"Dini Etiqad Azadlığı" haqqında qanuna dəyişikliklərin nəticəsi özünü çox gözlətmədi. "Dini mərasimlərin yalnız Azərbaycanda ruhani təhsil alan xadimlər tərəfindən aparılması" maddəsi bir sıra müşahidəçilər tərəfindən birmənalı qarşılanmasa da, digər tərəfdən çoxdan yarıleqal fəaliyyət göstərən İslam Unversitetinin taleyinə aydınlıq gətirib. Bu unversitet dini təhsil verən ali təhsil müəssisəsi sayılsa da, təhsil ocağı kimi özünü rəsmən təsdiqləyə bilməmişdi. Daha çox mədrəsə tipli təhsil müəssisəsini xatırladan bu universitet yeni islahatlara hazırlaşır.
Beləliklə, universitetin rayon filialları fəaliyyətini dayandırır. Bu ildən universitetin rayon şöbələrinə tələbə qəbulu aparılmayacaq.
Bunu APA-ya açıqlamasında universitetin rektoru Hacı Sabir Həsənli bildirib. Rektor bu il universitetə qəbulla bağlı da müəyyən gecikmənin olduğunu söyləyib:
"Etiraf etməliyəm ki, bu il İslam Universitetinə qəbulla bağlı gecikmə var. Bu da Təhsil Nazirliyi tərəfindən İslam Universitetinə verilməsi nəzərdə tutulan lisenziyanın gecikməsi ilə bağlıdır". S. Həsənli Təhsil Nazirliyinin lisenziyasında yeni qəbul qaydalarının da yer aldığını qeyd edib: "Universitetimiz bu günədək lisenziyasız fəaliyyət göstərib. "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklikdən sonra isə İslam Universitetinin dövlət qeydiyyatına alınması, yəni legitimləşdirilməsi məsələsi ortaya çıxdı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsinin Təhsil Nazirliyi ilə birgə apardığı müzakirələr nəticəsində universitetə lisenziya verilməsinə razılıq verildi. Lisenziya verilmədən isə universitetə qəbul aparmaq qanunla yolverilməzdir".
Lisenziya veriləndən sonra universitetin fəaliyyətində bəzi dəyişiklər baş verəcək: "Lisenziyanın şərtlərinə əsasən universitetin rayon şöbələri fəaliyyətini dayandırmalıdır. Məhz buna görə də bu ildən İslam Universitetinin Zaqatala, Lənkəran və sairə şöbələrinə qəbul olmayacaq. Lakin həmin şöbələrdə oxuyan tələbələr İslam Universitetinin tələbəsi kimi təhsillərini davam etdirəcəklər. Onlara şərait yaradılacaq ki, təhsillərini başa çatdırsınlar. Bundan sonra isə bütün rayon şöbələri fəaliyyətini tam dayandıracaq".
Bakı İslam Universiteti 15 ildən artıqdır fəaliyyət göstərir. Filiallar da daxil olmaqla 1000-dən çox tələbəsi var.
|