Yeni yaşayış massivindəki qarşıdurmanın gizlinləri
 |
Sakinlərlə ARDNŞ və polis əməkdaşları arasında ziddiyyət 5 ildir davam edir
Şənbə, 08.08.2009
|
|
Avqustun 5-də Bakı yaxınlığında mülki şəxslərlə Dövlət Neft Şirkəti əməkdaşları və polis arasında baş vermiş iğtişaşla bağlı üç nəfər saxlanıb, 100-ə yaxın şəxs istintaqa çağırılaraq dindirilib. Bilavasitə həmin iğtişaşlarda iştirak edən 3 nəfər - Qurban Xudiyev, Mayis Muxtarov və Elçin Həsənov saxlanıb. Hazırda hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Polis İdarəsindən o da bildirilib ki, hadisə nəticəsində xəsarət alan polis əməkdaşlarından bir neçəsi artıq evə buraxılıb.
Qeyd olunur ki, avqustun 5-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində, Abşeron rayonunun Hökməli kəndi yaxınlığında ARDNŞ balansında olan ərazilərdə qanunsuz tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahələrinin qaytarılması ilə əlaqədar həmin şirkətin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər zamanı bir qrup şəxs Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq edərək daş və digər əşyalarla onlara xəsarət yetiriblər.
Nəticədə ARDNŞ işçilərindən və polis əməkdaşlarından 20 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə zamanı xəsarət almış 5 polis əməkdaşı DİN Hospitalına yerləşdirilib.
Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən CM 222-2.1-ci (qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yol qurğularının, müdafiə obyektlərinin, su təchizatı və neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti işləri aparma), 188-ci (torpaq üzərində mülkiyyət hüququnu pozma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.
Keyrəki vulkanı ətrafında söküntülər başladı
Binəqədi rayonu ərazisində yerləşən Keyrəki palçıq vulkanının ətəyində salınan qanunsuz tikililərin dünəndən sökülməsinə başlanıb. Bu barədə isə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bu addım sözügedən nazirliyin "Bakı və Abşeron Yarımadasının Palçıq Vulkanları Qrupu" Dövlət Təbiət Qoruğu tərəfindən FHN-ə, Binəqədi İH və Polis Şöbəsinə ünvanlanmış müraciəti əsasında atılır.
İyulun 31-dən həmin qurumların dəstəyi ilə həyata keçirilən tədbirlərdə məqsəd Keyrəki palçıq vulkanlarının dağıdılmasının qarşısının alınması, bu unikal təbiət abidəsinin mühafizəsinin təmini ilə yanaşı, burada qanunsuz məskunlaşmış əhalini hər an baş verə biləcək vulkan püskürməsi kimi təhlükədən qorumaqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini palçıq vulkanlarına yaxın ərazilərdə fərdi yaşayış evləri inşa etməkdən çəkinməyə, bununla da özləri və ailələrinin həyatlarına təhlükə törədə biləcək fövqəladə təbiət hadisələrindən qorunmağa çağırır.
Aysberqin görünməyən tərəfi
Bunlar əslində ütülənmiş rəsmi məlumatdan başqa bir şey deyil, əslində neçə gündür ölkə gündəmini məşğul etmiş bu söküntü-yıxıntı, dava-dalaş və s. altında ciddi məqamlar durur. Bu baxımdan Bakı ətrafında və xüsusilə Binəqədi rayonu ilə Abşeronun sərhədində nələrin baş verdiyinə bir daha ayna tutmağa cəhd edəcəyik.
Belə ki, metronun "20 Yanvar" stansiyasından cəmi 6-7 kilometr aralıda yerləşən Xocahəsən qəsəbəsi, bu qəsəbənin Sulutəpə yaşayış massivi, yeni salınmış Çiçək qəsəbəsi, Abşeron rayonunun Hökməli qəsəbəsinin ətrafı, Abşeron rayonun "At yalı" deyilən ərazisi, Masazır, kənd Binəqədi, Xırdalanın Quşçuluq massivi, Əzizbəyov rayonunun "Donuzçuluq sovxozu" və s. 1992-1993-cü illərdən sonra salınmış qəsəbə və kəndlərdir.
