![]() |
çap et |
|
|||
Amerikada məktəbəqədər təhsilə qoyulan hər 1 dollar 17 dollar gəlir gətirir. Deməli, kasıblığın daşını atmaq üçün ən düzgün addım uşağa təhsil verməkdir. Uşaqların gələcəyini təmin etmək üçün onlara hökmən investisiya qoymaq lazımdır. Artıq bu, valideyn qayğısı sayılmır. Uşağın gələcəyinə pul qoymaq indi zəruri məsələyə çevrilib. Uşağa qoyulan ən yaxşı investisiya onun təhsilinə çəkilən xərcdir. Təhsilə xərclənən pul hədər getmir. Ən böyük sərmayəni insan kapitalına qoymaq istəyiriksə, onda gərək məktəbəqədər təhsildən başlayaq.
Təhsilin həyat tərzinə təsiri böyükdür. İmkanı olmayan ailələr uşaqlarını vaxtında oxudub, onlara təhsil verə bilmirsə, böyüyəndən sonra uşaqlar da bu səviyyədən kənara çıxa bilmir. Onlar da kasıb yaşayır və bu proses nəvə-nəticələrədək davam edir. Yaxşı təhsil isə kasıblıqdan qurtarmağın ən yaxşı yolu sayılır. Beləliklə, hansısa bir ailədə bir neçə nəsil daim azmaaşlı işlərdə çalışır. Nəsillərin bu zəncirvarı estafetini qırmaq üçün təhsil yeganə bir vasitədir. O nəsildə birinə yaxşı təhsil ver, onun təhsilinə investisiya qoy, artıq o zəncir qırılacaq. Yəni xoş təsadüflər sayılmasa, təhsil həyat səviyyəsini yaxşılaşdırmaq üçün az qala yeganə vasitədir. Təhsilə qoyulan sərmayənin miqdarına gəlincə, bu, təhsilin səviyyəsindən asılı olaraq dəyişir. Məsələn, ayda 50 manat ödəməklə xarici dil və ya ildə bir neçə min manat ödəməklə Azərbaycanda və ya xaricdə təhsil almağa qədər. Yaxşı təhsil almış və lazımi biliyi, bacarığı olan şəxslərin əmək bazarında da şansı yüksək olur. Təhsil nə qədər yaxşı olsa, iş bazarında imkanların yüksəlməsi də o qədər çoxalar. Yaxşı təhsil almış insan, təbii ki, yaxşı ödənilən iş tapır. Maraqlıdır, Azərbaycan təhsil sisteminə qoyulan kreditlər, layihələr vasitəsilə məktəblərə yatırılan milyonlar niyə bəhrəsini vermir? Abituriyentlərin səviyyəsi nədən aşağıdır? İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini, iqtisadçı və bu sahədə araşdırmalar aparan Rövşən Ağayev bu suallara aydınlıq gətirir. Rəqəmlər əleyhimizə danışır İqtisadçı hesab edir ki, əslində, faktların danışdığı yerdə fərdlərin polemikasına lüzum qalmır. Müxtəlif nüfuzlu beynəlxalq qurumların apardığı qiymətləndirmələr, onların reytinq cədvəllərindəki "fəth" elədiyimiz biabırçı yerlər mənzərəni aydın göstərir. Dünya İqtisadi Forumunun 2008-2009-cu illər üzrə hazırladığı qlobal rəqabət qabiliyyətliliyinə dair hesabatda müxtəlif təhsil göstəricilərinə görə Azərbaycanın reytinqinə diqqət yetirək. Ölkəmiz 134 ölkə arasında təhsil sisteminin keyfiyyətinə görə 78-ci, natamam orta təhsillə əhatə səviyyəsinə görə 82-ci, riyaziyyat və təbiət elmlərinin tədrisində keyfiyyətə görə 92-ci, tam orta təhsillə əhatə səviyyəsinə görə 95-ci, məktəb menecmentinin keyfiyyətinə görə 119-cu yerlərdə qərarlaşıb. YUNESKO-nun Statistika İnstitutunun 2008-ci il üzrə təhsil inkişafı indeksi (The EFA Develorment Index) əsasında tərtib olunmuş reytinq cədvəlində Azərbaycan 129 ölkə arasında 58-ci yeri tutur. Bu siyahıda keçmiş