çap et  
Elza Seyidcahan məscid tikdirmək fikrinə düşüb
Elza Seyidcahan məscid tikdirmək fikrinə düşüb
Onun hacılar üçün verəcəyi konsert xeyriyyə xarakteri daşıyacaq
Şənbə, 08.08.2009

Z.Rüstəm

Elza Seyidcahanın heyvanlar üçün nəzərdə tutulan konserti ətrafında yerli və xarici mətbuatda kifayət qədər yazılar getdi. Konsert xəbəri musiqiçilərin müzakirəsinə səbəb oldu. Onların bir qismi isə Elzanın bu ideyasını ironiya ilə qarşılayaraq bu mövzuda xoş fikirlər söyləmədi. Buna baxmayaraq konsert oldu. Fəqət onun tarixə düşüb-düşməyəcəyi bəlli deyil.

Bu sıradan layihələrini davam etdirən sənətçi xəbəri ilk öncə mətbuat işçiləri ilə bölüşdü. Dedi ki, bu dəfə hacılar üçün oxuyacaq. Bəstəkar-müğənni artıq konsertin hazırlığına başladığını bildirir: "Bildiyiniz kimi, avqustun sonu müqəddəs Ramazan ayı başlayır. Belə bir tarixdə hacılar və hacıxanımlar üçün konsert verməyi özümə borc bilirəm".

Konsert proqramının təqdimatı isə sentyabr ayının ilk günləri üçün nəzərdə tutulur. Proqramı klassikləşdirən müğənni belə bir açıqlama verdi. Bildirdi ki, konsert Nəsiminin qəzəllərinə yazılmış mahnıların ifası ilə keçiriləcək. Mahnılar hamısı yenidir və bunların musiqi müəllifi özüdür".

Elza xanımın dediyinə görə, layihə "Hamı məni dinləyir" adlanır və bu silsilə şəklində ilin bütün fəsillərində davam etdiriləcək. Söhbətimizdə daha bir məqam aydın oldu. Sənətçi bildirdi ki, konsertdən yığılan pulu xeyriyyə məqsədi ilə xərcləyəcək:

"Mən bunu öz gəlirimi artırmaq niyyəti ilə etmirəm. Bu ideya gerçəkləşən gündən bu qənaətə gəldim ki, konsertdən yığılan pulları məscid tikdirmək üçün xərcləyim. Artıq müqəddəs yerin ünvanı da bəllidir. Məscid Xızıda tikiləcək".

Söhbətin davamında öyrəndik ki, konsertin keçiriləcəyi ünvan hələ bəlli olmayıb. Bu layihəyə böyük maraq göstəriləcəyi təqdirdə konserti Heydər Əliyev Sarayında keçirməyi düşünür. Əks təqdirdə, onun ikinci ünvan seçimi M.Maqomayev adına Filarmoniya olacaq. Məscidin məhz Xızı rayonunda tikilməsinə gəlincə, bəstəkar-müğənni bunları dedi: "Burada əsas rolu mənim Xızıdan olmağım deyil, orada məscidin inşa edilməməsi oynayır. Bunu mən çoxdan niyyət etmişdim. Allah qismət etsə, gələn ilə kimi məscid Xızı camaatının istifadəsinə veriləcək".