Massivin yaranma tarixi
Hazırda isə mövzunun qəhrəmanı Sulutəpə yaşayış massivi ilə Hökməli qəsəbəsi ərazisində salınmış yeni massiv olduğu üçün diqqəti bu yerə çəkməyə cəhd edək. Belə ki, Xocahəsən kəndinin tarixi bir qədər qədim olsa da, Sulutəpə yaşayış massivinin tarixi ərazidə neft hasilatına başlanması ilə təxminən eynidir. Bu məkan Hacı Zeynalabdin Tağıyevin səyi və pulu, habelə Bakı meriyasının (keçmiş meriya - red.) da az-çox xərci ilə Bakıya çəkilmiş Şollar suyu üçün tikilmiş su anbarının şərəfinə Sulutəpə adlanır. Təxminən 60-70 il öncə ərazidə neft hasilatına başlanıb. Bununla da ərazidə fəhlələr üçün bir neçə ikimərtəbəli ev, habelə neftçilərin atlarının saxlanılması üçün tövlə tikilib.
Hazırda həmin tövlədən məktəb kimi istifadə olunur. 1950-ci ildən başlayaraq ayrı-ayrı rayonlardan, xüsusilə də Şamaxı və Ağsudan insanların yuxarı Sulutəpə yaşayış massivində məskunlaşması prosesi başlanıb. Sözsüz ki, bu məskunlaşma özbaşına, plansız tikilmiş gecəqondular vasitəsilə həyata keçib. Yalnız 80-ci illərin əvvəllərində həmin gecəqondulara mülkiyyət hüququ tanınıb.
İkinci nəfəs
Bünövrəsi plansız qoyulan yaşayış massivinin ikinci canlanma dövrü 1992-ci ildən başlanıb. Bu dövrdən ərazidə qaçqın və məcburi köçkünlər, habelə bölgələrdəki sosial-iqtisadi tənəzzül hesabına paytaxta pənah gətirənlər məskunlaşmağa başlayıblar. 1996-cı ildə ərazidə "Coca-cola" şirkətinə məxsus zavod, un dəyirmanı və sairə obyektlərin tikintisindən sonra isə yaşayış massivi sürətlə böyüməyə başlayıb. Həm də bu dəfə də yaşayış massivi əsasən gecəqondular hesabına böyüyüb və sözsüz ki, ərazidə 10 minlərlə ev nizamsız, hər kəsin zövqünə və cibinə uyğun tikilib. Bunun nəticəsində də yeni salınmış yaşayış massivində küçələr küçədən çox ucu-bucağı bilinməyən darısqal labirintə bənzəyir. Küçələr o qədər darısqal və sahmansızdır ki, iki avtomobil üz-üzə gələndə yol bağlanır. Adətən hansısa problemə görə müvafiq dövlət qurumlarını ittiham etməkdən çəkinməyən sakinlər nədənsə, özləri özlərinə çox ciddi problemlər yaradıblar.
Yeri gəlmişkən, yalnız Xosahəsən qəsəbəsi ərazisində 10 mindən artıq ev var. Nizamsız tikilən yaşayış massivindəki evlərin demək olar böyük hissəsinin mülkiyyət şəhadətnaməsi yoxdur. Yaxşı halda bəzi evlərin altında olan torpağın bələdiyyə tərəfindən satıldığını sübut edən sənədlər olsa da, son illər özünü ərazinin əsl sahibi kimi təqdim edən Neft Şirkəti bu kağızları tanımır.
Sökülən evlər sökənlərin gözü qabağında inşa edilib
Sakinlərlə söhbət zamanı bəlli oldu ki, ərazidə tikilən minlərlə ev bütün dövlət qurumlarının, habelə neft şirkətinin də əməkdaşlarının gözü önündə tikilib. 2005-ci ilə qədər kimsə gəlib kiminsə xətrinə dəyməyib. Sadəcə, müvafiq səlahiyyətlilər gələrək "xələt" və ya "şirinlik"alıb gediblər. 2005-ci ildən ərazidə müştərək "Binəqədi OİL" şirkəti fəaliyyətə başlayıb. Bundan sonra şirkətin 4-cü Mədən ərazisi olan sözügedən yaşayış massivində tikinti bumunun qarşısı alınıb. Qanunsuz olaraq tikilmiş yüzlərlə gecəqondu da elə qanunsuz da - məhkəmənin qərarı olmadan, heç bir kompensasiya ödənmədən sökülüb. Amma 2006-cı ildən başlayaraq şirkət minlərlə sakini məhkəməyə verərək onların evlərinin şərtsiz sökülməsini tələb etməyə başlayıb.
