"APA-Ekonomiks"in İsrailin "İzRus" portalına istinadən verdiyi məlumata görə, sərnişin aviareysinin bağlanmasına əsas səbəb İsrail tərəfinin AZAL-ın həyata keçirdiyi təhlükəsizlik tədbirlərindən razı qalmamasıdır.
Bunu əsas gətirən İsrail tərəfi Heydər Əliyev Beynəlxalq Hava Limanında ölkəsindən gələn və ölkəsinə gedən sərnişinlərin təhlükəsizliyini öz üzərinə götürmək niyyətində olduğunu bildirib. Əks halda, Bakı - Tel-Əviv aviareysi dayandırılacaq. İsrail tərəfi həmçinin qeyd edir ki, Almaniya, Rusiya və bir çox Asiya ölkəsinin hava limanlarında İsrailin həyata keçirdiyi sərnişin aviareyslərinin təhlükəsizliyini məhz İsrail özü təmin edir.
Azərbaycan tərəfi isə öz növbəsində Bakı aeroportuna İsrail təhlükəsizlik xidmətinin silahlı əməkdaşlarını buraxmaq fikrində deyil.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərlinin "APA-Ekonomiks"ə verdiyi məlumata görə isə hazırda bu məsələyə dair tərəflər arasında danışıqlar aparılır:
"Avqustun 20-dək danışıqlar aparılacaq və tərəflər razılığa gəlməsələr, Bakı-Tel-Aviv aviareysi dayandırılacaq. Bu aviareysin ləğvi AZAL üçün heç bir problem yaratmayacaq. Belə ki, biz 20-yə qədər ölkəyə sərnişin aviareysi həyata keçiririk".
Məhərrəm Səfərli onu da bildirib ki, AZAL-ın təhlükəsizlik xidmətinin fəaliyyətində heç bir problem müşahidə olunmur: "Bizim təhlükəsizlik xidməti Beynəlxalq Mülki Aviasiya Təşkilatından ən yüksək qiymət alıb. İsrail də daxil olmaqla, Azərbaycana təyyarə reyslərinin həyata keçirildiyi bütün ölkələrdən gələn sərnişinlərin təhlükəsizliyini təmin etməyə hazırıq".
AZAL-ın xidmət rəisinin sözlərinə görə, Azərbaycan tərəfi İsrailə onların təhlükəsizlik xidmətinin Bakı hava limanında yerləşdirilməsi təklifinə rədd cavabı verib.
AZAL-ın kassalarından isə "APA-Economiks"ə bildirilib ki, Bakı-Tel-Əviv-Bakı aviareysi avqustun 16-dək davam edəcək. Hazırda bu marşrutla uçuşlar hər həftənin III və VII günləri yerinə yetirilir. Bakı - Tel-Əviv - Bakı sərnişin aviareysinə bir biletin qiyməti 451 manat təşkil edir.
|