çap et  
Natəvan Həbibi qumsal adaya üz tutur
Natəvan Həbibi qumsal adaya üz tutur
Klipini orada ekranlaşdıracaq
Şənbə, 08.08.2009

Zəminə Rüstəm

Son aylar yaradıcılığının bir qolunu Moskva istiqamətinə yönəldən Natəvan Həbibi tezliklə klip çəkdirəcəyi barədə danışdı. Dedi ki, bu, klip bazarında liderlik edən ekran görüntülərini geridə qoyacaq. Özünü heç kimə bənzətmək istəməyən sənətçi klipinin də seçiləcəyini bildirdi. Yaradıcılıq işi barədə təfərrüatı ilə danışan Natəvan Həbibi söylədi ki, ekranlaşdırılacaq mahnı duet şəklində lentə alınacaq. Lakin o, duet ortağının kim olacağını söyləmək istəmədi: "Hazırda duetin studiyada yazılma prosesi gedir. Lakin bu işi təfərrüatı ilə açıb danışmaq istəmirəm. Çünki qarşıda nələrin baş verəcəyini bilmirəm. Amma bu işə böyük həvəslə hazırlaşmışıq. Onu da əlavə edim ki, klipin adaların birində çəkilməsi nəzərdə tutulur".

Çəkilişlərin Abşeron adalarının birində aparılacağını deyən müğənni yenə təfərrüata varmaq istəmədi. Hətta rejissorun adını sirr saxlayaraq kiçik yaradıcılıq işinin geniş şəkildə işıqlandırılmasını istəmədi.

Xatırladaq ki, Namiq Qaraçuxurlunun "Gecələr" mahnısının klipi də Abşeron adalarından birində çəkilib. Amma, nədənsə, Natəvan adada çəkdirəcəyi klipi ilə həmkarları arasında yenilik edəcəyini iddia edir.