![]() |
çap et |
|
|||
Xəbər verdiyimiz kimi, müğənni Zülfiyyə Xanbabayeva konsert proqramına hazırlaşır. Sənətçinin qəzetimizə bildirdiyinə görə, konsert qızı Dənizin doğum günü ərəfəsində olacaq. "Bu barədə geniş danışmaq üçün kifayət qədər məlumatım yoxdur. Tarix və bir sıra işlər hazırlıq ərəfəsindədir. Yaxın günlərdə bu barədə ətraflı məlumat veriləcək. Onu da qeyd edim ki, ötən həftədən başlayaraq musiqiçilərlə məşq edirik".
Zülfiyyə Xanbabayeva konserti ərəfəsində nə təmtəraqlı səhnə söz verir, nə də böyük vədlər söyləyir: "Bu həmişə belə olub. Konsertdən əvvəl heç kim deyə bilməz ki, hər şey onun vədləri ilə üst-üstə düşəcək. Zülfiyyəni istəyən konsertə elə vədsiz də, təmtəraqsız da gələcək. Bircə onu deyə bilirəm ki, əsl konsert olacaq. İstər musiqiçilər, istər səhnə baxımından həmişə dinləyici zövqünü oxşamağa çalışmışam". Məşqdən qalan vaxtını istirahət üçün ayıran müğənni repertuardan da azacıq söhbət açdı. Dedi ki, onun yeni proqramı Rəşad Haşımovun rəhbərlik etdiyi musiqiçi qrupun müşayiəti ilə səhnə həllini tapacaq. Lakin konsertin keçiriləcəyi məkan hələ bəlli deyil. Söhbət əsnasında konsert layihəsini bölgələrdə də davam etdirmək fikrində olduğunu deyən müğənni belə dedi: "Bakıda konsert verdikdən sonra eyni proqramla bölgələrə qastrola çıxmağı düşünürəm. Bu layihə silsilə şəklində həyata keçiriləcək". Bir çox həmkarlarından fərqli olaraq Zülfiyyə xanımın konsertlərini maliyyələşdirmək problemi yoxdur. Onun prodüseri Nigar Hacızadənin dediyinə görə, bu işlə özü birbaşa məşğul olur: "Həm də heç bir sponsor istedadı olmayan müğənniyə pul sərf etməz. Əgər sponsor hansısa müğənniyə külli miqdarda pul yatırırsa, əvəzində reklam olunmasını istəyir. İstedadı, səsi olmayan müğənni sponsora necə reklam gətirə bilər? Bir cox gənc ifaçılara pullar xərclənib. Amma bu gün onlar səhnədə yoxdur. Deməli, kimisə pulla müğənni eləmək olmaz. Müğənninin səsi olmalıdır". |