sovet respublikalarından Qazaxıstan, Belarus, Estoniya, Latviya, Litva, Gürcüstan, Qırğızıstan, Moldova və Ermənistan Azərbaycanı qabaqlayır. Təhsil inkişafı indeksi 4 vacib əmsal əsasında hesablanıb. Bura ibtidai təhsillə əhatə səviyyəsi, əhalinin savadlılıq səviyyəsi və ən azı 5-ci sinfədək oxuyanların xüsusi çəkisi daxildir. Nəhayət, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının "Şagird Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ı çərçivəsində 2006-cı ildə keçirilən sonuncu testdə ölkəmiz 57 dövlət arasında 55-ci nəticəni göstərib. Bu proqram 15 yaşlı şagirdlərin riyaziyyat və təbiət fənləri üzrə biliklərini yoxlayır. Rövşən Ağayevin söylədiklərindən məlum oldu ki, hökumətin bu yaxınlarda qəbul etdiyi 2008-2015-ci illər üzrə yoxsulluğun azaldılması və davamlı inkişaf proqramında da tam orta təhsil üzrə xalis təhsil əmsalının 50 faizdən də aşağı olduğu göstərilib: "Bu əmsal tam orta təhsil pilləsi üzrə faktiki təhsil alan uyğun yaşlı (15-17 yaş) uşaqların 9-11-ci siniflərdə oxumalı həmin yaşdan bütün uşaqlara nisbətini ifadə edir. Bu o deməkdir ki, natamam orta təhsil pilləsindən texniki-peşə və orta ixtisas məktəblərinə daxil olanları nəzərə almasaq, birinci sinfə qəbul olan uşaqların azı üçdə biri 11 sinfi başa vura bilmir". Beynəlxalq fənn olimpiadalarında orta məktəb şagirdlərinin qazandığı medalların sayı da orta təhsilin keyfiyyətini qiymətləndirmək üçün sanballı göstəricilərdən biri hesab olunur. İqtisadçı ölkəmizin bu sahədə uğurlarına dair hər hansı məlumat əldə edə bilməsə də, Qazaxıstan Təhsil Nazirliyinin saytından həmin məlumatları daha rahat tapa bilib. Məlum olub ki, qonşu ölkənin şagirdləri 2008-ci ildə öz ölkələrinə beynəlxalq fənn olimpiadalarından 252 medal, o cümlədən 72 qızıl, 80 gümüş və 100 bürünc medal gətiriblər. "Bizlərdən hər birimiz orta təhsilin hazırkı durumunu heç bu faktlar olmadan, hər gün məktəblərdə gördüklərimiz əsasında da dəqiq qiymətləndirə bilirik. Əlimizdə canlı faktlar var. Nə qədər ağrılı olsa da, onlar bizim uşaqlarımızdır. Son 4 ildə öz ailəmdən 5 nəfər orta məktəbi bitirərək müxtəlif ali məktəblərə daxil olub. Bu uğurun onlara nə qədər baha başa gəldiyini söyləməyə lüzum görmürəm. Söhbət repetitorlara və zəruri tədris vəsaitlərinə xərclənən pullardan gedir, bunu hamı bilir. Hər gün körpələrin sayəsində orta məktəblərdə gördüklərimizi də təhsil görəvlilərinin öz vicdanına buraxıram". Son 5 ilin ən pis nəticələri TQDK son günlər ayrı-ayrı ixtisaslar üzrə toplanan ballara görə abituriyentlərin bölgüsünə dair məlumatlar açıqladı. Amma həmin informasiyalar pərakəndə yayıldığından gerçək mənzərə o qədər də aydın görünmədi. R.Ağayev sistemləşdirdiyi ümumi məlumatları təqdim edir. 2009-2010-cu tədris ili üçün ali məktəblərin I ixtisas qrupu üzrə abituriyentlərin (xususi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verənlər nəzərə alınmadan) 35,8 faizi, II ixtisas qrupu üzrə 24,4 faizi, III ixtisas qrupu üzrə 25,5 faizi, IV ixtisas qrupu üzrə 49,2 faizi 100-dən aşağı bal