![]() |
çap et |
|
|||
Azərbaycanda terrorçuluq, dövlətə xəyanət, casusluq və digər ağır cinayətlərdə ittiham olunan Livan vətəndaşları - Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn, Azərbaycan vətəndaşları - Məmmədov Cavad Məmmədrəsul oğlu, Rəsulov Vidadi Rahil oğlu, Amanov Müşfiq Əyyub oğlu, Balaşov Əfqan Yunus oğlunun Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə məhkəmə prosesi başlayıb.
Təqsirləndirilən şəxslər CM 13 maddəsi ilə ittiham olunurlar. Onlar "Hizbullah" və "əl-Qaidə" terror təşkilatlarının rəhbərləri tərəfindən hazırlanıb Azərbaycana göndəriliblər. Bu adamlar İran İnqilab Keşikçiləri Korpusu - "Sepah" təşkilatı tərəfindən İran İslam Respublikasının sərhədindən Azərbaycana keçiblər. "Dörd gün ərzində Bakı ilə tanış oldum" Təqsirləndirilən Kərəki Əli Məhəmməd ifadəsində göstərib ki, 1967-ci ildə Livanın Nəbatiyyə şəhərində anadan olub, milliyyətcə ərəbdir və Tehran şəhərində yaşayıb. Onun sözlərinə görə, Tehranda rəsmi qaydada işləməsə də, həmin şəhərdə "ən-Nəbi" məscidinə gələn turistlərin dini yerlərə səfərlərini təşkil etməklə məşğul olub: "Həmin məsciddə Həmid adlı şəxslə tanış olmuşam. Həmidlə tanış olandan sonra onlarla əməkdaşlıq etmək istəyib-istəmədiyimi soruşdu. Mən də onunla əməkdaşlıq etməyə razılıq verdim. Bildiyimə görə, "ETTELAAT"ın əməkdaşı olan Həmid məni kəşfiyyat işlərində kömək etmək məqsədilə əməkdaşlığa cəlb edib. Həmid ağanın İran xüsusi xidmət orqanının əməkdaşı olduğunu bilsəm də, onun konkret olaraq orada nə vəzifə tutduğunu bilməmişəm, bu barədə heç özü də bir söz deməyib. Bir qədər sonra Həmid mənim Bakıya səfərimi təşkil edib, şəhərlə yaxından tanış olmağı tapşırıb. Bakı səfərindən qayıtdıqdan sonra mənə tapşırıq verəcəyini söylədi. Həmidə Bakını tanımadığımı, Azərbaycan dilini də bilmədiyimi söylədim. Belə olan halda Bakıya necə gedə biləcəyimi soruşdum. Həmid isə cavabında narahat olmamağı, İranda təhsil almış və fars dilini yaxşı bilən bir azərbaycanlının məni qarşılayacağını söylədi". Livan vətəndaşının ifadəsinə görə, Həmidin tapşırığı ilə 2007-ci ilin təxminən avqust ayında Bakı şəhərinə gəlib. Həmid onun Bakıya gəlməsi üçün 2 min ABŞ dolları verib: "Məni Bakıda aeroportda Həmidin adamı qarşıladı. Həmin şəxs adımı kağıza yazaraq məni aeroportda gözləyirdi. O məni adını bilmədiyim bir otelə apardı. Bakıda dörd gün qaldım. Bu günlər ərzində Bakı şəhəri ilə tanış oldum və yenidən Tehrana qayıtdım. Qayıtdıqdan sonra Bakıda gördüyüm işlər barəsində Həmidə məlumat verdim". "İsrail səfirliyinin fəaliyyətindən xəbərdar olmaq "ETTELAAT" üçün zəruridir" Onun sözlərinə görə, təxminən 2007-ci ilin noyabrında yenidən Həmidlə görüşüb. İsrailin Bakı səfirliyinin İran əleyhinə fəaliyyət göstərdiyini və bu işdə bəzi İran vətəndaşlarının İsrailə kömək göstərdiyini qeyd edib. Həmid Livan vətəndaşına Bakı şəhərinə gedib İsrail səfirliyi yerləşən binanın xarici görünüşü, hər mərtəbə