![]() |
çap et |
|
|||
2010-cu ildə Cənubi Afrika Respublikasında keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avropa zonası üzrə növbəti oyunlar avqustun 12-də olacaq. 4-cü qrupda yer alan milli komandamız Tofiq Bəhramov adına Respublika stadionunda üçqat dünya çempionu Almaniya yığmasını qəbul edəcək. Bu qrupda yığmamızdan başqa, Rusiya, Finlandiya, Uels və Lixtenşteyn komandaları da mübarizə aparır.
Berti Foqtsun başçılıq etdiyi yığmamız 2010-cu il dünya çempionatının seçmə mərhələsində indiyədək beş oyun keçirib. Futbolçularımız bundan əvvəl Finlandiya, Rusiya yığmalarına səfərdə, Uels millisinə isə Bakıda uduzublar. Millimiz Lixtenşteyn yığması ilə Bakıda heç-heçə oynayıb. Azərbaycan yığması hazırda yalnız Lixtenşteyni qabaqlayaraq 1 xalla qrupda beşinci yerdədir. Komandamızın çıxış etdiyi qrupda Almaniya komandası 16 xalla birinci pillədədir. İkinci pillədə qərarlaşan Rusiya yığmasının 15 xalı var. Finlandiya 10 xalla üçüncü, Uels yığması isə 9 xalla dördüncü pillədə qərarlaşıb. Azərbaycan və Lixtenşteyn kollektivlərinin 1 xalı var. Almaniya yığmasının heyəti yaxın günlərdə Bakıya gələcək. Baş məşqçi Yoahim Löv Bakıda keçiriləcək matça 20 futbolçu çağırıb. 49 yaşlı mütəxəssis əvvəlcədən söz verdiyi kimi, ölkəmizə iki qapıçı gətirəcək. Neçə vaxtdır zədədən əziyyət çəkən Mixael Ballakı da heyətə daxil edən Löv iki gənc futbolçuya da güvənməyi məqsədə uyğun sayıb. Heyət belədir: Qapıçılar: Robert Enke ("Hannover), Tim Vize ("Verder"); Müdafiəçilər: Arne Fridrix ("Herta"), Filip Lam ("Bavariya"), Per Mertezaker ("Verder"), Marsel Şafer ("Volfsburq"), Sərdar Taşçı ("Ştutqart"), Heyko Vestermann ("Şalke-04"); Yarımmüdafiəçilər: Mixael Ballak ("Çelsi", İngiltərə), Kristian Gentner ("Volfsburq"), Tomas Hitsleperger ("Ştutqart"), Marsell Yansen, Pyotr Traxovski (hər ikisi "Hamburq"), Sami Xedira ("Ştutqart"), Məsut Özil ("Verder"), Bastian Şvaynştayger ("Bavariya"); Hücumçular: Kakau ("Ştutqart"), Mario Qomes və Miroslav Kloze (hər ikisi "Bavariya"), Lukas Podolski ("Köln"). Almaniya milli komandasının baş məşqçisi Bakıda keçiriləcək oyunla bağlı yerli mətbuata geniş müsahibə verib. Alman mütəxəssis Azərbaycan komandasına qarşı matçla bağlı bunları deyib: "Dünya çempionatının seçmə mərhələsi başa çatmaq üzrədir. Bizim növbəti çətin oyunlarımız Azərbaycan və Rusiya ilə səfər matçlarıdır. Belə bir məqamda hər hansı rəqibi qiymətləndirməmək düzgün olmazdı. Məhz bu səbəbdən Bakıdakı qarşılaşma böyük önəm kəsb edir. Bizim də vəzifəmiz oyuna ciddi yanaşıb istəyimizə çatmaqdır. İndi yalnız Bakıda səfər matçımız haqqında düşünürük. Rusiya bizim üçün hələ birinci dərəcəli deyil". Azərbaycan yığması artıq 10 gündür Almaniya ilə oyuna hazırlaşır. Millinin əsas qapıçısı Kamran Ağayev zədəli olduğuna görə onu "Qarabağ"ın qapıçısı Fərhad Vəliyev əvəz edəcək. Azərbaycan - Almaniya matçı Bakı vaxtı ilə 21.00-da başlanacaq. |