çap et  
Eduard Rossel - qurucu və yaradıcı lider
Eduard Rossel - qurucu və yaradıcı lider
Heyif ki, bizim ölkədə belələri azdır
Şənbə, 08.08.2009

İsmayıl Umudlu

Bizdə bir söz var: "Oddan kül törər". Fəqət bu məsəlin bir əlavəsi də var ki, küldə çox vaxt köz parçası gizlənmiş olur və bu köz parçasından böyük bir ocaq qalana bilir. O hələ çox körpə - beş yaşındaykən, bu 1941-ci ildə olmuşdu, ailə ocaqları söndürülmüşdü. Lakin taleyin ağır rəftarına rəğmən həmin söndürülmüş, üstündən qar-boran keçmiş ocaq yerindəki külün altında qalmış kiçicik bir köz parçasından çox sonralar Eduard Rossel parlamışdı. Tarixdə belə şeylər az-az da olsa olur.

Böyük siyasətçilər və dövlət adamları haqqında yazılan ciddi kitabları oxumaq işimizlə bağlı bir vərdişdir. Gündəm biz qəzetçilərdən məlumatlı olmağı tələb edir. Yazılan kitabı vərəqlədikdə, onun bir şəxsə yalnız mədhiyyə oxumaq, tərifləmək məqsədilə işıq üzünə çıxarıldığını gördükdə isə bir kənara qoyuram. Belə kitabları, sadəcə, vərəqləmək kifayətdir, onların mütaliəsinə vaxt itirməyinə dəyməz. Onda təhlil, görülən işlərə, şəxsiyyətə, onun yoluna obyektiv qiymət olsaydı, bu başqa məsələ. Deyək ki, mədhiyyə kitabları indiki zəmanədə çox nəşr olunur və çox vaxt peşəmizlə əlaqədar olaraq hər hansı bir yazılı reaksiya vermək ümidi ilə bağışlanmış olsalar da, ev kitabxanama qoymuram, işdə saxlayıram. Məncə, sifarişlə yazılmış, ciddi üz qabığı və yaxşı poliqrafik səviyyəsi olan bu sayaq kitabları indi heç kəs oxumur. Onlar, sadəcə, rəflərdə yer tutur.

Azərbaycan və azərbaycanlıların dostu

Eduard Rossel barədə Aleksandr Levinin yazdığı "Fenomen" kitabını oxumağa həvəsi məndə həmkarım Mehdi Şıxlinski oyatdı. Bu adamın həyatı, bioqrafiyasının təfsilatları, gördüyü böyük-böyük işlər barədə elə vəcdlə danışırdı ki... Sverdlovsk vilayət qubernatoru Eduard Rossel rəsmi səfərlə bir neçə dəfə paytaxtımızda olub. Onun 2004-cü ilin oktyabrında Bakı səfərinin gedişini izlədiyimizi xatırladım. Həmin günlərdə Azərbaycanda Sverdlovsk vilayətinin mədəniyyət günlərinin açılışı idi və bizim dövlət rəsmiləri ilə iqtisadi planda ciddi danışıqlar aparılmışdı.

Eduard Rossel bizim üçün bir də ona görə maraqlı liderdir ki, bu gün Sverdlovsk vilayəti azərbaycanlıların Rusiyada Moskvadan sonra ən çox cəmləşdiyi ikinci bölgədir. Yaxşı məlumdur ki, Rossel bu diyarda yaşayan soydaşlarımızın çox böyük hörmət və etimad bəslədiyi bir adamdır.

"Fenomen"in elə ilk bölmələrindən açıq göründüyü kimi, müəllif hadisələri və faktları sərbəst və cəlbedici bir manerada qələmə almışdı. Oxucunu öz kübarcasına təhkiyəsinin səmimiliyinə inandıra bilirdi. Bu işləri bütün təfsilatı ilə yalnız o yaza bilərdi. Belə ki, professional jurnalist Aleksandr Levin 1991-ci ildən bəri mətbuat katibi, mətbuat xidmətinin rəhbəri, informasiya departamentinin direktoru, hazırda isə qubernator administrasiyasının rəhbəri olaraq çalışmışdır və fasiləsiz müşahidə etdiyi Eduard Rosselə birmənalı təriflər yazmış olduğu düşünülə bilərdi. Amma heç də tərif demirdi - onu şahidi olduğu və bildiyi ictimai-siyasi hadisələrin fonunda, sadəcə, təhlil edir, bu adamın keçib gəldiyi enişli-yoxuşlu yola soyuqqanlılıqla işıq salmağa çalışırdı.

