 |
Hərbi xidmətə çağırışın yeni qaydaları ortaya xeyli problemlər çıxarıb
Şənbə, 08.08.2009
|
|
Dünən Müdafiə və Təhlükəsizlik sektoruna İctimai Nəzarət Koalisiyası 2009-cu ilin iyul ayında və ümumilikdə, ilin 7 ayı ərzində Azərbaycan Silahlı Qüvvələrində baş verən itkiləri açıqlayıb. Məlumatda bildirilib ki, 2009-cu ilin iyul ayında 6 hərbi qulluqçu həyatını itirib, ötən ay 6 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb.
Araşdırmalar göstərir ki, 1 hərbi qulluqçu intihar edib, 2 nəfər naməlum səbəbdən dünyasını dəyişib. Müvafiq dövrdə qeyri-nizamnamə hallarından, bədbəxt hadisələrdən həyatını itirənlər də var. Siyahı belədir:
İtkilərin xronologiyası
4 iyul. Bakıda N saylı hərbi hissənin əsgəri, Astara rayon hərbi komissarlığı tərəfindən 2009-cu il yanvarın 10-da hərbi xidmətə çağırılmış Şəhriyar Əsgərov qarovulda olarkən naməlum şəkildə ölüb. İntihar etdiyi bildirilir.
6 iyul. 1990-cı il təvəllüdlü əsgər Mustafayev Teymur Sabir oğlu Ağdamda N saylı hərbi hissədə həlak olub. Əsgər bu ilin yanvarında Gəncə şəhərinin Nizami rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Ölümün səbəbləri bəlli deyil.
13 iyul. Mətbuatda Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə iki əsgərin tabe olduğu 8 nəfərlik komandir heyətini avtomat silahlardan atəşə tutduğu xəbəri yayılıb. Nəticədə leytenant rütbəli hərbi qulluqçunun yaralandığı, bir gizirin həlak olduğu bildirilib.
16 iyul. Azərbaycanın Balakən rayonu ərazisində Rusiya, Azərbaycan və Gürcüstan sərhədi sayılan Qubek dağlarında yerləşən "Üç nöqtə" adlanan ərazidə Azərbaycan sərhədçiləri ilə dövlət sərhədini pozmağa cəhd göstərən silahlı şəxslər arasında atışma olub. Hadisə zamanı yaralanan Zaqatala Sərhəd Dəstəsinin əsgəri, 1990-cı il təvəllüdlü, Sumqayıt hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Bəhruz Əsgər oğlu İsayev Balakən Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
20 iyul. Bərdədə N saylı hərbi hissədə Hüseynov soyadlı əsgərin döyülərək ölümcül hala salındığı bildirilib.
22 iyul. Dövlət Sərhəd Xidmətinin əsgəri, 2001-ci il təvəllüdlü, Yardımlı rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmış Elsevər Çingiz oğlu Quliyev Qusarda Samur çayında boğulub.
24 iyul.
Mətbuatın yazdığına görə, Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə təlim zamanı partlayış baş verib. Hadisə nəticəsində Ağcabədi rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış bir əsgər həyatını itirib, üç əsgər isə ağır yaralanıb.
28 iyul. Beyləqandakı hərbi hissələrdən birində hərbi xidmət keçən Bakı şəhər sakini Tural Qəhrəmanov vəfat edib. Turalın ölümü ilə bağlı hərbi komissarlığın verdiyi arayışda onun böyrək çatışmazlığından vəfat etdiyi göstərilib. Ailə üzvləri isə Turalın sağlam olduğunu deyir. Onların sözlərinə görə, Tural Qəhrəmanov hərbi xidmətə 10 gün öncə başlayıb. Hərbi Komissarlıqda tibbi yoxlamadan keçən Qəhrəmanovun sənədlərində onun tam sağlam, əsgərliyə yararlı olduğu yazılıb. Ali məktəbi bu il bitirən Tural prezident təqaüdçüsü olub...
Beləliklə, 2009-cu ilin yanvar - iyul aylarında Azərbaycan Silahlı Qüvvələrində baş vermiş itkilərin ümumi sayı 38 nəfər təşkil edir. Müdafiə və Təhlükəsizlik sektoruna İctimai Nəzarət Koalisiyasının məlumatlarına görə, itkilərin 11-i döyüş (8-i erməni gülləsi, 2-si mina partlayışı, 1-i əməliyyat), qalanları isə qeyri-döyüş itkiləridir. Müvafiq dövrdə qeyri-nizamnamə hərəkətlərindən 17, xəstəlikdən isə 4 hərbi qulluqçu həyatdan gedib. Yanvar - iyul aylarında 3 hərbi qulluqçunun intihar etdiyi bildirilir.
Ötən müddətdə həyatını itirmiş hərbi qulluqçuların 3-ü Dövlət Sərhəd Xidmətində, qalanları isə Müdafiə Nazirliyi sistemində xidmət edirdi.
