![]() |
çap et |
|
|||
Avqustun 26-da Hollandiyanın Rotterdam şəhərində cüdo üzrə kişi və qadınlar arasında dünya çempionatında mübarizə aparacaq Azərbaycan milli komandasının heyəti açıqlandı. Millimizin baş məşqçisi Ağayar Axundzadədən aldığımız məlumata görə, çempionat 5 gün davam edəcək və bu mötəbər yarışda ölkəmiz 6 cüdoçu ilə təmsil olunacaq.
Kişi cüdoçuların yarışında Sərxan Əhmədov (66 kq), Elçin Qasımov (73 kq), Ramil Qurbanov (81 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) mübarizə aparacaqlar. Qadınlar arasında isə yalnız Kifayət Qasımova (57 kq) çıxış edəcək. Komandamız dünya çempionatından əvvəl Norveçin paytaxtı Osloda təlim-məşq toplantısı keçirəcək. Cüdoçularımız Osloya avqustun 10-da yollanacaq və ikihəftəlik hazırlıq prosesindən sonra Rotterdama üz tutacaqlar. Dünya çempionatı cüdo yığmamız üçün ilin ən vacib yarışı hesab olunsa da, millimiz mübarizəyə optimal heyətlə qatıla bilməyəcək. Belə ki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Elnur Məmmədli (73 kq) və bürünc mükafatçı Mövlud Mirəliyev (100 kq) dünya çempionatına aparılmayacaqlar. Elnur Məmmədli hazırda dizindəki, Mövlud Mirəliyev isə onurğa sütunundakı zədəsini müalicə etdirir. Bu heyətdə Elxan Məmmədov və Kifayət Qasımovanı çıxmaq şərti ilə qalan cüdoçuların böyük yarış təcrübəsi o qədər də yüksək deyil. Bu mövsüm zədəsinə görə yarışlarda çıxış etməyən Kifayət Qasımova əvvəlki formasını bərpa etməkdədir. Kifayətdən fərqli olaraq Tbilisidə keçirilən Avropa çempionatının bürünc mükafatını qazanan və Buxarestdə keçirilən dünya kuboku yarışlarının qalibi olan Elxan Məmmədov hazırda yaxşı formadadır. Göstərdiyi son nəticələrə və yarış təcrübəsinə inanan məşqçilər korpusu dünya çempionatında məhz onun yaxşı çıxış edəcəyinə xüsusi ümid bəsləyir. 66 kq çəki dərəcəsində Sərxan Əhmədov öz sözünü deməyə çalışacaq. Ramil Qasımova gəlincə, bu idmançı Almaniyada keçirdiyi cərrahiyyə əməliyyatından sonra formasını bərpa etmək üzrədir. Elçin Qasımov (73 kq) üçün Rotterdam yarışı daha bir sınaq olacaq. Ramin Qurbanov isə bir qədər əvvəl Belqradda keçirilən universiadanın qalibi olub. İstənilən halda ehtimal etmək olar ki, Ramin Rotterdamda öz bacarığını ortaya qoya biləcək. 100 kq çəki dərəcəsində isə ölkəmizin şərəfini Elmar Qasımov qoruyacaq. Ağır çəki dərəcəsində mübarizə aparacaq bu idmançının qazandığı nəticələr onun gələcəyinə ümidlə baxmağa imkan verir. Belə ki, Elmar bir qədər əvvəl Hamburqda keçirilən qran-pri yarışlarında 5-ci yeri tutub. |