çap et  
Tünzalə Ağayeva: "Səmimilik insanın danışığında yox, əməlindədir"
Tünzalə Ağayeva: "Səmimilik insanın danışığında yox, əməlindədir"
Sənətçinin sənətə və insanlara baxışı
Şənbə, 08.08.2009

Sevinc İsmayıl

Hər qadına milləti tərəfindən sevilmək nəsib olmur. Bunun üçün istedadlı, savadlı və gözəl insan olmaq gərəkdir. Bugünkü həmsöhbətim də bir çox etiraflar etdi. Etirafların biri də ondan ibarətdi ki, onu sevən insanların sayı onun üçün önəmli deyil. "Qoy məni bir insan sevsin, amma ürəkdən, qəlbdən sevsin" dedi. Verdiyi açıqlamaya görə, şəxsi həyatında da sevib-sevilir və həyatını bölüşdüyü yarı var.

Xoşbəxt qadındır, onu xoşbəxt edən imanıdır. Çoxları bu xanımı gələcəyin millət vəkili kimi görür. Amma özü söyləmişkən, müğənnilikdən əvvəl mahnı müəllifi idi və müğənni olmaq fikrinə düşməmişdi. Bu gün efir məkanında bu xanım tez-tez qonaq olur. Özü də onu təkcə oxumağa yox, həm də danışmağa, ciddi mövzular müzakirə etməyə dəvət edirlər. Sözsüz ki, bu söhbətləri dar düşüncəli, bəsit təfəkkürlü müğənnilərlə qurmaq mümkün deyil.

Deyir ki, avtomobili ikinci evinə çevrilib, günün yarısını yolda keçirir və eyni marşrutdan kənara çıxmır. Ev, səsyazma studiyası, verilişlər-çəkilişlər, konsert pavilyonları, fərdi tədbirlər, yenə də ev. Buna baxmayaraq ailəsinə, Fidan adlı bircə övladına yetərincə diqqət ayırmağa çalışır. Xeyirxahlığından, ibadətindən qalmır. Beləliklə, "Art-klub" rubrikasının bugünkü qonağı ən gənc əməkdar artist Tünzalə Ağayevadır.

- Siz sənətdə və cəmiyyətdə öz yerini tapan və çəkisi olan xanımların siyahısına aidsiniz. Qadın olmağın ən böyük çətinliyi nədədir? - Öncə onu qeyd etmək istəyirəm ki, nəinki qadınların, ümumiyyətlə, vəzifəsindən və təbəqəsindən asılı olmayaraq hər kəsin ilk və ən vacib missiyası insan olmaqdır. Amma sözsüz ki, dünyaya övlad gətirib onu tərbiyə edib cəmiyyətə təslim etmək kimi çətin və eyni zamanda, şərəfli missiya Allah-Təala tərəfindən məhz qadınlara buyurulub. İstər-istəməz insan öz davranışı ilə öz ailəsini, tərbiyəsini nümayiş etdirir. Düzdür, "fors-major" hadisələr də baş verir - Allah iraq etsin, gözəl bir ananın uğursuz övladı ola, o pis yollara düşə bilər. Amma ana nəyin bahasına olursa olsun, övladını düz yola çəkməyə çalışmalıdır. Bütün elmlər içərisində ən çətin elm analıq elmidir. Hər şey mənəviyyata bağlıdır. Sən uşağı qızıla bələyib onu qızıl qəfəsdə saxlasan da, tərbiyəsi ilə məşğul olmasan, övladının mənəviyyatı formalaşmayacaq. - Qadını xoşbəxt etmək üçün nə lazımdır? - Əgər biz anadan danışırıqsa, onun ən böyük xoşbəxtliyi övladının sağlamlığı və evində, ocağında əmin-amanlığın bərqərar olmasıdır. Məncə, ən böyük xoşbətlik - mənəvi rahatlıqdır. Bilirsiniz, ana o qədər təmənnasız varlıqdır ki, Allahın sevdiyi keyfiyyətlər ən çox analarda müşahidə olunur. Elə məhz həmin o təmənnasız məhəbbət Allahdan sonra analarda var, heç atalarda da yoxdur. Belə bir atalar sözü də var ki, cənnət anaların ayaqlarının altındadır.

Övlad ana-ataya qarşı çıxırsa, ən böyük günah işlətmiş olur. Qadının psixoloji, sosioloji baxımdan rahatlığı varsa, bu, böyük xoşbəxtlikdir. Eyni zamanda, qadın ən zərif məxluqdur və hər zaman köməyə, dəstəyə, qayğıya ehtiyacı var. Bir düşünək: qadının övlad dünyaya gətirmə prosesində çəkdiyi ağrılara heç bir kişi tab gətirə bilməz. Ən böyük gözəllik ağrı ilə, göz yaşı ilə başlayır. Heç bir gözəllik yüngüllükdən, parıltıdan ibarət deyil, gözəlliyin kökündə çətinlik, əzab-əziyyət var.

