![]() |
çap et |
|
|||
Dünən Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə "Meşə qardaşları" adlı qruplaşma yaradaraq bir sıra cinayətlər törətməkdə, o cümlədən Nərimanov rayonunda yerləşən "Əbu-Bəkr" məscidində terror aktı törətməkdə təqsirləndirilən 26 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər Rusiya vətəndaşı Maqomed İsayev və Azərbaycan vətəndaşı Samir Babayev ifadə veriblər.
Maqomed İsayev ifadəsində Çeçenistanda döyüşdüyünü təsdiqləyib. Lakin ona qarşı irəli sürülən digər ittihamları qəbul etmədiyini bildirib. Maqomed İsayev ifadəsində Çeçenistanda Rusiya Silahlı Qüvvələrinə qarşı aparılan əməliyyatlarda Azərbaycan vətəndaşlarının iştiraka cəlb edilməsi məqsədilə təbliğat aparmadığını da söyləyib. Fasilədən sonra prosesdə Samir Babayev ifadə verib. Təqsirləndirilən ittihamda ona qarşı irəli sürülən 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri qəbul etmədiyini söyləyib. Samir Babayev qanunvericiliklə nəzərdə tutulmayan silahlı qrup yaradılması ilə bağlı ittihamı isə qismən qəbul edib. Təqsirləndirilən özünü Dağıstan camaatının əmiri adlandıran, "Əbdülməcid" ləqəbli İlqar Mollaçıyevi tanımadığını da deyib: "Əbu-Bəkr məscidində baş verən partlayışdan isə televiziya vasitəsilə xəbər tutmuşam". Proses avqustun 3-də davam edəcək. İttihama görə, Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Kamran Bozorgi, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, Rusiya vətəndaşı Maqomed İsayev, Türkiyə vətəndaşları Yamin Ali və Özdəmir Ergin Zaqatala rayonundan olan "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyev, onun qaynı "Süleyman" ləqəbli Samir Mehdiyevlə cinayət əlaqəsinə girərək Azərbaycanda ixtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar "Əbu-Bəkr" məscidində partlayış törətməkdə və digər cinayətkar əməllərdə günahkar bilinirlər. Qeyd edək ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Hadisə ilə bağlı aparılan ibtidai istintaq zamanı 26 nəfər saxlanılıb, onlar barəsində cinayət işi başlanıb. |