Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə əvvəllər mövcud olmuş yay məktəbləri bərpa edilməlidir. Bu fikrin müəllifi Uşaqların Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə, bu praktika bərpa olunmadıqca uşaqların təhsildən uzaq düşməsi prosesi davam edəcək.
Bəllidir ki, sovet dövründə Təhsil Nazirliyinin xəttilə yay məktəbləri təşkil edilirdi. Həmin məktəblərdə uşaqlara əlavə tapşırıqlar verilir, onlar üçün müxtəlif ekskursiyalar təşkil edilirdi. Bununla məktəbyaşlı uşaqlar təhsildən uzaq düşmürdü. İndi isə şagirdlərə kitablar pulsuz verilsə də, yay tətili zamanı həmin kitablar yığılır. Nəticədə uşaqlar üç ay yay tətilində kitab oxumaqdan məhrum edilirlər. Çünki bu müddətdə məktəblərin kitabxanaları da işləmir. Yusif Bəkirovun sözlərinə görə, bu işi valideynlər qətiyyən həyata keçirə bilməzlər:
"Əgər valideynin yay tətili üçün üşaqlara kitab almaq imkanı olsaydı, uşaqlara kitablar pulsuz paylanmazdı. Odur ki, yaxşı olardı ki, yay tətilində kitabxanalar işləsin, yaxud uşaqlardan kitablar sentyabr ayında yığılsın".
Bir həqiqətdir ki, Azərbaycanda uşaqlar yay tətilindən səmərəli istifadə edə bilmirlər. Bunun üçün heç bir şərait yaradılmadığını söyləmək olar. Uşaqların Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə, hazırda uşaqların yay tətilinin səmərəli təşkilindən danışmağa dəyməz: "İndi yalnız bir neçə strukturda olan həmkarlar təşkilatları uşaqların yay tətilini təşkil edir ki, bu da valideynlərə kifayət qədər baha başa gəlir. Bir çox ailələrin bundan istifadə imkanı yoxdur. Ona görə, uşaqların yay tətili faydasız başa çatır. Ən yaxşı halda rayonda qohumları olan valideynlər uşaqlarını bir müddətə ora göndərir. Çünki indiki məqamda uşaqlar üçün hansısa istirahət düşərgələrinin təşkilindən danışmağa dəyməz. Uşaqların yay tətili bununla başa çatır".
|