Qeyri-döyüş itkiləri döyüş itkilərini üstələyir
Beləliklə, ekspertlərin fikrincə, Silahlı Qüvvələrdə qeyri-nizamnamə, intihar halları və bədbəxt hadisələr artan xətt üzrə inkişaf edir. İctimai Nəzarət Koalisiyası ekspertlərinin hesablamalarına görə, 2003-2009-cu illərdə - 79 ay müddətində Azərbaycan Silahlı Qüvvələri ən azı 369 hərbi qulluqçusunu itirib. Onun 145 nəfəri döyüş (120 nəfəri erməni gülləsi, 21 nəfər mina və sursat partlayışı, 4 nəfər əməliyyat tədbirləri), 224 nəfəri isə qeyri-döyüş (47 nəfər intihar, 29 nəfər qəza, 73 nəfər qeyri-nizamnamə hərkətləri, 35 nəfər bədbəxt hadisələr, 15 nəfər müəmmalı və naməlum vəziyyətlər, 25 nəfər müxtəlif xəstəliklər) itkiləridir.
Cari ildə 19 hərbi qulluqçumuz yaralanıb və ya xəsarət alıb. Ümumilikdə, 2003-cü ildən bəri bu və digər səbəblərdən yaralanan və ya xəsarət alan hərbi qulluqçuların sayı 286 nəfərdən çoxdur. Qeyd edək ki, itkilərlə bağlı rəqəmlər KİV və EİV üzərində aparılmış monitorinq nəticəsində ortaya çıxıb.
"Müdafiə Nazirliyinin hərəkəti ictimaiyyətdə qıcıq yaradır"
Müdafiə və Təhlükəsizlik sektoruna İctimai Nəzarət Koalisiyasının koordinatoru ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli güc strukturları tərəfindən cəmiyyətə itkilərlə bağlı məlumatın verilmədiyini qeyd etdi: "Bizim koalisiyanın yaydığı məlumatları bəzən "qərəzli" hesab edirlər, amma özləri ortaya həqiqi siyahını qoymaqdan çəkinirlər". Y.Cəfərli Silahlı Qüvvələrdə profilaktik tədbirlərin keçirilmədiyinin neqativ hallara səbəb olduğunu deyir: "Çox təəssüf ki, neqativ hallara münasibətdə Müdafiə Nazirliyi özünə haqq qazandırmağa çalışır. Bu isə haqlı olaraq ictimaiyyətdə qıcıq yaradır. Xüsusilə Müdafiə Nazirliyinin bir sıra KİV-ə qarşı qərəzli mövqe tutması anlaşılmazdır".
Yaşar Cəfərli bildirdi ki, orduda baş verən çoxsaylı neqativ halların araşdırılmasında ictimaiyyət nümayəndələrinin, KİV-in iştirakına imkan verilməməsi başa düşülmür: "Əgər Azərbaycan Silahlı Qüvvələri müasir standartlara, NATO sisteminə uyğunlaşdırılırsa, niyə üzə çıxan problemlərin həllində ictimaiyyət iştirak etməsin? Vergi ödəyicilərinin orduda baş verən proseslər barədə məlumatlı olmaq hüququ var və bu hüququ onlardan heç kəs ala bilməz".
Çağırış prosesində problemlər ortaya çıxıb
Yaşar Cəfərli qeyd etdi ki, koordinatoru olduğu koalisiyanın nümayəndələri iyul ayında Azərbaycan Silahlı Qüvvələrinə və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrə həqiqi hərbi xidmətə çağırış prosesini diqqətlə izləyib. Ekspert deyir: "Bu dövrdə ofisimizə xeyli sayda şikayətlər, müraciətlər daxil olub. Vətəndaşları daha çox hərbi həkim komissiyasından keçmə prosesi, şəhid ailələrinin övladlarının hərbi xidmətə çağırılıb-çağırılmaması, öhdəsində II qrup əlil olanların çağırış prosesində iştirak edib-etməməsi və s. məsələlər maraqlandırır. Biz gördük ki, vətəndaşların hərbi xidmətə çağırış prosesi barədə maarifləndirilməsinə böyük ehtiyac var".
Yaşar Cəfərli bildirdi ki, çağırışçıların hansı hərbi hissəyə düşməsi barədə məlumat verən, Müdafiə Nazirliyində yaradılmış "qaynar xətt" nömrələri kifayət etmir. "Proses göstərdi ki, xidmətə çağırılmış minlərlə vətəndaş bu telefon nömrələri ilə əlaqə saxlamaqda çətinlik çəkir", - deyə o bildirdi. Koordinator qeyd etdi ki, çağırış prosesinin hazırkı qaydaları çərçivəsində neqativ hallar barədə məlumatlar dolaşır:
"Ötən ay belə bir şayiə yayıldı ki, Baş Qərargahda çağırışçıların müəyyən məbləğ hesabına hərbi hissələrə salınması halları baş verir. Vətəndaşlar deyirlər ki, müəyyən məbləğ verib MOİK-ə də düşmək olar. Bu şayiələrin nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm. Amma məsələ ondadır ki, çağırış prosesi çox qapalıdır, şəffaflıq təmin edildikdən sonra rüşvətxorluq kimi problemlərin aradan qaldırılmasından danışmaq mümkün olacaq".
Yaşar Cəfərli qeyd etdi ki, onlar məsələ ilə bağlı müdafiə nazirinə və Silahlı Qüvvələrin baş qərargah rəisinə müraciət etməyə hazırlaşırlar.я
|
|
|
Oxşar xəbərlər:
"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"
Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
"Dövlət Sığorta Şirkəti şəhid ailələrinin hüquqlarını pozur"
Orduda rotasiya problemi
Ermənistan ordusunun çağırışçı problemi
|
|
|