Təhlükəli A/H1N1 virusu aşkar olunan iki nəfər xəstə tamamilə müalicə olunub və hər ikisi evə buraxılıb. Bu barədə məlumatı Taun Əleyhinə Stansiyanın elmi işlər üzrə direktor müavini Rakif Abdullayev verib. Onun sözlərinə görə, virusun dünyada yayılmasından bu günə kimi ölkədə 551 nəfər müayinəyə cəlb olunub. Nəticələrdən isə yalnız ikisi müsbət olub.
Rakif Abdullayev onu da bildirib ki, xaricdən gələnlərin müayinəsi hava limanında quraşdırılan aparatlar sayəsində həyata keçirilir. Amma ölkə daxilində olan vətəndaşlar virusun əlamətlərini hiss etdikdə özləri mütləq poliklinikalara müraciət etməlidir.
"Donuz qripi"nin Azərbaycana gələcəyi gözlənilən idi. Qonşu Türkiyə, Rusiya, Qazaxıstan və Gürcüstanda AN1N1 virusuna yoluxan şəxslər hələ 1-2 ay öncə aşkarlanmışdı. Azərbaycanın da bu ölkələrlə su, quru və hava əlaqələri olduğundan gec-tez qripin bizim ölkənin də qapılarını döyəcəyini gözləmək olardı. İndi əsas məqsəd qripin yayılmasının qarşısını almaq olmalıdır.
Rəsmi mənbələrin açıqlamalarından məlum olur ki, ölkənin sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu məntəqələrdə ölkə ərazisinə gələn vətəndaşların virusa yoluxub-yoluxmadığı yoxlanır. Əgər kimdəsə xəstəliyin əlamətləri aşkar olunarsa, dərhal təcrid olunacaq. Eyni zamanda, səhiyyə nazirinin 49 saylı əmrinə əsasən tapşırıqlar verilib ki, bütün şübhəli xəstələr müvafiq laboratoriyalarda müayinədən keçirilsin.
Ölkəyə təhlükəli "donuz qripi"nin keçməsinin qarşısını almaq məqsədilə "Azərbaycan Dəmir Yolları" ASC ciddi tədbirlərə başlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, Azərbaycanda təhlükəli A/H1N1 virusunun tapılması ilə bağlı şimal istiqamətində hərəkət edən bütün qatarlara məlumat verilib: "Bütün lazımi tədbirlər görülüb və proses davam etdirilir. Hətta sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Ölkədaxili bütün qatarlarda lazımi tədbirlər görülüb. Hazırda dəmir yolunun həkim-sanitar xidməti və digər aidiyyəti qurumları "donuz qripi" virusunun ölkəyə keçməsinin qarşısını almaq məqsədilə lazımi qabaqlayıcı tədbirlər görüb. Dəmir yolunun bütün strukturları nəzarətə götürülüb. Sərnişin qatarlarını müşayiət etmək üçün qurumda tibb briqadaları yaradılıb".
Nadir Əzməmmədov bildirir ki, bununla bağlı hətta 2 "qaynar xətt" də yaradıblar və bu xidmət fasiləsiz fəaliyyət göstərir. Vağzallarda, stansiyalarda, sərhəd-keçid məntəqələrində həmin "qaynar xətt"lər barədə məlumat verilib. Həmin ərazilərdə bu virusa yoluxmaqda şübhəli bilinən şəxslər olduğu halda 012 499-48-28 və 012 499-60-25 saylı telefonlara zəng vurub məlumat verəcəklər.
Bu günə qədər "donuz qripi" A/N1N1/ virusuna ölkə təsərrüfatlarında saxlanan donuzlarda rast gəlinməyib. Dövlət Baytarlıq Xidməti mətbuat bölməsinin rəhbəri Yolçu Xanvəlinin xəbərinə görə, dünyada ilk dəfə apreldə aşkarlanan bu qripin hansı fəsadlara yol açacağı məlum olmadığından donuzçuluq təsərrüfatlarında qapalı iş rejiminə keçilib. Təsərrüfatların bu rejimdə fəaliyyəti həmçinin "Afrika taunu" ilə bağlı olub.
Hazırda təsərrüfatlarda müşahidələr aparıldığını bildirən Yolçu Xanvəli heyvanlar arasında qripin digər müxtəlif növlərinə rast gəlindiyini və bunun heç bir təhlükə törətmədiyini də bildirir. Onu da qeyd edək ki, təhlükəli virusun aşkarlanmasından sonra donuzçuluq təsərrüfatlarında nəzərəçarpacaq azalma müşahidə olunmayıb.
|