Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin vəzifədən çıxarılaraq onun yerinə kürd millətindən olan şəxsin təyin olunması mümkünlüyünü söyləyərək aləmi bir-birinə qatan millət vəkili Vahid Əhmədovun fikirlərinə reaksiyalar gəlməkdə davam edir. Xatırladaq ki, bu həftənin əvvəlində keçirilən bir tədbirdə Vahid Əhmədov bildirib ki, Azərbaycandakı kürd qruplaşmaları ordunu ələ keçirmək istəyir: "Azərbaycan ordusunun başında türk oğlu türk dayanır. Ona görə də qara qüvvələr ordunu ələ keçirməyə çalışır".
Məsələ ilə bağlı "Ayna"ya xeyli maraqlı bilgilər daxil olub. Məlumatlara görə, Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar həlledici mərhələsinə qədəm qoyub və bu mərhələdə əsas dəyişiklik rəhbər şəxslərlə bağlı olacaq.
Bir neçə gün öncə Vaşinqtonda keçirilmiş ABŞ - Azərbaycan hərbi məsləhətləşmələri zamanı orduda kadr islahatlarının müzakirə obyekti olduğuna dair məlumatlar mövcuddur. Bəlli olub ki, ABŞ-ın hərbi-siyasi dairələri Müdafiə Nazirliyi rəhbərliyinə NATO təhsilli kadrların yerləşdirilməsi arzusundadır. Onların fikrincə, yalnız belə kadrlar orduda islahatlar prosesini irəli apara bilər.
Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə NATO təhsilli kadrlar necə yerləşdirilə bilər? Daxil olan məlumatlara görə, Pentaqonda Türkiyənin bu məsələdə vasitəçiliyinə böyük ümid bəsləyirlər. Yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilən Türkiyə generalları qrupunun səfəri zamanı bu məsələnin diqqət mərkəzində olacağı istisna deyil. Pentaqonda düşünürlər ki, müəyyən dövr üçün Azərbaycan Silahlı Qüvvələrində islahatların sürətləndirilməsi prosesi türk generallarına həvalə edilə bilər.
Rusiyanın hərbi-siyasi dairələri isə Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyinə NATO təhsilli generalların gətirilməsini istəmir. "MilAz" İnformasiya Agentliyinin məlumatına görə, Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun bu yaxınlarda Azərbaycana səfəri çərçivəsində bu məsələ xüsusi müzakirə mövzusu olub. Məlumata görə, Serdyukov Azərbaycan rəhbərliyi ilə görüşlərində Azərbaycan Silahlı Qüvvələrinin idarəetmə sisteminin transformasiyasına Rusiya tərəfinin verə biləcəyi dəstəklə bağlı müzakirələr aparıb. Müzakirə çərçivəsində Rusiya tərəfi Azərbaycan Silahlı Qüvvələri quruculuğunun istiqamətləri ilə bağlı təkliflər planına malik olduğunu qeyd edib.
Ekspertlər ehtimal edirlər ki, Rusiya tərəfi bununla Azərbaycan Silahlı Qüvvələrinin "Y" (yoint) və "G" (general) strukturuna keçidini əngəlləmək niyyəti güdür və ortaya alternativ bir sistem qoyur, bu da dolayısı ilə Moskvanın Azərbaycan Silahlı Qüvvələrinin hazırkı rəhbərliyini dəstəkləməsi anlamına gələ bilər. Çünki Rusiyanın hərbi-siyasi dairələrində düşünürlər ki, "G" və "Y" sisteminə keçid prosesində Azərbaycan Silahlı Qüvvələrinin hazırkı rəhbərliyi dəyişdirilə və vəzifələrə NATO və Pentaqon tərəfindən dəstəklənən şəxslər təyin oluna bilər. Bu, Rusiyanın Azərbaycanla bağlı hazırkı və perspektiv hərbi-siyasi məqsədlərinə zidd olardı. Ən azından NATO tərəfinin dəstəklədiyi kadrlar Rusiyanın Azərbaycanda hərbi-siyasi maraqlarının güclənməsinə, onun Qəbələ RLS və Xəzər dənizindəki hərbi maraqlarının gerçəkləşməsinə maksimum şəkildə əngəl olacaqlar.
Ekspertlər düşünürlər ki, Rusiya müdafiə nazirinin Azərbaycana qəfil səfəri ölkəmizin hərbi-siyasi kursunun Qərbə doğru istiqamətlənməsinin qarşısını almaq niyyəti güdüb. Bəs Azərbaycan rəhbərliyi buna razılıq veribmi?
Millət vəkili Vahid Əhmədovun dediklərindən belə çıxır ki, proseslər heç də Müdafiə Nazirliyinin hazırkı rəhbərliyinin xeyrinə cərəyan etmir və bu səbəbdən ortaya "kürd amili" atılıb. Ekspertlər düşünürlər ki, bu məsələ ortaya heç də təsadüfi atılmayıb. Onlardan bir qismi hətta bu fikirdədir ki, bununla Azərbaycan Silahlı Qüvvələrində islahatlar prosesinə nəzarət edən Türkiyəyə ismarıc göndərilir ki, ordunun hazırkı rəhbərliyinin dəyişilməsi Ankaranın ürəyincə olmaya bilər.
Müşahidəçilərin fikrincə, yaxın günlərdə Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyəti ilə bağlı konkret qərarlar çıxarılacaq. Azərbaycan rəhbərliyi buna məcburdur: çünki söhbət Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (IPAP) vacib bir detalının həyata keçirilməsindən gedir. Bu islahat həyata keçirilməsə, indiyədək Silahlı Qüvvələrin NATO standartlarına uyğunlaşdırılması istiqamətində atılan addımlar heç ola bilər...
|