Sözsüz ki, 10-15 il öncə tikilən, eyni zamanda neft hasilatına maneçilik törətməyən mənzillərin sökülməsi ilə bağlı məhkəmə şirkətin xeyrinə qərar çıxarmayıb. Bəzi sakinlərin mülkiyyət hüququ tanınmayıb.
Mədən sahibi 2005-də gəldi
2005-ci ildən sonra başlanmış vurhavura baxmayaraq, ərazidə tikililər yenə də aparılıb. "Ayna"nın araşdırmalarına görə, tikililər elə neft şirkətinin "ağ "Niva"lı" təhlükəsizlik xidmətinin əməkdaşlarına, polis sahə müvəkkillərinə, bələdiyyə və icra hakimiyyəti işçilərinə "görüm-baxım" etməklə, qaçqın və köçkünlər, yerli əhali isə əsasən hökumət adamları ilə əlbəyaxa olub, baş yara-yara özlərinə ərazidə ev tikiblər. 2008-ci ildə isə Neft Şirkəti ərazidə boş qalmış, yarımçıq tikililəri olan əraziləri tikanlı məftilə aldı. Bu əməliyyat da əsasən yaşayış massivlərinin kənarlarında aparıldı.
Tikinti 4-cü mədən ərazisində aparılıb. Bələdiyyə institutu yaranana qədər ərazilərdə evlərin tikintisinə görə qərarı Bağlar İdarəsi və Qəsəbə soveti veribsə, 2000-ci ildən sonra ərazidəki tikililərin tam əksəriyyətinə Xocahəsən bələdiyyəsi sənəd verib. Nəticədə Sulutəpə, Çiçək, Hökməlinin ətrafında iri yaşayış massivi yaranıb ki, burada da "milyonçular", "ortabablar" və "kasıblar" məhəllələri var. "Milyonçular" məhəlləsindəki evlərin bütün sənədləri qaydasındadır, "ortabab"larda şəhadətnamələri olan evlər az deyil. Sənədsiz qalan və ya bələdiyyənin verdiyi bir parça kağızı olan evlər isə əsasən əhalinin kasıb təbəqəsinindir və bu kimi evlər yaşayış massivlərinin kənarlarında suyu, qazı olmayan ərazilərdə yerləşir. Yəni bu gün sökülən evlər də əsasən kasıblarındır.
Daxması başına uçurulanlar
"Sosial təbəqəsindən" asılı olmayaraq mərkəzi su, kanalizasiya, qaz, kabel, hasilatı dayandırılmış neft quyularının düz üstündə, hazırda neft verən quyuların hətta 3-5 metrliyində, yüksəkgərginlikli elektrik xətlərinin altında daxmalar da var, imarətlər də. Həm də bunlar müvafiq icra strukturlarının gözü önündə tikilib.
Gecəqondular, villalar və s. ilə bərabər ərazidə məktəb binaları, uşaq bağçaları, zavod və fabriklər də tikilib. Ərazi tam elektrik enerjisi ilə təmin olunub, 90 faizi telefonlaşdırılıb, son üç ildə yeni yaşayış massivləri qazlaşdırılır, sair infrastruktur layihələr həyata keçirilir. Sözsüz ki, sakinlərin tikdikləri gecəqondu daxmalardan tutmuş villalara qədər və dövlət səviyyəsində həyata keçirilən sosial yönlü layihələrin hamısı mədən ərazisində həyata keçirilir. Yəni yeni yaşayış massivlərinin genişlənməsinə hökumət də bu yolla dəstək verib.
Bütün bu sadalananlar və sadalanmayanlara baxmayaraq, insanlar artıq uzun illərdir bu yeni yaşayış massivlərində məskunlaşıblar və tam əksəriyyətinin də başqa yerdə yaşamağa evi yoxdur. Bu da faktdır ki, insan həyatı üçün real təhlükə olan ərazilərdə tikililər var. Amma bu tikililərdə yaşayanların həyatını "xilas etmək" üçün onların son sığınacaqlarından küçənin ortasına atılması ilə, məsələn, onların vulkanın lavası altında qalıb ölmələri arasında ciddi fərq yoxdur.
|
|
|
Oxşar xəbərlər:
Palçıq vulkanlarından tibbi istifadə gündəmdədir
|
|
|