çap et  
Ramil Usubov polis əməkdaşlarını maariflənməyə çağırır
Ramil Usubov polis əməkdaşlarını maariflənməyə çağırır
Ümumilikdəsə, nazir polisin yarımillik fəaliyyətini qənaətbəxş hesab edib
Şənbə, 01.08.2009

İ.Telmanoğlu

DİN-də ölkə daxili işlər orqanlarının bu ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclası giriş sözü ilə daxili işlər naziri general-polkovnik Ramil Usubov açıb. Nazir bildirib ki, daxili işlər orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmini sahəsində əvvəlki illərin müsbət nəticələri 2009-cu ilin 6 ayında da qorunub saxlanıb, bir çox istiqamətlər üzrə daha da inkişaf etdirilib.

Daha sonra daxili işlər nazirinin müavini polis general-leytenantı Vilayət Eyvazov ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahəsində görülmüş işlərin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. Daha sonra aparılan müzakirələrdə Bakı Baş Polis İdarəsinin rəisi R.Abbasov, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi H.Aslanov, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi S.Mirzəyev, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi C.Şıxəliyev, Gəncə ŞPİ-nin rəisi R.Musayev və başqaları çıxış edərək görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışıb çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarını bildiriblər.

İclasa yekun vuran nazir Ramil Usubov daxili işlər orqanlarının ötən hesabat dövründəki fəaliyyətinin ümumən müsbət olduğunu, eyni zamanda, xidməti fəaliyyətdə hələ də bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd etmiş, onların aradan qaldırılması yollarını göstərmiş, tapşırıq və tövsiyələrini vermiş, tədbir iştirakçılarının diqqətini ictimai asayişin qorunması və cinayətkarlıqla mübarizə sahəsində xüsusilə əhəmiyyətli saydığı bir sıra mühüm məqamlara yönəltmişdir.

Nazir deyib ki, idarəçilik və təşkilatçılıq işi günün tələbləri səviyyəsində qurulmalı, nazirlikdən daxil olmuş əmr, göstəriş və kollegiya qərarları, polis sahə inspektorları institutunun təkmilləşdirilməsi məqsədilə yeni qəbul edilmiş normativ-hüquqi aktlar, o cümlədən "İnzibati sahə haqqında" əsasnamə, "Polis sahə məntəqəsi", "Hüquq qaydasının təmini üzrə İctimai Şura" haqqında Təlimatlar və digər sənədlər bütün aidiyyəti əməkdaşlar tərəfindən öyrənilməli, fəaliyyətdə rəhbər tutulmalıdır.

Qeyd olunub ki, xidmətə qəbul zamanı digər zəruri tələblər nəzərə alınmaqla bərabər, informasiya texnologiyaları ilə işləməyi bacaran şəxslərə üstünlük verilməli, ərizə və şikayətlərə peşəkar, səriştəli, vaxtında və obyektiv baxılması və təşəbbüskara dolğun yazılı cavabların verilməsi hər bir orqan rəisinin gündəlik nəzarətində olmalı, orqan və hissələrdə qanunçuluğun möhkəmləndirilməsi, o cümlədən insan hüquq və azadlıqlarına riayət olunması işi ciddi nəzarətdə saxlanmalı, ayrı-ayrı əməkdaşlar tərəfindən vətəndaşların polisə əsassız gətirilməsi, saxlanması, əsassız tutma kimi neqativ halların qarşısının alınması, etik davranış qaydalarına riayət olunması yönündə təsirli ölçülər götürülməlidir.