Ermənistan ordusu çağırışçı çatışmazlığı ilə getdikcə daha çox üzləşir. APA-nın məlumatına görə, bu barədə "Eurasianet" portalı məlumat verib. Erməni müəllif tərəfindən hazırlanmış yazıda bildirilir ki, Ermənistanda hərbi xidmətdən azad olunmalarla bağlı güzəştlər, eləcə də demoqrafik vəziyyət çağırışçı çatışmazlığı probleminə səbəb olub.
Yazıda qeyd olunur ki, ötən əsrin 90-cı illərindən Ermənistanda doğum əmsalı kəskin şəkildə düşüb. Belə ki, 1991-ci ildə ölkədə 39 min oğlan uşağı doğulub, onlar 2009-cu ildə hərbi xidmətə çağırılıblar. Lakin doğulan oğlan uşaqlarının sayı 1995-ci ilə qədər 25 697-ə enib. Ermənistan Dövlət Statistika Xidməti demoqrafiya şöbəsinin müdiri Karine Kuyumciyanın bildirdiyinə görə, müharibədən ötən dövr ərzində də doğum əmsalı yaxşılaşmayıb. Ötən il Ermənistanda doğulan körpələrin 24 mini oğlan olub. Statistika Xidmətinin rəsmisi bildirib ki, bu özünü ən azı gələn onillik ərzində hərbi xidmətə başlayan çağırışçılarının sayında əks etdirəcək.
Ermənistan ordusunun generalı Kamo Koçunts isə deyib ki, demoqrafik problemi aradan qaldırmaq üçün ordunun müqaviləli heyətlə əvəzlənməsinə ehtiyac var. Bu məqsədlə 2005-ci ildən orduya müqavilə əsasında çavuş heyətinin toplanmasına başlanıb və artıq 8 min nəfər müqavilə əsasında işə götürülüb.
Qeyd edək ki, hazırda Ermənistan Silahlı Qüvvələrində 48 min nəfərin xidmət keçdiyi bildirilir. Ermənistanda hərbi xidmət müddəti 2 ildir. Hərbi xidmətə çağırış ildə iki dəfə - may və oktyabr aylarında həyata keçirilir. Hər çağırışda isə orduya təxminən 17-20 min nəfər çağırılır.
Belə ki, Ermənistan ordusunun komplektləşdirilməsinə ölkədə hökm sürən sosial-iqtisadi problemlərlə əlaqədar yaranmış demoqrafik vəziyyət təsir etsə də, bu, yaranmış durumun yeganə səbəbi deyil. Problemin əsas səbəblərdən biri də, Ermənistan vətəndaşlarının öz övladlarını Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən işğal altında olan Dağlıq Qarabağda xidmət keçməsini istəmədikləri ilə bağlıdır. Bir qədər imkanlı valideynlər verdikləri rüşvət hesabına övladlarının Ermənistanın Azərbaycanla təmas xətlərindən və işğal edilmiş ərazilərdən kənarda xidmət keçmələrinə nail ola bilirlər. Daha varlı valideynlər isə oğullarının Ermənistan ərazisində olan rus hərbi bazalarında xidmət keçmələrinə çalışırlır.
"Ayna"nın əldə etdiyi məlumata görə, Ermənistandakı rus hərbi bazalarında hərbi qulluqçuların bir qismi Ermənistan vətəndaşları hesabına komplektləşdirilir. Ruslar isə cılız, hərbi hazırlığı olmayan və xüsusilə də rus dilini bilməyən gənclərin bu birləşmələrdə xidmət keçməsinə məhdudiyyət qoyublar. Ən yaxşı halda, dil bilməyən, amma pullu erməni balası rus hərbi bazasında təsərrüfat işlərinə cəlb edilir.
Birbaşa Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə, o cümlədən Qarabağdakı işğalçı hərbi birləşmələrin tərkibində xidmət edənlər isə zorakılıq halları ilə rastlaşırlır. Buna sübut olaraq yalnız son dövrdə bir neçə erməni əsgərin canını götürərək Azərbaycan tərəfə pənah gətirmələrini misal göstərmək olar.
Analitiklərə görə, Rusiya erməni ordusunun zəif olmasında yaxından maraqlıdır. Çünki bu hal rəsmi Yerevana narıncı qalstukları ilə Kremlin mərmər döşəmələrini silməyə daha çox təminat verir.
|