Eduard Rossel - qurucu və yaradıcı lider
 |
Heyif ki, bizim ölkədə belələri azdır
Şənbə, 08.08.2009
|
|
Bizdə bir söz var: "Oddan kül törər". Fəqət bu məsəlin bir əlavəsi də var ki, küldə çox vaxt köz parçası gizlənmiş olur və bu köz parçasından böyük bir ocaq qalana bilir. O hələ çox körpə - beş yaşındaykən, bu 1941-ci ildə olmuşdu, ailə ocaqları söndürülmüşdü. Lakin taleyin ağır rəftarına rəğmən həmin söndürülmüş, üstündən qar-boran keçmiş ocaq yerindəki külün altında qalmış kiçicik bir köz parçasından çox sonralar Eduard Rossel parlamışdı. Tarixdə belə şeylər az-az da olsa olur.
Böyük siyasətçilər və dövlət adamları haqqında yazılan ciddi kitabları oxumaq işimizlə bağlı bir vərdişdir. Gündəm biz qəzetçilərdən məlumatlı olmağı tələb edir. Yazılan kitabı vərəqlədikdə, onun bir şəxsə yalnız mədhiyyə oxumaq, tərifləmək məqsədilə işıq üzünə çıxarıldığını gördükdə isə bir kənara qoyuram. Belə kitabları, sadəcə, vərəqləmək kifayətdir, onların mütaliəsinə vaxt itirməyinə dəyməz. Onda təhlil, görülən işlərə, şəxsiyyətə, onun yoluna obyektiv qiymət olsaydı, bu başqa məsələ. Deyək ki, mədhiyyə kitabları indiki zəmanədə çox nəşr olunur və çox vaxt peşəmizlə əlaqədar olaraq hər hansı bir yazılı reaksiya vermək ümidi ilə bağışlanmış olsalar da, ev kitabxanama qoymuram, işdə saxlayıram. Məncə, sifarişlə yazılmış, ciddi üz qabığı və yaxşı poliqrafik səviyyəsi olan bu sayaq kitabları indi heç kəs oxumur. Onlar, sadəcə, rəflərdə yer tutur.
Azərbaycan və azərbaycanlıların dostu
Eduard Rossel barədə Aleksandr Levinin yazdığı "Fenomen" kitabını oxumağa həvəsi məndə həmkarım Mehdi Şıxlinski oyatdı. Bu adamın həyatı, bioqrafiyasının təfsilatları, gördüyü böyük-böyük işlər barədə elə vəcdlə danışırdı ki... Sverdlovsk vilayət qubernatoru Eduard Rossel rəsmi səfərlə bir neçə dəfə paytaxtımızda olub. Onun 2004-cü ilin oktyabrında Bakı səfərinin gedişini izlədiyimizi xatırladım.
Həmin günlərdə Azərbaycanda Sverdlovsk vilayətinin mədəniyyət günlərinin açılışı idi və bizim dövlət rəsmiləri ilə iqtisadi planda ciddi danışıqlar aparılmışdı.
Eduard Rossel bizim üçün bir də ona görə maraqlı liderdir ki, bu gün Sverdlovsk vilayəti azərbaycanlıların Rusiyada Moskvadan sonra ən çox cəmləşdiyi ikinci bölgədir. Yaxşı məlumdur ki, Rossel bu diyarda yaşayan soydaşlarımızın çox böyük hörmət və etimad bəslədiyi bir adamdır.
"Fenomen"in elə ilk bölmələrindən açıq göründüyü kimi, müəllif hadisələri və faktları sərbəst və cəlbedici bir manerada qələmə almışdı. Oxucunu öz kübarcasına təhkiyəsinin səmimiliyinə inandıra bilirdi. Bu işləri bütün təfsilatı ilə yalnız o yaza bilərdi. Belə ki, professional jurnalist Aleksandr Levin 1991-ci ildən bəri mətbuat katibi, mətbuat xidmətinin rəhbəri, informasiya departamentinin direktoru, hazırda isə qubernator administrasiyasının rəhbəri olaraq çalışmışdır və fasiləsiz müşahidə etdiyi Eduard Rosselə birmənalı təriflər yazmış olduğu düşünülə bilərdi. Amma heç də tərif demirdi - onu şahidi olduğu və bildiyi ictimai-siyasi hadisələrin fonunda, sadəcə, təhlil edir, bu adamın keçib gəldiyi enişli-yoxuşlu yola soyuqqanlılıqla işıq salmağa çalışırdı.
