Türk Cümhuriyyətləri Birliyi - xəyal, yoxsa mümkünlük?
 |
Siyasi istək və qətiyyət olarsa, qarşıdakı 10 ildə AB timsalında təşkilatlanma tamamilə mümkün bir işdir
Şənbə, 08.08.2009
I.Balioğlu |
mətn ölçüsü |
|
|
|
Təməli 2007-ci ildə Türkiyədə qoyulan Türk Cümhuriyyətləri Birliyi qurumunun Koordinasiya Mərkəzi türk xalqları arasında milli, mədəni və tarixi əlaqələrin qurulması yönündə fəaliyyət göstərir və bildiyimiz kimi, Koordinasiya Mərkəzinin bütün Türk dövlətlərində mərkəzi ofisini açmaq niyyətindədir. Birlik tərəfindən Türk xalqlarının öz aralarında könül bağının təsis edilməsi yolunda böyük və gərəkli işlər görülməkdədir. Artıq Qazaxıstan və Türkmənistanda TCB Koordinasiya Mərkəzinin mərkəzi ofisləri qurulmuşdur. Avqustun 10-da TCB Koordinasiya Mərkəzinin başqanı Can Sevən Bakıda olacaq və Azərbaycan ofisinin açılması istiqamətində müzakirələr aparacaqdır. Can Sevənin Azərbaycanın dövlət rəsmiləri və bəzi nazirlərlə görüşü gözlənir.
Can Sevənin bizə bildirdiyi kimi, türk birliyinə gedən yolda Azərbaycana böyük önəm verilir. Qarşıda tarixi əlaqələrin yeni keyfiyyətdə bərpa edilməsi vəzifəsi dayanır. Bu birlik çağdaş dünya təhdidləri qarşısında türk xalqlarının yeganə və alternativsiz xilas yolu, bir çox ağır problemlərimizin yeganə həll yolu kimi görülür.
Bu niyyətin ideya əsasında Mustafa Kamal Atatürkün sağlığında dediyi belə bir sözü dayanır km, gün gələcək Sovetlər Birliyi dağılacaq və buna indidən hazırlanmaq lazımdır, Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütünləşməliyik. Atatürkün proqnozu özünü doğrultdu və SSRİ 20 ildir tarixin səhnəsindən silinmişdir.
Atatürk sonra demişdi: "Türk birliyinin bir gün həqiqət olacağına inancım vardır. Mən görməsəm belə, gözlərimi dünyaya onun röyaları içində qapayacağam. Türk Birliyinə inanıram. Onu görürəm. Gələcəyin tarixi yeni fəsillərini Türk Birliyi ilə açacaq. Dünya öz sabitliyini bu fəsillər içində tapacaqdır. Türklüyün varlığı bu köhnə aləmə yeni üfüqlər açacaq. Günəş nə demək, üfüq nə demək o zaman görüləcək".
Örnəklərə baxılır: İngiltərədən ayrılan Amerika 13 əyalətdən bugünkü ABŞ-ı yaratdı.
İrqləri, dilləri, mədəniyyətləri bir-birindən fərqli olan Avropa ölkələri AB-ni yaratdı. Keçmişdə bir-birlərinin ətini yeyən afrikalılar Afrika Birliyini, ərəblər isə Ərəb Dövlətləri Birliyini yaratdılar.
Biz türklər niyə bu örnəkləri əsas götürməyək? Təbii ki, içimizdə olan başıpozuq rusçular, xilafətçilər, irançılar, növbənöv dinçilər nə bilim haraların pullarından asılı olan daha kimlər buna ağız büzəcəklər. Onları tanıyırıq.
Bir Qarabağ probleminin həllində kömək üçün üz tutduğumuz ABŞ-ın, Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in, MDB-nin, İKT-nin "kömək"ini gördük. Ərəb ölkələrinin köməyini gördük. Bu problemi bizim üçün yaradan Rusiyanın "kömək"ini və "vəd"lərini gördük. Avropa Birliyinin Türkiyənin üzvlük istəyinə münasibətini gördük. Bizim heç birimizi AB içərisində görmürlər. Bizə onlar yalnız xammal əlavəsi kimi baxırlar. Çin isə bizim torpaqları özünün "artıq" əhalisini yerləşdirmək üçün məkan gözündə görür.
Odur ki: kim öz probleminin həllini istəyirsə, "güclü" olmalıdır. Və məsələ belə qoyulur ki, "güclü" olmağın yolu "birlik qura bilmək"dən keçir. Bu mənada, biz türklərin qarşısında iki seçim dayanır: 1) ya parçalanacaq və mövcud birliklərin nüfuzları altında olacağıq; 2) ya da öz birliyimizi quracaq və mövcud birliklər arasında yerimizi tutacağıq.
