıq xanım toplaşmışdı. Ən dramatik mənzərə isə, baş vermiş iğtişaşa görə həbs edilmiş 43 yaşlı Mais Muxtarovun ağbirçək anasının gəlib çıxmasından sonra baş verdi. Ağ saçlarını yola-yola gəlib çıxan ana yəqin ki, bizi çox böyük adam (vəzifəli) hesab edərək yalvarırdı ki, oğlunu azad edək. Ağlayaraq oğlunun vərəmli xəstə olduğunu və bu səbəbdən 40 yaşında evləndiyini, bir körpə balasının olduğunu, daha nələr-nələr deyərək fəryad edən qadın, "balamı verin!" deyə hayqırırdı. Nəhayət, bir neçə gənc kişi də bizim "zərərsiz" olduğumuzu görüb bizə yaxınlaşdı. Amma onlar hətta səslərinin yazılmasından ehtiyat edərək işarələrlə bizimlə danışmağa başladılar. Sakinlər and-aman etdilər ki, torpağı pulla alıb, üstündəki tikilini də müvafiq dövlət qurumlarının əməkdaşlarına "hörmət" və "şirinlik" verməklə tikiblər. Heç kim də gəlib deməyib ki, yaşamaq olmaz, burada neft var və sairə. "Bəs bizi hansı telekanalda göstərəcəksiniz?" Yeri gəlmişkən onu da qeyd edim ki, heç geoloq da deyiləm, bu səbəbdən yerin altında neftin olub-olmadığı haqqında bir söz deyə bilmərəm. Amma evlər tikilən ərazidə neft quyuları ilə rastlaşmadıq. Ərazidə xırda palçıq vulkanının isə "izləri" vardı. Bunun özü isə ondan xəbər verirdi ki, bu ərazi yaşayış evlərinin tikilməsi üçün yararlı deyil. Amma insanlardan pul alıb, onlara torpaq satıb, müvafiq rüşvət hesabına tikdiklərinə göz yumub sonradan da həmin tikilinin sakinlərin başına uçurulması da heç bir məntiqə uyğun gəlmir. Hüquqşünas olmasam da, onu yəqin bilirəm ki, hətta qanunsuz tikilinin belə sökülməsi üçün məhkəmənin qərarı lazımdır. Amma Azərbaycan gerçəkliyində elə hallar da olur ki, hətta məhkəmənin qərarları da çox vaxt icra olunmur. Ən nəhayət, sakinlər evlərinin sökülməsi və yaşayış massivində baş vermiş toqquşmadan sonra polisin həyata keçirdiyi həbslər, hətta yoların bərbad vəziyyətdə olmasından da xeyli danışıb son məqamda danışdıqlarının hansı telekanalda nümayiş olunacağını soruşdular. Hərçənd bu sualın özü də bu qəsəbədə baş verənlər kimi çox anormal idi. Çünki əgər bizdə kamera yox idisə və heç kimi çəkmirdiksə, bu halda kimi və ya nəyi hansısa "X" telekanalında göstərə bilərdik. Əlqərəz, sakinlər danışdıqlarının heç bir telekanalda çıxmayacağını bilib bir az qəhərlənəndən sonra adını çəkmək istəmədiyim telekanalları da eninə-uzununa bu quru təpədə "yaş yuyub, quru sərdilər". Ən maraqlı məqam isə, üzləşdikləri çox ağır sınağa baxmayaraq, sakinlərin prezidentə sədaqət nümayiş etdirmələri idi. Hamı hesab edirdi ki, bu boyda həngamədən ölkənin birinci şəxsinin xəbəri yoxdur. Bələdiyyəçilər də başını itirib Paradoksal hal budur ki, yaranmış bu problemə görə, məsuliyyət daşıyacaq adam elə deyəsən bu sakinlərin özləri olacaq. Həbs edilənlərin sayını dəqiqləşdirməyə müvafiq ola bilməsək də, sakinlərin dediklərindən belə başa düşmək olurdu ki, 10 nəfərdən artıq sakin tutulub. Eyni zamanda tutulub-buraxılanların da sayı 10 nəfərdən az deyil. Amma sakinlərin hər kəsin az qala gözünə soxduğu kağızın Xocasən qəsəbə bələdiyyəsi tərəfindən verildiyinə görə, bu ünvana da üz tutduq. Məlum oldu ki, baş verənlər bələdiyyəni evi sökülən və ya sökülmək təhlükəsi ilə üz-üzə olan sakinlərdən heç də az silkələməyib. Bələliyyənin sıravi işçisindən tutmuş, sədr əvəzinə qədər hamı narahat və gərgin idi. Bələdiyyə sədrinin əvəzi Qəhrəman Qəhrəmanlı ilə söhbət zamanı məlum oldu ki, o bu vəzifəni 3-4 aydır üstünə götürüb. Bu müddət ərzində də kiməsə torpaq satılmayıb. O da polisdə və prokurorluqda araşdırmanın getdiyini və günahkarların cəzalanacağına ümid etdiyini dedi. Yeri gəlmişkən, bir neçə ay əvvəl Xocasən bələdiyyəsinin keçmiş sədri Zəfər Məsimov vəzifə səlahiyyətlərini aşma, rüşvət alma və talamada ittiham edilərək həbs edilib və hazırda onun işi ilə bağlı məhkəmə prosesi gedir. Ondan əvvəl Xocasən bələdiyyəsinin sədri olmuş Ədalət Seyidovun da həbs edildiyi və sonradan azad edilməsi barədə söz-söhbət gedir. Bir sözlə, bu bələdiyyənin tarixçəsinə də bir qədər nəzər yetirəndə əslində ərazidə nələrin baş verdiyini təsəvür etmək bir o qədər də çətin deyil. Səbr edək! Rəsmi məlumatlara istinadən xatırladaq ki, avqustun 5-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində, Abşeron rayonunun Hökməli kəndi yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan ərazilərdə qanunsuz tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahələrinin qaytarılması ilə əlaqədar həmin şirkətin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər zamanı bir qrup şəxs Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq edərək daş və digər əşyalarla onlara xəsarət yetiriblər. Nəticədə ARDNŞ işçilərindən və polis əməkdaşlarından 20 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə zamanı xəsarət almış 5 polis əməkdaşı DİN-in Hospitalına yerləşdirilib. Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan CM 222-2.1-ci (qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yol qurğularının, müdafiə obyektlərinin, su təchizatı və neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti işləri aparma), 188-ci (torpaq üzərində mülkiyyət hüququnu pozma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir. Gözləyək... Axı biz səbirliyik. Məsələn, Azərbaycanın dilbər güşəsi 16 ildir ki, işğal altındadır, məgər dözmürük... |