Qızmar günəş altında satılan ərzaq məhsulları bir çox hallarda əhali arasında zəhərlənmələrə səbəb olur. Açıq havada satışı düzgün olmayan bir çox ərzaq məhsulları gün altında saxlanır və əhaliyə təklif olunur. Belə hallara hər həftəsonu paytaxtın bir sıra obyektlərində təşkil olunan ərzaq yarmarkalarında da rast gəlinir. Yarmarkalarda digər məhsullarla yanaşı əhaliyə toyuq, mal, qoyun əti, yumurta təklif olunur. Kəsilmiş toyuq, qoyun və dana əti yarmarkaların girişində, açıq havada saxlanır və istehlakçılara təklif olunur. Yarmarkalarda ət satıldığını həmin yerin 100-150 metrliyindən duymaq olar. Günün altında qalan ətin nə vəziyyətdə olmasını isə təsəvvür etmək çətin deyil. Amma satılan ətin qiymətinin digər yerlərlə müqayisədə ucuz olduğu üçün alıcıları da az deyil.
Bakı Şəhər Baş Baytarlıq İdarəsinin sədr müavini Vəli Qarayev kənd təsərrüfatı yarmarkalarında ət satışını normal hal sayır. Təsdiqləyir ki, həftəsonu keçirilən yarmarkalarda digər məhsullarla yanaşı ət də satılır. Bu yarmarkalar səyyar xarakter daşıyır və vətəndaşlar öz məhsullarını həmin yarmarkalarda sata bilir: "Buna görə də həftənin bir-iki günü fəaliyyət göstərən yarmarkalarda soyuducular quraşdırmağı tələb etmək olmur. Amma həmin ət məhsullarının üzərinə həşaratlar qonmaması üçün üzərini bağlayırlar. Eyni zamanda günəş şüalarının təsirindən qorumaq üçün ət məhsullarının satıldığı ərazidə kölgəliklər yaradılır. Satıcılar özləri də bilir ki, yay mövsümündə ət məhsulları açıq havada qalanda tez xarab olur. Xarab məhsulları isə alıcılar almayacaq. Buna görə onlar özləri də məhsullarının xarab olmaması üçün mümkün tədbirləri görürlər".
Vəli Qarayev yay mövsümündə təşkil olunan kənd təsərrüfatı yarmarkalarında ət məhsulları satışına qadağa qoyulmasını düzgün saymır: "Gerçəklik odur ki, səyyar yarmarkalarda ət məhsullarının satışı üçün standartlara uyğun şərait yaradılmasını tələb etmək mümkün deyil. Yarmarkalarda ət məhsullarının satışının qadağan edilməsi də mümkün deyil. Çünki əhalinin həmin məhsullara tələbatı var. Müşahidə aparılsa, görünər ki, əhali həmin məhsulları alır. Belə yarmarkaların keçirilməsi ilə bağlı yuxarı icra orqanlarının müvafiq qərarları var. Buna görə də kiminsə şəxsi istəyi ilə həmin yarmarkalarda məhsulların satışını qadağan etmək mümkün deyil. Bu addımın atılması üçün hava proqnozu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatı əsasında qərar verilə bilər. Həm də Səhiyyə Nazirliyi müvafiq addımlar ata bilər. Eynilə, həddən artıq istilər olduqda işlərin təxirə salındığı, məktəblərin bağlandığı kimi".
|