Ali məktəblərdə ümumilikdə 1554 boş yer qalıb. Bu barədə dünən TQDK sədri Məleykə Abbaszadə 2009/2010-cu tədris ili üçün ali məktəblərin bakalavr pilləsinə keçirilən imtahanların yekunları ilə bağlı öz mətbuat konfransında məlumat verib ("Turan").
Boş qalmış yerlərə əlavə qəbul avqustun 7-dən 11-dək keçiriləcək. TQDK sədri demişdir: "Abituriyentlər elektron ərizədə ali məktəblərin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər".
M.Abbaszadə onu da bildirib ki, 250 keçid balı toplamış abituriyentlər boş qalmış yerlərə sənəd vermək hüququna malikdir. Boş qalan yerlərin əksəriyyəti özəl və regiondakı ali məktəblərdədir.
Ali məktəblərə daxil olan tələbələrə qeydiyyatdan keçmək üçün avqustun 7-dən 17-nə kimi vaxt verilir. Qeydiyyatdan keçməyən abituriyentlər ixtisasdan imtina etmiş kimi göstəriləcəklər.
M.Abbaszadə qeyd edib ki, I ixtisas qrupunda 7 boş yer qalıb. Bu qrupda ali məktəbə qəbul olmayanların isə 991 nəfəri keçid balını toplayıb. II ixtisas qrupunda Azərbaycan bölməsində 584, rus bölməsində 6 boş yer qalıb. Burada isə 741 nəfər keçid balı toplayıb. III ixtisas qrupunda 288 boş yer var ki, bu yerlərə də 1867 nəfərin müraciət etmək hüququ var.
M. Abbaszadə bildirib ki, IV qrup abituriyentlərinin biri 550-575 bal toplasa da, heç bir ali məktəbə daxil ola bilməyib. Buna səbəb onun seçdiyi ixtisasların hamısının qəbul balının 600-dən yuxarı olmasıdır. IV qrupda isə boş yer qalmayıb (APA).
Ali məktəblərdə boş qalan yerlərlə bağlı məlumatlar, ixtisas kodları "Abituriyent" jurnalının 7-ci sayında dərc edilmişdir.
"Ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanan gün TQDK internet saytında yaranan problem bizimlə bağlı deyil". Bunu isə jurnalistlərin suallarını cavablandırarkən komissiya sədri vurğulayıb.
Onun sözlərinə görə, saytda bir saniyə ərzində 80 min nəfərə cavab vermək imkanı var: "İstifadəçilər bizim müqaviləmiz olan provayderlə sayta daxil olsalar, o zaman belə problemlər yaranmaz. Amma Azərbaycanda onlarla provayder var, onların özlərinin də öz arasında müqavilələri var. O müqavilələrdə də müəyyən internet sürəti göstərilib ki, bu sürətdən artıq şəxs daxil olduqda belə problemlər yaranır. Ona görə də bu, bizdən asılı olan bir məsələ deyil, ölkədə olan internet sisteminin problemidir".
|