Belə anlamaq olurdu ki, bu kitabın yazılmasına bir səbəb personanın özünün maraqlı olmağıdırsa, digər və daha önəmli səbəb bu adamın onun ölkəsi üçün yaxın keçmişdə və indinin özündə çox mühüm işlər görməsidir. Levin Rosseli illər uzunu və bilavasitə müşahidə edib, daim onun yaxınlığında olub, hər şeyi öz gözləri ilə görüb. Bu, əlbəttə, tabe şəxsin rəisinə təmənnalı, məcburi "heyranlıq"ı deyil. Hər halda, Rusiya gerçəkliyində məmur rəisin subyektiv münasibətindən o qədər də asılı deyil. Heç kəs inkar edə bilməz ki, bu adam onun ölkəsi və xalqı üçün müstəsna dərəcədə gərəkli olan adamlardan biridir.

Müəllif bu adamı ona görə fenomen adlandırır ki, birincisi qeyri-adi şəxsiyyətdir. İkincisi, onun gördüyü işlər son dərəcə açıq və anlaşıqlıdır, öz ağlı və zəkası ilə böyük bir vilayəti iqtisadi və ictimai tənəzzül bataqlığına düşməyə qoymayıb. Onun işləri bir aysberqdir və bu aysberqin onda doqquzu gözlə görünmür, qalanını yalnız o özü görə bilir. Müəllif inanır ki, onun bu gün bünövrəsini qoyduğu işlərə əsl dəyəri gələcək nəsillər verəcək.

Elə bu baxımdan da persona bizim üçün - bir azərbaycanlı media mənsubu üçün də, əlbəttə, maraqlı idi, heç olmasa, ona görə ki, Eduard Rossel bugünkü Rusiya isteblişmentində öndə gələn və mənim üçün hər şeydən öncəsi Azərbaycana dost münasibətilə seçilən beş-üç kişidən biridir. Eduard Erqartoviçi bizim ölkə ilə onun başçılıq etdiyi vilayət arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin qurucusu və təşəbbüsçüsü kimi tanıyır və hörmət edirik.

Biz bildiyimizcə, Rusiya çapında onu əyalət siyasətçisi saymırlar. Buna dilləri gəlmir, hər halda, Moskvanın ictimai-siyasi gündəmində bu adamın yeri bizim günlərdə "bronlanmış" kimidir. Bizim də bunu deməyə haqqımız yoxdur. Heç olmasa, ona görə ki, Ural federal dairəsinə daxil olan Sverdlovsk vilayəti bu gün Rusiya Federasiyasında ərazisinə və əhalisinin sayına görə bizim Azərbaycanla müqayisə olunası və çox böyük iqtisadi potensiala malik bir subyektdir. Yəni əhalisi (4,4 mln.) bizimkinin yarısı qədər olsa da, ərazisi (194,3 min kv m.) Azərbaycandan iki dəfə böyükdür.

Alman oğlu

Eduard Erqartoviç Rossel bir alman oğludur. Atası da, anası da Volqaboyu almanlarındandır. Bildiyimiz kimi, 1941-ci ilə qədər almanlar bizim Azərbaycanda olduğu kimi Volqaboyunda da çöx böyük kütlə şəklində yaşayırdılar və mədəni muxtariyyətləri vardı. Onun atası 1941-ci ildə repressiya olunub, anası "xalq düşməni"nin arvadı olmaqla soyuq Şimala sürgünə göndərilmişdi. Ana beşyaşlı oğlunu da özüylə götürmək istəyib, lakin çekistlər izn verməyiblər. Balasından zorla ayrılan ananın acı fəryadı, ümidsiz qışqırtısı bütün ömrü boyu onun qulaqlarında səslənib.

Təsəvvür edək, sahibsiz qalmış bu balaca uşağı ilk günlər bir qonşu götürüb, lakin bu çoxuşaqlı ailədə aclıq hökm sürür. Beşyaşlı uşaq bu evdən gedir və düz 1947-ci ilə qədər Vyatkada, Kirov vilayətində baxımsız, sərsəri həyat sürür. Gecələr qəbiristanlıqda yatır. İlk günlər əti çimçəşir, qorxurmuş, sonra vərdiş edib. 1947-ci ildə Uxtada (Komi) məktəbə qoyulur və 1957-ci ildə orta təhsilini uğurla başa vurur.

