Ombudsman Elmira Süleymanova Şəkiyə səfəri çərçivəsində rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahimovun keçirdiyi qəbulda və Baş Zəyzid kəndinin əhalisi ilə görüşdə iştirak edib.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciət edənlər öz fərdi, ailə, sosial və digər problemlərini bildiriblər. Görüşdə Baş Zəyzid kəndində qaz təminatı, orta məktəb binasının təmiri, musiqi məktəbinin açılması ilə əlaqədar qaldırılmış problemlərin müvafiq səlahiyyətli orqanlar vasitəsilə həlli üçün tədbirlər görüləcəyi qeyd edilib.
Bir müddət əvvəl rayonun Aşağı Kəldək kəndinin əhalisinin məktəb binasına böyük ehtiyacı olması ilə bağlı müvəkkilə etdiyi müraciət də Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini ilə birlikdə yerində araşdırılıb. Bundan sonra səlahiyyətli qurumlara müraciət olunub və qısa müddətdə bu kəndin şagirdlərinin ehtiyaclarını ödəyən, lazımi avadanlıqla təmin olunmuş məktəb binası tikilib.
Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova Şəki şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimovla birgə 31 iyul - Dövlət Sərhəd Xidməti günü münasibətilə Sərhəd Qoşunlarının Şəkidəki "N" saylı hərbi hissəsində də görüş keçirib. Ombudsman Aparatı mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edən Ombudsman Elmira Süleymanova DSX-nın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində dövlətin məqsədyönlü fəaliyyəti haqqında danışıb. Ombudsman çıxışında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında sərhədçilərin fəaliyyətini də müsbət qiymətləndirib. Müvəkkil hərbi hissənin əsgər və zabitlərinin xidmət və yaşayış şəraiti, qidalanması, hərbi biliklərə yiyələnməsi, tibb xidmətinin, həmçinin asudə vaxtın təşkilinin vəziyyəti ilə maraqlanıb.
Ombudsman həmin gün Daxili Qoşunların Şəkidəki hərbi hissəsinə də baxış keçirib, şəxsi heyətin vəziyyəti ilə tanış olub və bəzi tövsiyələr verib.
|