"TÜRKSOY"un təşkilatçılığı ilə hazırlanan "Koroğlu" layihəsi ilə Türkiyədən, Qırğızıstandan, Qazaxıstandan, Bolqarıstandan, Tatarıstandan və Başqırdıstandan olan 6 quruluşçu rejissor məşğul olacaq. Qeyd edək ki, operanın ilk məşqləri avqustun 14-dən etibarən Bişkekdə başlayacaq. Mədəniyyət və turizm nazirinin müavini Fərəh Əliyevanın verdiyi məlumata görə, Üzeyir Hacıbəyova məxsus olan operanın mətn və musiqisi dəyişməz qalacaq: "Tamaşada iştirak edəcək hər ölkənin təmsilçisi öz milli paltarında çıxış edəcək. Operanın bu versiyasının müxtəlif ölkələrdə təqdim edilməsi gözlənir".
Fərəh Əliyevanın bildirdiyinə görə, tamaşanın bədii rəhbəri və rejissoru Türkiyədə yaşayan həmyerlimiz Əflatun Nemətzadə, tamaşanın musiqi tərtibatçısı Rauf Abdullayevdir. Yeni tamaşada baş rolları Samir Cəfərov və Zemfira İsmayılova ifa edəcəklər. Öyrəndik ki, operanın sentyabrın 18-də, "Musiqi günü"ndə təqdimatı nəzərdə tutulub. Xatırladaq ki, həmin tarixdə Üzeyir Hacıbəyov anadan olub.
|