barədə, İsrail səfirliyi ilə əlaqə saxlayan, ora gələn İran vətəndaşları, həmin səfirliyə gəlib-gedən avtomaşınlar, səfirliyin necə mühafizə edilməsi, İsrail səfirliyinin fəaliyyəti haqqında məlumat öyrənməyi və bu barədə ona məlumat verməyi tapşırıb. Eyni zamanda, Həmid İsrail səfirliyinin Bakıda "Hyatt Regency" məhmanxanasında yerləşdiyini bildirib: "Həmid mənə fotoaparat verdi və İsrailin Bakıdakı səfirliyinin fəaliyyətindən xəbərdar olmağın "ETTELAAT" üçün zəruri olduğunu bildirdi. Həmid həmin səfər üçün mənə 2200 dollar verdi. Mən də onun göstərişi ilə Bakıya gəldim və onun dediyi otelin yanına getdim. Orada İsrailin bayrağını görəndən sonra həmin ölkənin səfirliyinin orada olduğunu dəqiq müəyyən etdim. Bir neçə dəfə səfirliyin yanından ayrı-ayrı taksilərlə keçərək səfirliyin yerləşdiyi binanı dəqiq öyrəndim. Həmin səfirliyin ətrafında cəmi 30 fotoşəkil çəkdim. Mühafizəçilərin və səfirlik işçilərinin diqqətini cəlb etməmək üçün taksiləri tez-tez dəyşirdim. Səhəri gün Füzuli meydanına yaxın olan kiçik küçədə yerləşən Yəhudi Mədəniyyət Mərkəzinin binası qarşısından sürətlə keçmişəm, bu zaman binanın içərisində heç bir şey olmadığı diqqətimi cəlb edib". Onun sözlərinə görə, üç gün ərzində Bakıda qaldıqdan sonra yenidən Tehrana qayıdıb və İsrail səfirliyinin ətrafında çəkdiyi şəkilləri Həmidə verib: "Həmiddən bu işlərin "ETTELAAT"ın nəzarəti altında olub-olmadığını soruşdum. Həmid heç bir söz deməyərək gülümsündü və bildirdi ki, bu işlər mahiyyətcə böyük işlərdir və İran dövlətinə böyük köməyi dəyəcək". Onun ifadəsinə görə, İsrail səfirliyini mühafizə edən şəxslərin azərbaycanlı yaxud əcnəbi olmasını dəqiq öyrənmək məqsədilə yenidən Bakıya gəlib. Səfirliyin qarşısında taksi ilə dayana bilmədiyi üçün orada piyada hərəkət edib: "Mən səfirliyin qarşısından keçəndə mühafizəçilər orada çoxalırdı. Ona görə də səfirliyin ciddi qorunduğunu başa düşdüm. Mühafizəçilərin də çox diqqətli və sayıq olduğunu gördüm. Yenidən İrana qayıdıb gördüklərimi Həmidə danışdım. Təxminən 2008-ci il aprelin 28-də Həmidin təklifi ilə Qum şəhərində Kərbəlayi Həsənlə görüşdüm və o məni Rəsul adlı azərbaycanlı ilə tanış etdi. Kərbəlayi Həsən məni Rəsula tacir kimi təqdim etdi və Azərbaycana sərmayə qoymaq istədiyimi söylədi. O da yol göstərməyə hazır olduğunu bildirdi". "Hər ay "Hizbullah"dan 900 dollar maaş almışam" Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra yenidən bir neçə dəfə Bakıda səfərdə olub və İsrail səfirliyinin fəaliyyətini yaxından izləyib. Orada gördüklərini Həmidə çatdırıb. Əli Kərəki ifadəsini davam etdirərək qeyd edib ki, "Hizbullah" təşkilatının üzvü olub: "2003-cü ildə "Hizbullah"ın rəhbəri Şeyx Nəsrullahın dini məsələlər üzrə müşaviri Şeyx Əkrəm tərəfindən "Hizbullah" təşkilatının İranda nümayəndəsi təyin olunmuşam. Rəsmi olaraq hər ay "Hizbullah"dan 900 ABŞ dolları məbləğində əməkhaqqı almışam. Livandan göndərilən "Hizbullah" üzvlərini