Belə anlamaq olurdu ki, bu kitabın yazılmasına bir səbəb personanın özünün maraqlı olmağıdırsa, digər və daha önəmli səbəb bu adamın onun ölkəsi üçün yaxın keçmişdə və indinin özündə çox mühüm işlər görməsidir. Levin Rosseli illər uzunu və bilavasitə müşahidə edib, daim onun yaxınlığında olub, hər şeyi öz gözləri ilə görüb. Bu, əlbəttə, tabe şəxsin rəisinə təmənnalı, məcburi "heyranlıq"ı deyil. Hər halda, Rusiya gerçəkliyində məmur rəisin subyektiv münasibətindən o qədər də asılı deyil. Heç kəs inkar edə bilməz ki, bu adam onun ölkəsi və xalqı üçün müstəsna dərəcədə gərəkli olan adamlardan biridir.
Müəllif bu adamı ona görə fenomen adlandırır ki, birincisi qeyri-adi şəxsiyyətdir. İkincisi, onun gördüyü işlər son dərəcə açıq və anlaşıqlıdır, öz ağlı və zəkası ilə böyük bir vilayəti iqtisadi və ictimai tənəzzül bataqlığına düşməyə qoymayıb. Onun işləri bir aysberqdir və bu aysberqin onda doqquzu gözlə görünmür, qalanını yalnız o özü görə bilir. Müəllif inanır ki, onun bu gün bünövrəsini qoyduğu işlərə əsl dəyəri gələcək nəsillər verəcək.
Elə bu baxımdan da persona bizim üçün - bir azərbaycanlı media mənsubu üçün də, əlbəttə, maraqlı idi, heç olmasa, ona görə ki, Eduard Rossel bugünkü Rusiya isteblişmentində öndə gələn və mənim üçün hər şeydən öncəsi Azərbaycana dost münasibətilə seçilən beş-üç kişidən biridir. Eduard Erqartoviçi bizim ölkə ilə onun başçılıq etdiyi vilayət arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin qurucusu və təşəbbüsçüsü kimi tanıyır və hörmət edirik.
Biz bildiyimizcə, Rusiya çapında onu əyalət siyasətçisi saymırlar. Buna dilləri gəlmir, hər halda, Moskvanın ictimai-siyasi gündəmində bu adamın yeri bizim günlərdə "bronlanmış" kimidir. Bizim də bunu deməyə haqqımız yoxdur. Heç olmasa, ona görə ki, Ural federal dairəsinə daxil olan Sverdlovsk vilayəti bu gün Rusiya Federasiyasında ərazisinə və əhalisinin sayına görə bizim Azərbaycanla müqayisə olunası və çox böyük iqtisadi potensiala malik bir subyektdir. Yəni əhalisi (4,4 mln.) bizimkinin yarısı qədər olsa da, ərazisi (194,3 min kv m.) Azərbaycandan iki dəfə böyükdür.
Alman oğlu
Eduard Erqartoviç Rossel bir alman oğludur. Atası da, anası da Volqaboyu almanlarındandır. Bildiyimiz kimi, 1941-ci ilə qədər almanlar bizim Azərbaycanda olduğu kimi Volqaboyunda da çöx böyük kütlə şəklində yaşayırdılar və mədəni muxtariyyətləri vardı. Onun atası 1941-ci ildə repressiya olunub, anası "xalq düşməni"nin arvadı olmaqla soyuq Şimala sürgünə göndərilmişdi. Ana beşyaşlı oğlunu da özüylə götürmək istəyib, lakin çekistlər izn verməyiblər. Balasından zorla ayrılan ananın acı fəryadı, ümidsiz qışqırtısı bütün ömrü boyu onun qulaqlarında səslənib.
Təsəvvür edək, sahibsiz qalmış bu balaca uşağı ilk günlər bir qonşu götürüb, lakin bu çoxuşaqlı ailədə aclıq hökm sürür. Beşyaşlı uşaq bu evdən gedir və düz 1947-ci ilə qədər Vyatkada, Kirov vilayətində baxımsız, sərsəri həyat sürür. Gecələr qəbiristanlıqda yatır..
|
|
|
|
|
|
|