![]() |
çap et |
|
|||
"İRƏLİ" ictimai birliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatlarının Milli Şurası birgə olaraq 8-17 avqust 2009-cu il tarixləri arasında Qazax şəhərində yerləşən Milli Olimpiya Kompleksində "Gənc Liderlər üçün Yay Universiteti" adlı layihəyə start verir. Bu barədə "Ayna"ya "İRƏLİ" ictimai birliyinin sədri Ceyhun Osmanlı xəbər vermişdir.
Qeyd etmək lazımdır ki, yay məktəbini iştirakçıların sayına və proqramının zənginliyinə görə son illərin Azərbaycanda keçirilən ən yaxşı düşərgəsi hesab etmək olar. Layihə çərçivəsində 100 nəfər gənc lider üçün ritorika və natiqlik bacarıqları, liderlik təlimləri, işgüzar etiket, layihələrin yazılması və idarə olunması, insan hüquqları, şəbəkələşmə, müasir internet texnologiyaları mövzusunda təlimlər, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və azərbaycançılıq ideyası haqqında mühazirələr keçiriləcəkdir. Bununla yanaşı, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə maraqlı intellektual oyunlar, ekskursiyalar, idman yarışları, mədəni-əyləncəli proqramlar təşkil olunacaqdır. Yay Universiteti çərçivəsində həmçinin gənclər ətraf rayonlara müxtəlif səfərlər edəcək, o cümlədən sərhədyanı hərbi hissəni ziyarət edəcəklər. ![]() Proqramın düşərgə iştirakçılarının gələcəkdə dövlət qulluğuna cəlb olunması baxımından da əhəmiyyəti vardır. Bunun üçün gənc liderlərin hazırlığına xüsusi diqqət ayrılacaq, gənclərin müxtəlif dövlət xadimləri - Prezident Administrasiyasının şöbə müdirləri, nazirlər, millət vəkilləri və digər ekspertlər ilə görüşləri və interaktiv müzakirələri reallaşdırılacaqdır. Yay Universiteti ərzində gənclərin gənclər və idman naziri Azad Rəhimov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkillərindən Əli Hüseynov, Qənirə Paşayeva, Rövşən Rzayev, Aydın Mirzəzadə, Asim Mollazadə, tarixçilər Cəmil Həsənli, Eldar İsmayılov, politoloq Rasim Musabəyov, jurnalistlərdən Qulu Məhərrəmli, Rəşad Məcid, mədəniyyət xadimlərindən Fəxrəddin Manafov, Tünzalə Ağayeva, Tahir İmanov, hüquqşünaslardan Lətif Hüseynov, Rövşən İsmayılov, Səadət Yusifova, Otari Qvaladze, Nadir Adilov, Anar Bağırov, GRBS şirkətinin təlimçiləri Bəhram Qurbanov, Fidan Əzimov, Elektron və İnternet Texnologiyaları üzrə mütəxəssislər Elnur Baimov, Mikayıl Məmmədov, Qazax rayon icra hakimiyyətinin başçısı Rauf Hüseynov, Ağstafa rayon icra hakimiyyətinin başçısı Elxan Usubovun qonaqlarla görüşü təsdiq olunmuşdur. Layihədə ictimai fəallığı ilə seçilən 100 gənc iştirak edəcəkdir. Bu gənclər əsasən "İRƏLİ" ictimai birliyinin fəalları, müxtəlif gənclər təşkilatları və ali məktəblərin tələbə-gənclər təşkilatlarının liderlərindən ibarətdir. Layihənin açılış mərasimi avqustun 9-da səhər saat 10:00-da Qazax şəhərində yerləşən Olimpiya Kompleksində keçiriləcək. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, "İRƏLİ" ictimai birliyinin sədri Ceyhun Osmanlı və Gənclər Təşkilatlarının Milli Şurasının sədri Fuad Muradov iştirak edəcəklər. |