Gürcüstan və Azərbaycanın regional layihələrdə birgə çıxış etməsi hər iki dövlət üçün prioritetə çevrilib. Gürcüstanın ölkəmizdəki səfiri dünənki mətbuat konfransında Azərbaycanı Gürcüstan üçün "tərəfdaş və yaxın ölkə" kimi qiymətləndirdi.
"Azərbaycan Gürcüstanın tərəfdaşıdır və gələcək işlərimizdə də tərəfdaş olaraq qalacaq". APA-nın məlumatına görə, Gürcüstan səfiri Nikoloz Nadbiladze mətbuat konfransında belə bir açıqlama ilə çıxış edib. "Biz Azərbaycanla yaxınıq, bir neçə ümumi layihəmiz var. Azərbaycan bizim indiki və gələcək tərəfdaşımızdır", - deyə səfir qeyd edib. Gürcüstanın Rusiya ilə münasibətlərinə gəldikdə, Nadbiladze deyib ki, rəsmi Tiflis Moskva ilə dialoq içindədir və bu dialoqda çox şey Rusiyanın gələcək hərəkətlərindən asılıdır.
Səfir ötənilki Rusiya təcavüzü nəticəsində yaranan şəraitin hər iki ölkənin iqtisadiyyatı üçün vacib olan Bakı-Tiflis-Qars dəmir yol layihəsini təxirə salacağını bildirib.
Beləliklə, Bakı-Tiflis Qars dəmir yol layihəsinin təxirə düşəcəyi barədə xəbərlər təsdiqini tapdı. APA-nın məlumatına görə, səfir Nikoloz Nadbiladze deyib ki, layihənin tamamlanması ötən ilin avqust hadisələri və eləcə də bir sıra texniki səbəblərdən ləngiyə bilər.
Xatırladaq ki, avqustun 3-də "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-nin direktoru Bidzina Breqadze Gürcüstan KİV-ə bildirmişdi ki, layihə üzrə işlərin qrafiki bir sıra texniki problemlər üzündən pozulub. Gürcüstan və Türkiyəni birləşdirən tunelin tikintisi zamanı məlum olub ki, bu ərazinin sürüşmə təhlükəsi var: "Ona görə də layihədə dəyişiklik edilməsi zəruridir".
Layihənin ümumi dəyəri 600 mln. dollardan artıqdır. Dəmir yolun Gürcüstan hissəsinin çəkilişini Azərbaycanın "Azərinşaatservis" şirkəti həyata keçirir. Türkiyə ərazisində Gürcüstanla sərhəddən Qarsa (Türkiyə) qədər uzunluğu 76 km olan yeni xətt çəkiləcəkdir.
Səfirin jurnalistlərlə görüşdüyü gün Rusiya ilə Gürcüstan arasında hərbi qarşıdurmanın ildönümünə təsadüf edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu münasibətlə Gürcüstanda silsilə tədbirlər keçiriləcək. Ölkə ərazisində bu müharibədə həlak olanların xatirəsini yad etmək üçün 1 dəqiqəlik sükut elan olunacaq, bütün kilsələrdə zənglər çalınacaq.
Gürcüstanın Qori şəhərində təşkil ediləcək tədbirdə müharibədə həlak olan uşaqların şəkilləri nümayiş etdiriləcək, xüsusi hazırlanmış dekorativ divarlarda müharibəni əks etdirən fotoşəkillərin sərgisi olacaq. Eyni zamanda, Qori gəncləri 32 metr uzunluğunda Gürcüstan bayrağını Qori qalasında dalğalandıracaq, sonra 2 min nəfər əl-ələ tutub canlı zəncir yaradacaqlar.
Tədbirlər gecə saat 24:00-da "7 Avqust" Hərəkatının təşkilatçılığı ilə Tiflis şəhərindəki Narınqalada Gürcüstanın birlik rəmzi kimi böyük tonqal yandırılması ilə yekunlaşacaq.
Gürcüstan hökuməti avqust müharibəsi ilə bağlı hesabat dərc edib. Xəbərə görə, avqustun 6-da Tiflisdəki "Geortyard Marriott" hotelində "Rusiyanın Gürcüstana qarşı həyata keçirilmiş tammiqyaslı təcavüzü ilə bağlı hesabat"ın təqdimat mərasimi keçirilib.
Gürcü və ingilis dillərində kitab şəklində dərc olunmuş hesabata üzərindən "məxfi" qrifi götürülmüş sənədlər daxil edilib. Kitab 9 fəslə ayrılıb və müharibəyə aid audio-video materialları əks etdirən kompakt-disklə birgə buraxılıb. Diskdə Rusiya hərbçilərinin gizli radiodanışıqları da əksini tapıb. Bir neçə nazirlik tərəfindən hazırlanan hesabatın informasiya təminatı işinə reinteqrasiya məsələləri üzrə nazir Temur Yakobaşvili rəhbərlik edib.
Kitabın təqdimat mərasimində Gürcüstanın hökumət və parlament üzvləri, əcnəbi diplomatlar və ictimai xadimlər iştirak ediblər. Tədbirdə çıxış edən Qafqaz Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Mamuka Areşidze kitabın rus dilində də çapının vacibliyini bildirib. Xarici işlər naziri Qriqol Vaşadze qeyd edib ki, dərc olunan məxfi sənədlər Gürcüstanın müharibədən yayınmaq istədiyini göstərir: "Amma Rusiyanın müdaxiləsi başladığından, rəsmi Tiflis öz planlarını həyata keçirə bilmədi".
|