Arvadının başını kəsərək öldürməkdə ittiham olunan Şamaxı rayon sakini Elman Ömər oğlu Kərimovun məhkəməsi başa çatıb. İttihama görə, 1987-ci il təvəllüdlü Kərimov Elman Ömər oğlu bu il yanvarın 24-də Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, qeyri-rəsmi nikahda yaşadığı 1991-ci il təvəllüdlü Nurməmmədova Gülər Nurməmməd qızı yanvarın 21-də evdən gedib və geri qayıtmayıb. Ərizə daxil olduqdan sonra Binəqədi RPİ-də araşdırmalar aparılıb.
İstintaq müəyyən edib ki, bu il aprelin 11-də Nardaran qəsəbəsi ərazisində dənizkənarı çimərlikdən naməlum qadın meyidinin tapılması barədə Sabunçu RPİ-yə məlumat daxil olub. Meyidə baxış keçirilərkən məlum olub ki, yanvarın 24-dən itkin düşmüş kimi axtarışda olan Gülər Nurməmmədovadır. Ekspertiza yoxlanışı meyit üzərində zorakılıq əlamətləri müəyyən edib.
Gülər Nurməmmədovanın itkin düşməsi ilə əlaqədar ərizə ilə müraciət edən Elman Kərimov dindirilmə üçün polis idarəsinə dəvət olunub. O ilk olaraq qeyri-rəsmi nikahda olan qadının başına gələnlərdən təəssüfləndiyini bildirsə də, Elman Kərimovun hərəkətləri polis əməkdaşlarında şübhələr yaradıb.
Aparılan araşdırmalar nəticəsində cinayətdə təqsirli bilinən Elman Kərimov saxlanılıb. Bildirib ki, Bakı şəhərində Cavanşir küçəsində yaşayıb və qonşuluqda yaşayan Gülər Nurməmmədovadan xoşu gəlib. Onun sözlərinə görə, qızla tanış olduqdan sonra onu davamlı olaraq məktəbə və hazırlıq kurslarına aparıb-gətirib. Qızın razılığı ilə onu 23 fevral 2008-ci tarixdə doğulduğu Şamaxı rayonu, Əhmədli kəndinə qaçırıb və bir müddət orada yaşayıblar. Sonradan toy etmək məqsədilə Bakıya gəliblər. Gülərin qohum-əqrəbası gəlməsə də, toy baş tutub, lakin Gülər Nurməmmədova yetkinlik yaşına çatmadığı üçün rəsmi nikaha girməyiblər. Toydan sonra onlar yenidən Şamaxıya qayıdıblar. Bu müddət ərzində Gülər ata-anasını görmək istədiyini bildirib və bir neçə dəfə qaçaraq Bakıya gəlib. Lakin yenidən geri, Şamaxıya qayıdıb. Onlar yanvarın 11-də Bakı şəhərinə gəliblər və Binəqədi rayonunda ev tutaraq kirayədə yaşamağa başlayıblar.
Təqsirləndirilən şəxs onu da bildirib ki, yanvarın 21-də Gülərlə birlikdə istirahət etmək məqsədilə Novxanı çimərliyinə gedib. Gülər burada da ata-anasının yanına getmək istədiyini bildirib. Lakin Elman bu dəfə dözməyib və onu öldürmək qərarına gəlib. Bu məqsədlə bıçaqla qızın boğaz nahiyəsini kəsib və öldüyünə əmin olduqdan sonra onu dənizə atıb. Sonra Gülərin itkin düşdüyü barədə polisə müraciət edib və heç nə olmamış kimi Şamaxı rayonuna qayıdıb.
Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunan Elman Kərimov Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.