Təbii ki, kişilərin də tam başqa, yenə də vacib missiyaları var. İnsan öz yarısına, valideynlərinə, ailəsinə, dostlarına bağlanır və haradasa onlardan asılı olur. Heç kəs deməsin ki, mən heç kimdən asılı deyiləm. Mən heç bir qadına, kişiyə tənhalıq arzu etmirəm, çünki biz mənən bir-birimizdən qidalanmalıyıq. - Bəs Tünzalə xanımın mənən "qidalandığı" yarı var? - Şəxsi həyatımla maraqlanan tamaşaçılarımı çox gözəl başa düşürəm, axı onların içərisində narahatlıq keçirənlər də var ki, görəsən, Tünzalənin həyatında hər şeyi bölüşə biləcəyi, onu sevən insan varmı? Onlara demək istəyirəm ki, rahat olun, həyatımı bölüşdüyüm yarım var! Amma bu xətdən o yana keçə bilmərəm. - Deməli, xoşbəxt qadınsınız? - Əlbəttə. Amma hər şeydən önəmlisi odur ki, bir azərbaycanlı xanımı, ana, qadın kimi mənliyimi, adımı qorumağa çalışmışam. - Müsahibələrinizin birində söyləmişsiniz ki, ən çox nifrət etdiyim insan da özüməm, ən çox sevdiyim insan da. İnsan özünü sevməlidir, bu, normaldır, bəs nəyə görə özünüzə nifrət etmişsiniz? - Çünki insanın ən dəhşətli düşməni yalnız özü, öz nəfsi ola bilər. Daxilimizdə yaxşı istəklər də ola bilər, bizi yoran, məhv edən istəklər də. Bir də görürsən ki, bütün zamanını, aylarını, illərini bir insana həsr edirsən və sonda başa düşürsən ki, yanlış bir yolda imişsən. Bu fikrə əsaslanaraq demişəm ki, dostum da mənəm, düşmənim də. - Deyirlər ki, insanın ağılsız hərəkətləri xoş niyyəti nəticəsində yaranır. - Olur ki, kiminsə yaxşılığına çalışırsan, o isə bunu pislik kimi qəbul edir. Amma indiki zamanda xoş niyyətli, misal üçün, kimisə dinə gətirməyə jest ediriksə, alınmasa da, niyyətimiz bizə yetər. Kim dəvətimizi qəbul etmirsə, bu onun öz işidir. Sən insanı doğru yola çəkmək istəyəndə və bu alınanda sevinirsən, bundan ruhlanırsan, alınmayanda isə sınırsan. Amma gərək sınmayaq. - Bu gün incəsənət aləmində ən dəbdə olan mövzulardan biri səmimilik və sünilikdir. Sizcə, səmimilik nədir? Səmimi olmaq çoxmu çətindir ki, bu gün bir çox sənət adamları süniliyə üstünlük verirlər. - Səmimilik insanın danışığında yox, əməlindədir. İnsan çox gözəl bir mətni əzbərləyib onu efirdə danışa bilər, amma onun gözlərinin ifadəsi, hər hərəkəti, həyatda tutduğu yol onun sözlərinin nə qədər səmimi olduğunu göstərəcək. Səmimilik nəyisə ağartmaq, nəyisə açıq-aşkar göstərmək demək deyil. Həmin hərəkətlər etikadan və əxlaqdan kənar olan şeylərdir. Əgər bir insana sözüm varsa, bu sözümü efirdə yox, onunla görüşüb haqqını, mənliyini tapdamadan üzünə söylərəm. Sənətkar olmaq asandır, insan olmaq yox. Səmimilik isə insanlığın əsas qollarından biridir. Amma səmimilik bir Allah vergisidir, onu almaq, onun məktəbini keçmək mümkün deyil. Əgər insan səninlə hansısa maraqlarına görə ünsiyyət qurursa, artıq bu yerdə səmimiyyət ola bilməz. Mənə görə, süni insanlarla ehtiyatlı olmaq lazımdır. - Deyirlər ki, qadın nəyi istəyirsə, Allah da onu istəyir. Tünzalə xanım bu gün həyatdan nələri istəyir? - Hər bir ana öncə balasının xoş gününü görmək istəyir. Ümumiyyətlə, qadın əvvəlcə ətrafındakı insanları düşünməlidir. Ailəmin hansısa bir üzvünün, qonşumun, dostumun hansısa ciddi bir problemi varsa, necə xoşbəxt ola bilərəm? Şəxsən mənim mexanizmim belə qurulmayıb. Əgər ailəmdə, ətrafımda öz yollarını tutmuş, sağlam həyat tərzi sürən insanlar varsa, mən qismətimdən narazı qala bilmərəm. - Tünzalə xanımın həyatında dini inanc hansı rol oynayır? - Biz islamın, onu çatdıran peyğəmbərin, müqəddəslərin tarixini bilməliyik. Necə ola bilər ki, biz siyasətçiləri, incəsənət xadimlərini tanıyaq, amma Allahın qanunlarını bizə çatdıran insanları tanımayaq? O dünyada bizdən ilk sorğu "dinin nədir, peyğəmbərin kimdir" olacaq. Biz bunları bilməsək, nə dəyərimiz olacaq? Ümid edirəm ki, Allah ibadətlərimi qəbul edəcək, hər halda, sadəcə, borcumu yerinə yetirirəm, bununla öyünmürəm. Hərdən kimsə mənə "Tünzalə xanım, siz necə gözəl danışırsınız" deyəndə içimdə Allahıma müraciət edirəm: "Ya Rəbbim, əgər sözlərimdə səmimilik yoxdursa, məni lal et. Qoy mən lal olum, amma doğru bəndən olum".

