Yeniyetmələrin intihara cəhd etməsilə bağlı xəbərlərin çoxalması narahatlıq doğurur. Uşaq Hüquq Klinikasının rəhbəri Nazir Quliyev uşaqların intihar etməsini məktəblərdə psixoloji işin zəif aparılması ilə əlaqələndirir. Onun dediyinə görə, psixoloqların fəaliyyətilə bağlı orta məktəblərdə keçirilmiş sorğuların nəticəsində bu fikrə gəlinmişdir.
Nazir Quliyev deyir: "Uşaqların əksəriyyəti psixoloqla bağlı sualları gülüşlə qarşılayıb. Çoxluq psixoloqun fəaliyyətinin nədən ibarət olduğunu anlamır. Psixoloqlara belə bir münasibətin nəticəsidir ki, problemləri olan yeniyetmələr psixoloqa müraciət etməkdən çəkinirlər".
Nazir Quliyev deyir ki, xarici ölkələrdə məktəblər və ya uşaqlarla işləyən müəssisələrdə psixoloq və hüquqşünasın fəaliyyətinə ciddi diqqət yetirilir. Azərbaycanda isə məktəblərdə psixoloji yardımlar göstərilmir. Bundan başqa, ailələrdə də uşaqlarla iş zəif aparılır, uşağın ehtiyacları öyrənilmir, valideyn uşağı dinləmir. Nəticədə isə kimisi evdən qaçır, kimisi də cinayət törədir. Problemdən çıxış yolu tapa bilməyənlər intihara cəhd edirlər. Nazir Quliyevin hesab etdiyinə görə, intiharların baş verməsinin 80 faizi psixoloji amillərlə bağlıdır.
Söhbət əsnasında öyrəndik ki, Uşaq Hüquq Klinikası bölgələrdə uşaqların problemlərinə dair araşdırmalara başlayıb. Nazir Quliyev söyləyir ki, uşaqlara qarşı zorakılığın baş verməsi, yeniyetmələrin cinayət törətməsi, küçə uşaqlarının sayının artması və digər problemlər ölkədə uşaq müdafiə sisteminin zəif qurulmasıyla bağlıdır.
Nazir Quliyev əmindir: "Azərbaycanda uşaq müdafiə sisteminin yaradılmasına, yeni mexanizmin işlənməsinə ehtiyac var. Uşaqlarla işləyən qurumların fəaliyyəti zəif qurulub. Məsələn, yeniyetmələrlə iş üzrə komissiyalar rayon daxilində 35-36 mindən çox uşağı əhatə edə bilmir".
Klinika rəhbəri uşaqların internetdən, mobil telefonlardan səmərəsiz istifadə etməsini nəzarətsizliklə əlaqələndirib: "Uşaqlar pornoqrafik saytlarla maraqlanır, asudə vaxtlarını səmərəli keçirə bilmirlər. Buna görə də uşaq müdafiə sisteminin yaradılması, mexanizmin işlək vəziyyətə gətirilməsi ilə bağlı təkliflər hazırlanıb. Uşaq Hüquqları üzrə QHT Alyansının təşkilatçılığı ilə Alternativ hesabat hazırlanarkən təkliflər də veriləcək".
|