Orta məktəbi bitirəndə hərbi məktəbə daxil olmaq istəyir, imtahanları uğurla verir. Lakin Rusiya ilə amansız müharibəni törətmiş bir etnosa mənsubluğu ucbatından bu üz-gözündən zəka yağan alman oğlunu qəbul etmirlər. Odur ki, Sverdlovsk Dağ-Mədən İnstitutuna daxil olur və 1952-ci ildə bu ali məktəbi dağ-mədən mühəndisi olaraq bitirir. Onun sonrakı həyatı bu sahə ilə bilavasitə bağlı olur.

Sovet İttifaqının süquta yaxınlaşdığı illərə qədər Eduard Rossel vilayət miqyasında bacarıqlı bir təsərrüfatçı şöhrəti qazanmışdı və bu şöhrət də ona mühüm postların etibar edilməsini şərtləndirmişdi. Vilayətdə bir çox sənaye müəssisələri onun rəhbərliyi altında tikilib istifadəyə verilmişdi.

1991-ci ildə vilayət icraiyyə komitəsinin sədri seçiləndə (Burbulislə yarışmada qalib çıxmışdı) dramatik bir situasiya ilə üzləşir və bu ağır sınaqdan bacarıqla çıxa bilir. Söhbət vilayətdə ərzaq qıtlığının qorxulu şəkil almasından gedir.

Böyük bir vilayət aclıq təhlükəsindən qurtulur

... Prezident Qorbaçova zəng etməyə çalışır ki, ölkənin sənaye vilayətində ət qurtarıb. Qorbaçov ona açıqca deyir ki, heç nəylə kömək edə bilmərəm, dövlət ehtiyatında 5 milyon qutu ət konservi var, istəyirsən götür apar. Bu, vilayətdə yaşayan hər sakinə bir qutu konserv demək idi. Vilayət "şərab qiyamı" ərəfəsindədir. Buna birtəhər dözmək olardı, bəs "çörək qiyamı" qalxsa, onun qarşısını nəylə alacaqdılar? Vilayətdə cəmi 5 günlük taxıl ehtiyatı qalıb. Bu vaxta qədər vilayətə taxıl Kanadadan daşınırdı. İndi SSRİ dağıldıqdan sonra Kanada kim bilir harada qalıb. Moskvadan isə kömək yoxdur. Telefon əlində Qazaxıstan prezidenti Nursultan Nazarbayevi axtarır. Telefon danışığı baş tutmur, hər dəfə onun qəbul otağından bir bəhanə tapırlar. Gecə hərbi təyyarədə Almatıya uçur. Onun bu gecə uçuşu Sverdlovsk vilayətini aclığın amansız dalğasının törədəcəyi nəhəng bir faciədən qurtarır. Ərzaq taxılı yüklənmiş eşelonlar Qazaxıstandan Sverdlovsk vilayətinə üz tutur.

Bunu kimsə inkar etmir ki, Eduard Rosselin ağıllı təsərrüfatçılıq siyasəti ilə vilayət mağazalarının boş qalan rəfləri dolmuş, talon sistemi tədricən ləğv edilmişdi.

Uralın tarixən qərarlaşmış sənaye potensialının postsovet dönəmində dağılmaqdan xilası və yeni şəraitə uyğunlaşdırılması Rosselin adı ilə bağlıdır. İstehsalat bölmələri kilometrlərlə uzanan bu nəhəng zavodların ləğvini lazım bilən nəzəriyyəçi iqtisadçılarla nə qədər polemikalar aparmalı olmuşdu. Rossel bu iri müəssisələrdən heç birini "ölməy"ə qoymayıb, bu gün onlar fəaliyyətdədir və öz məhsullarını Rusiyanın hər yerinə, xarici ölkələrə, o cümlədən bizim Azərbaycana ixrac edirlər.

