Nəhayət, qorxulu hadisə baş verdi: Azərbaycan "donuz qripi" aşkarlanan ölkələr sırasına düşdü. Artıq xəbər verildiyi kimi, iki gün öncə iki Azərbaycan vətəndaşında A/H1N1 qripi aşkar edildi. Səhiyyə Nazirliyinin informasiyasına görə, onlardan biri İngiltərədən, digəri isə Fransadan ölkəyə daxil olub və hər iki xəstənin xəstəxanaya yerləşdirildiyi bildirilir. Onlardan biri 13 yaşlı yeniyetmə oğlan, digəri 40 yaşlı qadındır.
Bunu gözləmək olardı, çünki Azərbaycan "donuz qripi"nin aşkar edildiyi ölkələrlə hava və yerüstü əlaqələr saxlayır və yoluxmuş adamların gec-tez bizim hüdudlarda görünəcəyi gözlənilən idi.
Söhbət çox qorxulu bir təzahürdən gedir, belə ki, dünya ölkələrində bu yoluxucu xəstəlikdən ölüm hallarının statistikası gündən-günə yenilənməkdədir. Qarşıdakı sentyabr-oktyabr aylarında bu qripin pandemiya şəklini alacağı, yəni bütün Yer kürəsini bürüyəcəyi istisna edilmir. Belə bir mülahizə var ki, planet əhalisinin üçdə biri bu qripə yoluxa bilər. İyun ayından Ümumdünya Səhiyyə Təşkilatı pandemiya vəziyyəti elan etmişdir (son 40 ildə ilk dəfə!). Qripin aşkarlandığı ölkələrin sayı gündən-günə artır. Bir çox ölkələrdə qripin yayılmasına qarşı təcili və fövqəladə tədbirlər görülməkdədir.
Məsələn, Türkiyədə yurda giriş qapılarının hamısında - hava limanlarında, dəniz vağzallarında, sərhəd buraxılış məntəqələrində adamın bu qripə yoluxmuş olduğunu aşkarlayan kameralar qoyulmuşdur. Rusiya artıq Meksikadan ət idxalını dayandırıb, çünki "donuz qripi" ən çox Meksikada tüğyan edir. Ona qonşu olan ABŞ-da isə fövqəladə vəziyyət elan edilmişdir.
"Donuz qripi" epidemiyası dünyanın bəzi ölkələrində əvvəllər də qeydə alınmışdı, lakin bu ilin martından ABŞ-ın Cənubi Kaliforniya ştatından qaynaqlanan indiki yeni tipli virusdur. Deyilir ki, əvvəllər beləsi nə insanlarda, nə də donuzlarda qeydə alınıb. İndiki virus insandan insana yoluxma özəlliyinə malikdir. Xəstəliyin simptomları bu şəkildə olur: hərarət qalxır, öskürək, boğaz ağrısı, baş ağrısı, üşümə və zəiflik. Bəzən qarın işləməsi və qusma halları da olur. Məsləhət görülür ki, əllər sabunla əsaslı şəkildə yuyulsun, xəstə adamlarla təmaslardan çəkinmək, nəfəs yollarını tənziflə bağlamaq gərəkdir. Yaxşı dezinfeksiyaedici kimi spirtli məhlullardan istifadə tövsiyə olunur.
Bu xəstəliyə qarşı hələlik peyvənd yoxdur, bunun tapılması üzərində dünya alimləri iş aparırlar, lakin adi qriplərə qarşı təsirli olan preparatlardan bu qripin də müalicəsində istifadə oluna bilir.
Azərbaycanın səhiyyə rəsmiləri bizi əmin edirlər ki, müvafiq tədbirlər görülmüşdür və ölkə səhiyyəsi böhran halları üçün hazırdır. İki xəstəxanada yoluxmuş adamların qəbulu və müalicəsi üçün yerlər hazırlanmışdır. Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bizi əmin edir ki, bu virusa yoluxma səviyyəsi o qədər də yüksək deyil, A/N1N1 virusuna yoluxanlarla heç də bütün təmaslar yoluxma ilə nəticələnmir ("Turan"). Sektor müdiri bildirir ki, başqa yoluxmuş xəstələr qeydə alınmayıb. Onun gətirdiyi rəqəmə görə, ümumiyyətlə, bu virusa yoluxanlar arasında ölümlə nəticələnmə halları yüksək deyil, belə ki, bütün dünyada A/N1N1 virusuna yoluxmuş 170 min nəfərdən bu günə qədər 1000 nəfərdən bir qədər çoxu həyatını itirmişdir, bu isə yoluxanların ümumi sayının 0,63 faizini təşkil edir. Viktor Qasımov bizi inandırır ki, virusun Azərbaycanda sürətli yayılma təhdidini görmür, hər iki halda virus "ölkəyə xaricdən gətirilib".
"Donuz qripi" ilə bağlı vəziyyətin ciddiliyini nəzərə alan Azərbaycan XİN öz növbəsində vətəndaşlara növbəti dəfə xəbərdarlıqla müraciət etdi, deyə APA nazirliyin sözçüsü Elxan Poluxova istinadən xəbər verir. Nazirlik vətəndaşlarımızı bu qripin aşkarlandığı ölkələrə səfərlərindən imkan daxilində imtina etməyə çağırır. XİN öz saytında vaxtaşırı yenilənən xəbərdarlıq mətni yerləşdirmişdir. Eyni zamanda, nazirlik Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarının əməkdaşlarını da xəbərdar etmişdir ki, gündəlik fəaliyyətlərində virusdan müdafiə olunmaq üçün gərəkli tədbirlər görsünlər. Elxan Poluxov bildirib ki, xaricdə çalışan diplomatların hamısı tibbi sığorta olunublar və lazım gələrsə, tibbi müəssisələrə müraciət edə bilərlər.
Yenə APA-nın xəbərinə isnad etsək, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də "donuz qripi"nin ölkəmizdə turizmin vəziyyətinə mənfi təsir göstərəcəyindən narahatdır. Çünki "turizm elə bir istiqamətdir ki, adamlar istər-istəməz bir yerdən başqa yerə gedir, müxtəlif adamlarla təmaslarda olurlar. Ona görə də belə bir təhlükə mövcuddur". Səhiyyə Nazirliyinin ani reaksiyasına əsaslanmaqla, Əbülfəz Qarayev ümidvardır ki, virusun Azərbaycanda yayılmasına yol verilməyəcək. Nazir bildirir ki, ölkədən turist səfərlərinə yollananlara bu yoluxucu xəstəliklə bağlı xüsusi təlimat verilir, eləcə də sərhədi keçərkən kimin son vaxtlar nə kimi xəstəlik keçirdiyi qeyd olunur.
|