toplayıb. İlkin məlumatlara görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verənlər də nəzərə alınmaqla I və IV ixtisas qrupu üzrə abituriyentlərin 70 faizindən, III ixtisas qrupu üzrə isə 60 fazindən çoxu 200-dən az bal toplayıb. Sözü R.Ağayevə verək: "Dörd qrup üzrə ümumiləşdirilmiş nəticə belədir: bütün abituriyentlərin 62,8 faizi 200-dən az, 4 faizi isə 500-dən çox bal toplaya bilib. Bu, son 5 ildə əldə olunan ən pis nəticədir. Məlumatların illər üzrə dinamikası da bunu təsdiqləyir: 200-dən az bal toplayan abituriyentlərin ümumi iştirakçılarda payı 2005-ci ildə 62 faiz (500-dən çox bal toplayanlar 4,4%), 2006-cı ildə 62,7 faiz (500-dən çox 4,8%), 2007-ci ildə 60,2 faiz (4,6%), 2008-ci ildə isə 56,4 faiz (4,2%)". Tədqiqatçı burada maraqlı sual ortaya çıxarır. "Bu nəticələr son beş ildə 2000 məktəbin tikintisi, təhsil xərclərinin 5 dəfə artımı, məktəblərin başdan-başa kompüterləşdirilməsi ilə öyünən rəsmi təbliğatın üzərindən qalın bir xətt çəkmirmi? Bu baxımdan rəsmi reaksiyanın necə olacağı, ictimai rəyin qarşısına hansı əks-arqumentlərin çıxarılacağı çox maraqlıdır. Bu prosesdə təhsil sektorunun bir-birini ittiham edən tərəflərindən hansısa vurula da bilər". Havaya sovrulan milyardlar... Test sualları doğrudanmı çətinləşdirilib? Təhsil Nazirliyinin bu iddiasına peşəkar repetitorların rəyi olduqca həlledicidir. Çünki test sulları qəlizləşdirilirsə, heç şübhəsiz, bu, hazırlıq kurslarına cəlb edilən abituriyentlərin də zəif nəticə göstərməsinə səbəb olmalı və məntiqlə ilk etirazlar belə şəraitdə məhz öz peşəkar reputasiyasının qayğısına qalmalı repetitorlardan gəlməli idi: "Qısası, səbəbindən asılı olmayaraq qəbulun nəticələrinin pisləşməsi TN ilə repetitor ordusunun mənafelərinə eyni dərəcədə zərbədir. Amma nədənsə birincidən fərqli olaraq hələlik dərsdənkənar hazırlıq sistemini təmsil edən hansısa ciddi mütəxəssisin bu iddianı müdafiə edən rəyi səslənməyib. Əksinə, prosesdə maraqlı ayrı-ayrı şəxslərlə söhbətdən aydın olur ki, test suallarını kimlərinsə çətin sayması mümkündür. Amma onların orta məktəbin tədris proqramlarından kənara çıxdığını heç kim sübut edə bilməz. Bu arqumentin tərəfdarları hesab edir ki, belə faktların qarşısını almağa TN-in hər cür imkanı və səlahiyyəti var. Bu qurum hətta rəsmi səviyyədə test suallarının ekspertizasını da təşkil edə bilər. Bu iddiaların doğruluğu sübut olunsa, TQDK səlahiyyətliləri abituriyentlərin kütləvi şəkildə ali təhsildən kənarda qalmasına rəvac verən əməllərə imza atdıqlarına görə qanunlar çərçivəsində tənbeh olunmalıdır. Əgər təqsir təhsil sistemindədirsə, onda ölkədə yaratdıqları kütləvi savadsızlıq mühitinin, milyardlarla manatı havaya sovurub millətin gələcəyinə qoyulan bombaların hesabı təhsil sferasına məsul şəxs(lər)dən sorulmalıdır". İqtisadçı onu da qeyd etdi ki, bəzən problemin fərdiləşdirilməsinə, baş verənlərin TN və TQDK arasında konfliktlərlə əlaqələndirilməsinə cəhdlər də olur. Onun qənaətincə, pərdə arxasında baş verənlərdənsə, situasiyanı aşkar görünən fakt və