Diyarın hərbi-sənaye zavodlarının da qalması onun Rusiya qarşısında çox böyük xidməti kimi dəyərləndirilir. Hətta kimlərsə Ural Hərbi Dairəsinin ləğvini lazım bilirmişlər. Bunun qarşısını alan, hərbi dairənin yenidən təşkilatlanmasının təşəbbüsçüsü alman oğlu Rossel olmuşdu. O daha da irəli gedərək vilayət ərazisində boş qalmış hərbi poliqonda beynəlxalq silah və hərbi texnika sərgisi yaratmış, bunun çağdaş tələblərə cavab verən infrastrukturunu qurmuşdu. 1999-cu ildə burada ilk sərgini uğurla təşkil etməklə bu sahədə Moskva vilayətindəki sərgi-poliqonun nüfuzunu heçə endirmiş, beynəlxalq Əbu-Dabi silah sərgisinə isə rəqib çıxmışdı. İmperiya və sovet çağının hegemonluq duyğuları ilə tərbiyə olunmuş ruslar bunu da unutmurlar.

Heydər Əliyev ənənəni "sındırıb"

Eduard Rosselin 2002-ci ildəki Bakı səfərinə toxunarkən Aleksandr Levin maraqlı təfsilatlara varır. Rusiyalı qonağın şərəfinə verilən şam yeməyində Azərbaycan prezidentinin protokol xidmətində eyham vurublar ki, bir qayda olaraq dövlət başçısının adından verilən bu kimi şam yeməklərini Heydər Əlirza oğlu baş nazirə və ya onun birinci müavininə tapşırır. Rosselin səfəri zamanı isə Əliyev bu ənənəni "sındırıb". Yəni onların söhbəti zamanı bəlli olub ki, Əliyev Sverdlovsk vilayətini çox yaxşı tanıyır, Moskvada işləyəndə Sovet İttifaqı sənayesinin kuratoru olduğundan bir çox zavod direktorlarını adbaad tanıyır, vilayətdəki iri sənaye obyektlərinin potensialını təfsilatı ilə bilir. Onların qırx dəqiqəliyə nəzərdə tutulmuş söhbəti nə az, nə çox, düz iki saat sürüb. Söhbət başa çatanda isə Əliyev deyib: "Sağollaşmayacağıq. Şam yeməyində görüşənədək!"

"Şam yeməyi də çox səmimi bir ovqatda keçdi. Haqqında "amansız və sərt" olduğu barədə əfsanələr dolaşan Azərbaycan prezidenti yaxın təmasda çox mehriban, ürəyiaçıq bir adam idi, həyatı çox yaxşı bildiyi və yaradıcı-insanı çox yüksək qiymətləndirdiyi görünürdü" - deyə müəllif yazır.

"Oliqarx-məmur" imicinə malik deyil

Rosselin həyatını oxuyarkən diqqətimizi bu da çəkdi ki, əlində bu qədər böyük imkanlar ola-ola özünün şəxsi müəssisələri yoxdur, "oliqarx-məmur" imicinə malik deyil. Dövlətin onun üçün ayırdığı iqamətgahdan istifadə edir. ABŞ dövlət katibi Ceyms Beykeri isə qonağın heyrətinə rəğmən, Yekaterinburqdakı adi üçotaqlı şəhər mənzilində qonaq etmiş, yuxarı mərtəbədəki mənzilə biz bakılılara yaxşı tanış olan adi, dar liftdə qalxmışdı.

Eduard Rossel ən yeni Rusiya tarixinə federasiya subyektlərinin hüquq bərabərliyinin təşəbbüsçüsü və bunun təsbitinə nail olmuş bir şəxs kimi düşmüşdür. Rusiyanın bir çox vilayətlərində kəndlər "ölür", Sverdlovsk vilayətində isə 1800-dən çox kənd var və qarşıya onların hamısını qoruyub saxlamaq vəzifəsi qoyulmuşdur. Vilayətin sosial və mədəniyyət strukturları nizamla işləyir, Rusiyanın hər yerindən sənət "ulduz"ları məhz Yekaterinburqa üz tuturlar. Bu gün bu şəhər haqlı olaraq Rusiyada Moskva və Sankt-Peterburqdan sonra üçüncü mədəni mərkəz statusunu əlində saxlayır. Xoş həyat istəyində olan sadə xalqa isə nə lazımdır: çörək, iş, mahnı, tamaşa... Bunları isə bu kişi öz ağlı, zəkası və təşəbbüsü ilə onlara təmin etmişdir. Bircə ona təəssüf etmək qalır ki, bizim Azərbaycanda bu keyfiyyətdə rəhbər işçilər niyə bu qədər azdır?