çap et  
İran müxalifətindən 100 nəfər məhkəmə qarşısında
Proses qapalı keçirilir, onlara iclasdan öncə ittihamnamə verilmir
Şənbə, 08.08.2009

S.Soltan

İran müxalifəti total basqı altındadır. Parlamentin mühafizəkar xətdən olan təmsilçiləri müxalifət lideri Mirhüseyn Musəvini məhkəməyə verib. Bu barədə məclisin məhkəmə məsələləri komissiyasının üzvü Məhəmmədtağı Rəhbər bildirib. Onun sözlərinə görə, Musəvi və keçmiş prezident Məhəmməd Xatəmi seçkidən sonra küçələrdəki etiraz aksiyalarının əsas baiskarlarıdır: "Biz Musəvi barəsində ədliyyə orqanlarının istintaq işinə başlamasını istəyirik". Komissiya üzvü deyib ki, onların bəyanatları, çağırışları insanların ölməsinə, kütləvi başıpozuqluğa səbəb olub.

Bəlli olduğu kimi, 100 nəfərin məhkəmə prosesi başlayıb. Onların arasında Xatəminin müavini olmuş Məhəmmədəli Əbtəhi də var. Ancaq mühafizəkarların qənaətincə, hadisələri təşkil edən ikinci dərəcəli şəxslərdəndir. Prezidentin keçmiş müavini məhkəmədə bildirib ki, "məxməri inqilabın gerçəkləşdirilməsi təşkilatçıların əsas hədəfi" imiş. Əbtəhinin sözlərinə görə, prezident seçkisi zamanı pozuntuların olduğu barədə "yanlış bəyanatlar verilməli və əhali etiraz aksiyalarına təhrik edilməli idi".

Bi-Bi-Si-nin məlumatına görə, Əbtəhi deyib ki, Haşimi-Rəfsəncani, Mirhüseyn Musəvi və Məhəmməd Xatəmi arasında prezident seçkisinin nəticələri ilə bağlı biri-birini müdafiə etmək haqda anlaşma imzalanıbmış.

Mühakimə olunanlar arasında Məhəmmədəli Əbtəhi ilə yanaşı, keçmiş xarici işlər nazirinin müavini Möhsün Əminzadə, sabiq sənaye naziri və İslam Mücahidləri Təşkilatı Mərkəzi Şurasının üzvü Behzad Nəbəvi, islahatçı sayılan Müşarikət İran İslam Cəbhəsinin baş katibi Möhsün Mirdamədi, bu qurumun siyasi şurasının üzvləri Abdulla Ramazanzadə və Möhsün Səfai-Fərahaninin də adları var.

Məhkəmə başlayan gün isə Musəvi mühakimə olunanların işgəncəyə məruz qaldıqları barədə bəyanat verib: "Orta əsr işgəncələrini xatırladan metodlarla etiraf qoparmaqla xalqı necə razı salacaqsınız?"

Xatəmi məhkəmə prosesini dəyərləndirərək, bunun ölkə Ana Yasasına zidd olduğunu vurğulayır. "Frans Press"in məlumatına görə, Xatəmi deyir ki, mühakimə edilənlər şəraitə uyğun etiraf edib, bu isə həmin ifadələrin doğruluğuna şübhələri artırır, məhkəmə prosesi qapalı keçirilir, onlara iclasdan öncə ittihamnamə verilmir.