İnternetdə kiçik bir sorğu vermək yetər ki, qurulan növbənöv xəyali xəritələri görək. Panfarsistlər bir xəritə cızır, ermənilər bir xəritə cızır, yunanlar bir xəritə cızır. Kimsə "Yeni Orta Doğu" ideyasını yeridir. Kimsə ərəb xilafətini "bərpa edir", kimlərsə köhnə SSRİ-ni "dirildir". Kimsə "Böyük Kürdüstan" xəritəsini yayır. Bir neçə uçuq-sökük kəndi olanlar daha başqa xəyallara düşüblər və s.
Biz türklər dünya çapında 250 milyonuq. 7 müstəqil türk dövləti mövcuddur. Öz siyasi təfəkkürümüz, milli ləyaqətimiz, dövlət inancımız, kimliyimiz, hərbi güclərimiz var. İqtisadi və hərbi güclərin bir birlik halında toparlanması ilə ətrafımızda qurulan xəbis oyunlar pozulmuş olardı. Biz öz birliyimizi qurmasaq, şərqdə Çin, şimalda Rusiya, cənubda Amerikanın Afrikanın şimalından Əfqanıstana qədər uzanan zolağı (Yeni Orta Şərq), qərbdə isə AB arasında - bu dörd güc mərkəzi arasında boynu buruq qalacağıq. Təhdid bundan ibarətdir ki, əgər türklər ağzıbir olmasalar, türk dövlətlərinin sərhədləri torpaqlar və üstündəki əhali ilə birlikdə yenidən cızılacaqdır. Geosiyasi təhdid budur ki, əvvəlcə Rusiya postsovet türk dövlətlərini öz orbitinə çəkəcək, ardınca isə bu qüvvə bütövlükdə Çinin nüfuzu və idarəsi altına düşəcək, buradakı xalqlar tarix səhnəsindən silinəcək və Çin hegemonluğu başlanacaq. Tükiyə isə AB daxilində "əriyəcək".
1990-cı ildən bu yana Türk dövlətlərinin bir birlik halında toparlanmasına cəhdlər göstərilir. Türk dövlət başçıları, nazirlər vaxtaşırı toplaşırlar. Dövlət başçıları bir yerdə çəkiclə dəmir də döydülər. İndiyədək 10 türk qurultayı keçirilib. Gündəmdə Türk dövlətlərinin parlament assambleyasının yaradılması ideyası var. Fəqət Avropa birliyi, ərəb birliyi, yaxud Afrika birliyi şəklində təşkilatlanma yolu ilə istəksiz yeriyirik. Niyə? Bunun səbəbləri və bizi gözləyən nəticələr üzərində düşünməyimiz gərəkdir.
İndi gəlin düşünək: əgər bu lazımi keyfiyyətdə baş tutarsa, iqtisadi və hərbi güclər birləşərsə, xammalımız öz daxilimizdə son məhsula çevrilər və Türk Birliyi dünya çapında iqtisadi qüdrət sahibi olar. Xarici maliyyə mərkəzlərinin maliyyə diktatorluğundan qurtulmuş olarıq.
Türk Cümhuriyyətləri Birliyi Koordinasiya Mərkəzi belə bir təkliflə çıxış edir ki, bu dövlətlər arasında viza rejimi aradan qaldırılmalı, insanların, malların, xidmət və sərmayələrin sərbəst şəkildə dolaşması təmin edilməlidir; ortaq təhsil, mədəniyyət, kənd təsərrüfatı, balıqçılıq və nəqliyyat siyasəti yürüdülməlidir; ortaq su, enerji və kosmik araşdırmalar siyasəti yürüdülməlidir; iqtisadi və maliyyə birliyi yaradılmalı, vahid valyutaya keçilməlidir; ortaq xarici siyasət və təhlükəsizlik siyasəti yürüdülməlidir; ortaq müdafiə sənayesi yaradılmalı və hərbi siyasət yürüdülməlidir və s. Sadaladığımız birlik örnəklərində bunlar varsa, bizdə niyə olmasın? Sual bu şəkildə qoyulur.
Belə bir əminlik var ki, bu birlik dörd güc mərkəzi arasında balansı və beləliklə, dünya çapında daimi sülhü təmin edər. İçimizdə mövcud olan Quzey Kipr, Batı Trakya, Ege adaları, PKK problemi, "erməni soyqırımı", Qarabağın işğalı, Güney Azərbaycan, Doğu Türküstan, Kərkük və İraq türkmənlərinin taleyi və s. kimi böyüklü-kiçikli məsələlərimizə aydınlıq gətirilər.
Türk Cümhuriyyətləri Birliyi qurumu bu niyyətin 2017-ci ilə qədər gerçəkliyə çevrilməsini mümkün sayır və bu yöndə fəaliyyət göstərir. Gəlin düşünək və bu niyyətə "hə" deyək. Başlıca məsələ bu inancın bütün bu 250 milyonun təfəkküründə özünə yer etməsidir. Stereotipləri aşmalıyıq. Başqa güc mərkəzlərinin yeminə çevrilmək istəmiriksə...
|
|
|
|
|
|
|