İnsan hər an səhvə meyillidir. Çoxları bu gün söyləyir ki, Allah mənim qəlbimdədir, mən ona ibadət etməsəm də olar. Bir misal gətirmək istəyirəm: ana və ata övladını boya-başa çatdırır, övlad isə bir gün onlara gəlib söyləyir ki, anam və atam, mən sizi qəlbimdə dünyalar qədər sevirəm. Amma sizin əmrlərinizə tabe olmayacağam, sizi saymayacağam, hər şeyi öz bildiyim kimi edəcəyəm. Bu hansı valideynin xoşuna gələr. İnsan sonda yalnız öz vicdanı ilə üz-üzə qalacaq. Lev Tolstoy demişkən, vicdan Allahın nurudur.

- Qurandan çox misallar gətirirsiniz. Sizcə, musiqi haramdır? - Məhəmməd peyğəmbər buyurub ki, əsl musiqini siz cənnətdə güldən, çiçəklərdən eşidə biləcəksiniz. Bu gün saysız-hesabsız dini kitablar var, ədəbiyyat müxtəlifdir. Amma gəlin, sadəcə, məntiqlə fikirləşək. O musiqi ki, insanı pisliyə, aqressiyaya dəvət edir, şəhvət hissləri yaradır, haramdır. Amma mən Fikrət Əmirovun simfonik muğamlarına, Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operasına qulaq asıb onlara necə haram deyim?! - Hətta islamda belə fikir var ki, musiqi insanı kədərləndirirsə, bu artıq düzgün deyil... - Bu gün bizi kədərləndirən və düşündürən ilahi musiqilər var. Məhəmməd peyğəmbər deyib ki, əgər sizin qəlbinizdə kədər, qəm yoxdursa, siz necə Allahı tanıya bilərsiniz? Kefin, damağın içində Allahı necə tanımaq olar? İnsan alim ola bilər, amma cahildirsə, Allahın bədbəxtidir. Bu gün bir balaca yaxşılıq edən kimi, o dəqiqə Allahdan onun qarşılığını gözləyən dar şüurlu insanlar da var. Amma mən düşünürəm ki, hər bir yaxşılıq Allah naminə, səmimiyyətlə və qarşılığını gözləmədən edilməlidir. Bir gözəl hədis söyləmək istəyirəm: "Bir gün bir şagird öz xocasına yaxınlaşır və sual verir: "Xocam, şəriət nədir, təriqət nədir, həqiqət nədir?" Xoca şagirdinə cavab verir: "Get o dəstəmaz alan üç kişinin hərəsinə bir şillə vur". Şagird birinci kişiyə şillə vurur, həmin insan şillə ilə şagirdə cavab qaytarır. Xoca söyləyir ki, şəriətdir, yəni insanların xarici görünüşünə, hərəkətlərinə reaksiya verir. Şagird ikinci kişiyə şillə vuranda o, şilləni qaytarmır, amma dönüb şagirdə hirsli-hirsli baxır. Xoca deyir: "O cavab verməsə də, onda aqressiya hissi yarandı, bu təriqətdir". Amma üçüncü şəxsə şillə dəyəndə o sanki heç nə olmamış kimi dəstəmazını almağa davam etdi, üsyan etmədi. Xoca deyir: "Bu isə həqiqətdir".

Yəni demək istəyirəm ki, bəzi insanlar başlarına bir pis iş gələndə Allaha "nəyə görə?" sualı ilə müraciət edirlərsə, bu artıq onların tam iman sahibi olmadıqlarına bir sübutdur. Allah mənə yükü veribsə, deməli, məni buna layiq görüb. Yükü verən də, alan da odur.