Yuxarıdan aşağı "sırınan" sülh Cənubi Qafqazda uğur qazanmaz
 |
Britaniyalı ekspert xalq diplomatiyasının rolundan danışır
Şənbə, 08.08.2009
|
|
"Xalq diplomatiyası ilə bağlı böhran məncə, imzalanacaq sülh müqaviləsi istiqamətində perspektivlərin üzə çıxması ilə bağlıdır. Nəticədə, danışıqlarda birbaşa iştirak etməyənlər əndişə içindədir və vəziyyəti korlaya bilərlər. Onlar narahatdırlar ki, hadisələr nəzarətlərindən çıxar. Onlar həyatlarını müəyyənləşdirəcək prosesə təsiretmə gücünü itirirlər. Lakin bunu xalq diplomatiyasının böhranı kimi qiymətləndirmək olmaz. Məhz indiki vəziyyətdə xalq diplomatiyası mühüm rol oynayır". Bunu "Azadlıq" radiosuna müsahibəsində Britaniyanın "Barışıq Resursları" ("Conciliation Resources") adlı qeyri-hökumət təşkilatının Qafqaz üzrə layihə meneceri Lorens Broers bəyan edib.
"Lakin burada digər problem var. Qarabağ sülh nizamlanması prosesində biz artıq problemi gördük. Elita nümayəndələri bir-biri ilə görüşürlər. Lakin cəmiyyətlərinə qayıdarkən etirazlarla qarşılaşırlar. 2001-ci il Ki-Uest danışıqlarından sonra bu cür reaksiyalar bütün səyləri heçə endirdi" - L.Broers düşünür ki, xalq diplomatiyasının rolunu indikindən daha mühüm etmək olardı. Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistanda elita çox nüfuzludur. "Cəmiyyətə nəzarət edirlər. Sülh prosesinə də təsirdə yeganə qüvvə kimi görünürlər. Amma elita "yuxarıdan aşağı" sülh razılaşmasını sırıya bilməz.
Ona görə də onlar əldə etmək istədikləri "sülh razılaşmasını" legitimləşdirməlidirlər. Bunun üçün xalqın səsini qazanmaq lazımdır. Cəmiyyətlə ünsiyyət kanalları yaratmaq lazımdır. Qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağda sülhün bərqərar olmasına əsas maneə anlaşmazlıq və dezinformasiyadır" - Broers bildirir ki, sülh danışıqlarının 1-ci mərhələsində nəyin və necə müzakirə edilməsində anlaşılmazlıq var. Onun fikrincə, cəmiyyət nəyin müzakirə edilməsini tam şəkildə bilməlidir: "Hamının xəbəri olmalıdır. Danışıqlarda daha çox tərəf iştirak etməlidir. Xalq diplomatiyasının əvəzedilməz rolu bundadır".
"Mən demirəm ki, danışıqlar tam açıq şəkildə keçirilməlidir. Elita olaraq Azərbaycan və Ermənistan prezidentləri sülh prosesini bir-biri ilə müzakirə etmək vəzifəsini daşıyırlar. Əgər tam açıq danışıqlar olsaydı, böyük ehtimalla, hazırda müzakirə edilən məqamlar media tərəfindən düzgün təsvir edilməzdi və təhrif olunardı. Lakin hesab edirəm ki, hər cəmiyyətdə elita tərəfindən yaradılan diskussiya lazımdır. Bu isə elita və cəmiyyətin qalan hissəsi ilə kompromis yaradar", - deyə o qeyd edib.
L.Broers son bəyanatlardan ruhlandığını qeyd edib: "Məsələn, prezident İlham Əliyev son müsahibələrinin birində birbaşa qeyd etdi ki, "biz Dağlıq Qarabağ əhalisinin təhlükəsizlik problemlərini dərk edirik". Məhz bu cür bəyanatlar dediyim diskussiyalara səbəb ola bilər. Nəticədə, biz problemlərin həlli yollarını üzə çıxarda bilərik".
L.Broersin fikrincə, tərəflər münaqişədə məsələyə "0" nöqtəsindən yanaşırlar: "Tərəflər həllə bir növ müqavilə kimi baxmırlar. Tərəflər öz etibarlılığını, şəffaflığını sübuta yetirmək üçün bu prosesdə iştirak etməlidirlər. Bu prosesdə məhz etibarlılığı yaradan amillər qabardılmalıdır. İlk addım kimi, snayperləri təmas xəttindən yığışdırmaq təklifi bir nümunədir. Snayperlərin orada olması tərəflərə heç bir strateji üstünlük vermir axı? Hər ay snayper gülləsindən adamlar ölürlər. Snayperləri geri çəkmək razılığa inamın olmasında çox mühüm qərar olardı".
Broers bildirib ki, xalq diplomatiyasının sülh razılaşmalarında həlledici olması haqda nümunələr var. "Bəli, xalq diplomatiyası Şimali İrlandiyada vəziyyətin sabit qalmasında böyük rol oynayıb və oynayır da. Xüsusilə də, rəsmi strukturların gücsüzlüyü fonunda. Daha bir nümunə aparteid rejiminin ləğvindən sonra Cənubi Afrika cəmiyyətində barışığın yaradılmasıdır. Əgər biz Gürcüstan - Cənubi Osetiya münaqişəsinə nəzər yetirsək, doğrudur, orada xalq diplomatiyası çox aşağı səviyyədədir. Lakin Gürcüstan - Abxaziya qarşıdurması ilə müqayisə etsək, irihəcmli qanlı toqquşmalar məhz Cənubi Osetiyada oldu. Gürcüstan və Abxaziyanın mühüm siyasi və sosial subyektləri arasında bağlantıların olması qeyd etdiyim qanlı olayların qarşısını aldı. Məhz buna görə xalq diplomatiyasının rolu əvəzedilməzdir. Mən təsəvvür edə bilmirəm ki, "yuxarıdan aşağı" sırınan sülh Cənubi Qafqazda uğur qazana bilsin", - deyə o qeyd edib.
|
|
|
Oxşar xəbərlər:
Azərbaycanın diplomatiya tarixi üç cilddə çıxacaq
|
|
|