qarşılayaraq onların İran xüsusi xidmət orqanı olan "Sepah"ın düşərgələrində hərbi təlim keçmək üçün göndərilməsini təşkil etmişəm. Həmin şəxsləri "Sepah-e-Qüds" təşkilatı vasitəsilə hərbi təlim keçməyə göndərməklə məşğul olmuşam". ![]() Onun sözlərinə görə, Həmid Bakıda onu Əflatun adlı şəxslə tanış edib və o, Həmiddən aldığı pulları Əflatuna çatdırıb: "Təxminən 20 gündən sonra Həmid məni yanına çağıraraq Əflatunun İsrail səfirliyi ilə üzbəüz binada kirayə mənzil tutduğunu dedi. O həmin mənzilə texnika yerləşdirməyi tapşırdı. Həmçinin Həmid ya İrandan, ya da "Hizbullah"dan bir nəfər bu işləri bilən mütəxəssisi Bakıya göndərəcəyini, bu işlərdə bizə köməklik göstərəcəyini bildirdi. Bir neçə gün sonra isə Həmid mənə "Hizbullah" ilə danışdığını, zəruri texnika və mütəxəssis verəcəklərini bildirdi". Onun sözlərinə görə, yenidən Qum şəhərində "Sepah" fəalı Kərbəlayi Həsənlə görüşüb. Onun ifadəsinə görə, həmin görüş zamanı Kərbəlayi Həsən onu Rəsulov Vidadi ilə tanış edib və həmin şəxs Bakıda ona kömək edəcəyini bildirib: "Vidadinin də "Sepah"la bağlı şəxs olduğunu bildim". "Hacı Abbas hədəfin Azərbaycan olduğunu qeyd etdi" Onun sözlərinə görə, Həmidin tapşırığı ilə Livana gedib və orada Hacı Abbasla, Əli Nəciməddinlə görüşüb: "Söhbət zamanı Hacı Abbas hədəfin Azərbaycan olduğunu qeyd etdi. Daha sonra Hacı Abbas Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən İsrail səfirliyinə qarşı əməliyyat həyata keçiriləcəyini, Əli Nəciməddinin kömək edəcəyi adamın azərbaycanlı Əflatun adlı şəxs olduğunu, onun fars dilini mükəmməl bildiyini söylədi və İsrail səfirliyinə qarşı keçiriləcək əməliyyatlar barədə bizə tapşırıqlar verdi". Əli Kərəki ifadəsində Bakıya birlikdə gəldiyi Əli Nəciməddini əvvəldən tanıdığını, onun da Livan vətəndaşı olduğunu, Beyrut şəhərində yaşadığını, 20 ildən artıq "Hizbullah" təşkilatının üzvü olduğunu bildirib. Onun sözlərinə görə, Bakıda İsrail səfirliyi ilə üzbəüz kirayə tutulan evdə texnikalar yerləşdirdikdən sonra yenidən İrana qayıdıb və evdə texnikanın yerləşdirilməsini "Sepah" üzvünə məruzə edib. Əli Nəciməddin isə Bakıda qalıb, İsrail səfirliyi barədə məlumat toplayıb. Kərəki Əli Məhəmməd həbs olunan zaman dəstə üzvlərindən tapılan narkotik vasitələrin ona məxsus olduğunu, terrorçuluq cinayətini törətməsi ilə bağlı təkcə iştirak etdiyini və digər həbs edilən şəxsləri tanımadığını bildirib. Məhkəmədə digər təqsirləndirilən Livanlı Nəciməddin Əli Hüseyn də ifadə verib. O, ifadəsində "Hizbullah" təşkilatı tərəfindən hazırladığını, İranın Sepah" təşkilatı tərəfindən Azərbaycana göndərildiklərini etiraf edib. Məhkəmədə mühakimə olunan Azərbaycan vətəndaşları isə ifadə verməkdən imtina ediblər. Onlar elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Bildiriblər ki, heç bir əsas olmadan həbs ediblər. Qeyd edək ki, cinayət işində adı hallanan Əflatun Qasımovun barəsində isə eyni ittiham üzrə axtarış elan edilib. |