əlamətlər əsasında qiymətləndirmək daha ədalətli nəticələrə gəlməyə imkan verir. TQDK 16 ildir test imtahanları keçirir, TN təkcə bu il mərkəzləşdirilmiş imtahanlar təşkil edib: "Bu imtahanların təşkilindən tutmuş onun nəticələrinin açıqlanmasınadək olan bütöv prosesi müqayisə edin və özünüz nəticə çıxarın". Rövşən Ağayev deyir: "Beləliklə, mənim gəldiyim ümumi qənaət budur ki, nazirlik orta təhsildəki problemlərə görə öz məsuliyyətini test sisteminin üzərinə yıxmağa çalışır. Burada başqa bir variant da mümkündür. İndiyədək bu suallar daha asan olurdu, bu il tədris proqramlarından kənara çıxmamaq şərtilə nisbətən çətin suallar seçilib. Amma əgər bu versiya doğrudursa, TQDK üçün başqa bir məsuliyyət yaranır: qurum səviyyəli bilik yarışı üçün mühiti məqsədli şəkildə pisləşdirməklə bir tərəfdən təhsildəki problemlərin gizlədilməsinə yardımçı olub, başqa tərəfdən isə xeyli sayda savadsız abituriyentin tələbə adı qazanmasına rəsmi səviyyədə yaşıl işıq yandırıb". Bilikləri "iki" olanlar bakalavr pilləsi üzrə təhsil alacaqlar Tədqiqatçı hesab edir ki, TQDK-nın bu günlərdə plan yerlərinin boş qalmasından dolayı keçid ballarını aşağı salması da eyni dərəcədə səhv addımdır: "Təsəvvür edin, TQDK bir tərəfdən deyir ki, 200 bal "5" ballıq şkala üzrə ikiyə bərabərdir, amma o biri tərəfdən I qrupda 200 bal toplayan abituriyentin universitetlərə daxil olmasına öz əliylə yardım edir". Savadsız uşaqların valideynləri övladlarının diplom alması xatirinə bu addımdan məmnun qala bilərlər. Amma bu, ölkəmiz üçün strateji və milli təhlükəsizlik məsələsidir. Daha az bilikli uşaqların təhsilin yüksək pillələrinə asanlıqla yol tapması ali təhsilin statusunu və nüfuzunu sarsıdır, savadsız uşaqlardan ibarət çoxluq tədris prosesində azlıqda qalan bilikli tələbələr mühitini korlayır, universitetlərdə rüşvətin daha geniş miqyas alması üçün fundamenti bir az da möhkəmləndirir. Rövşən Ağayevin fikri: "Qəbul planı dolmur, qoy dolmasın. Xəstəliyin müalicəsi heç də onu gizlətməkdə deyil. Əgər ölkənin orta təhsil sistemi onun ehtiyaclarını ödəyə biləcək səviyyədə kadr hazırlığı üçün baza rolunu oynaya bilmirsə, bunu hər kəs bilməlidir. Görürsünüz, təhlükəli virus yayılanda bütün dünya "SOS" siqnalı çalır, hamı birgə çıxış yolları axtarır. Hələlik bəşəriyyətə bütöv bir millətin savadsızlaşmasından təhlükəli heç bir virus növü məlum deyil. İki il öncə "quş qripi" bütün dünyanı başına götürmüşdü, lakin rəsmi məlumatlara görə, onun qurbanlarının sayı heç 200 nəfəri də ötmədi. Amma kütləvi savadsızlaşan millətin millətlər içərisində imzasının yoxa çıxmasına cəmi bir neçə onillik bəs edir". Rövşən Ağayev deyir ki, indi hər bir Azərbaycan vətəndaşı üçün təhsil məsələsi işğal altında olan torpaqları düşməndən geri almaq qədər həssas və ictimai-siyasi yükü olan problemə çevrilib: "Müasir dünyada təhsil siyasi, iqtisadi, hərbi və mədəni sahədə millətlərarası rəqabətdə bir xalqın başqaları üzərində üstünlüyünü təmin edən əsas silahdır. Bizi məqsədli şəkildə tərk-silah edirlər, ayıq olun!" |