Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-də yazıçı Etibar Struvinin "Tahirənin intiqamı" romanı əsasında 4 seriyalı film çəkilir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru xalq artisti Yasin Qarayevin ssenarisi əsasında Məhərrəm Bədirzadənin quruluşunda lentə alınan film gənc qızın başına gələnlərdən, onun mübarizəsindən bəhs edir. Yasin Qarayevin bildirdiyinə görə, yeni ekran əsərində əsas rollarda Məsmə Aslanqızı, Elxan Rzayev, Nicat Kazımov, Tariyel Qasımov, Telman Əliyev və başqaları çəkilir. Bakının rayonlarında və Tovuzda lentə alınmış filmin digər epizodları Quba, Qusar, Xaçmaz, İsmayıllı rayonlarında çəkiləcək. Öyrəndik ki, dövlət dəstəyilə çəkilən filmin prodüseri Afiq Məmmədov, quruluşçu operatoru İsa Kərimov, musiqi tərtibatçısı isə İsmayıl Dadaşovdur.
|