Mediaya "farağat" komandası?
 |
Son vaxtlar ordu - KİV münasibətlərində gərginlik yaranıb
Şənbə, 01.08.2009
|
|
Bir müddət əvvəl Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (IPAP) həyata keçirilməsinə məsul olan şəxslərdən biri "Ayna"nın əməkdaşı ilə söhbətində demişdi ki, sənədin ikinci mərhələsində əksini tapan əsas öhdəliklərdən biri ölkədə ictimai fəallığa nail olunmasıdır. Bəlli oldu ki, NATO tərəfi Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlar prosesində cəmiyyətin - bu çərçivədə qeyri-hökumət təşkilatlarının, KİV-in fəallaşmasını istəyir. QHT-lər nə etməlidir? Onlar orduda baş verən proseslər, həyata keçirilən islahatları diqqətdə saxlamalı, monitorinqlər aparmalı və cəmiyyəti bu xüsusda maarifləndirməli, cəmiyyətin ordu ilə bağlı problemlərinin həllində yardımçı olmalıdır.
Bəs KİV? KİV-in bu istiqamətdə öhdəliyi daha konkretdir. Mətbuat Silahlı Qüvvələrdə baş verən islahatlar prosesini izləməli və bu barədə cəmiyyəti, qeyri-hökumət təşkilatlarını yetərincə məlumatlandırmalıdır. İslahatlar prosesində KİV-in dəstəyi olduqca mühümdür. NATO bu istiqamətdə tədbirlər planına malikdir.
Beləliklə, məlumatlar göstərir ki, yaxın dövr üçün Azərbaycanda KİV-in Silahlı Qüvvələr sektoruna diqqətinin artacağı şübhəsizdir. Ən azı ona görə ki, ölkənin hərbi büdcəsi 2 milyard manatdan artıqdır. Cəmiyyət KİV vasitəsilə bu vəsaitin haraya sərf olunduğunu öyrənmək istəyir.
KİV ordudan nə istəyir?
Silahlı Qüvvələrdə baş verən proseslərlə bağlı son vaxtlar Azərbaycan KİV-də çoxsaylı məlumat, şərh, təhlil dərc olunur. Yazıların monitorinqi göstərir ki, media orduda əsasən üç əsas istiqaməti diqqətdə saxlayır:
- birincisi, son vaxtlar orduda kəskinləşən qeyri-nizamnamə hərəkətləri diqqəti bu sahəyə yönəldib.
- hərbi məmurlar arasında ziddiyyətlərin olduğu barədə məlumatlar var. Bu xüsusda ölkənin hərbi prokuroru Xanlar Vəliyevlə müdafiə naziri Səfər Əbiyev arasında ziddiyyətlərin olduğu deyilir.
- üçüncüsü, Müdafiə Nazirliyində həyata keçirilən və gözlənilən islahatlar diqqət mərkəzindədir.
Monitorinq göstərir ki, son aylar Azərbaycan Silahlı Qüvvələrində nizamnamə qaydalarının kobud şəkildə pozulması ilə bağlı faktlar hədsiz çoxalıb. Artıq bu hallar Hərbi Prokurorluğun hesabatlarında da yer alıb. Araşdırmalara görə, təkcə may, iyun və iyul aylarında Azərbaycan Silahlı Qüvvələrinin 20-dən artıq hərbi qulluqçusu həyatını itirib ki, bunun səbəbləri arasında qeyri-nizamnamə halları üstünlük təşkil edib.
KİV bu səbəbdən Silahlı Qüvvələrdə baş verən prosesləri diqqətdə saxlayır və mətbuatın monitorinqi göstərir ki, jurnalistlər orduda vəziyyətlə bağlı Müdafiə Nazirliyinin rəhbərliyinə aşağıdakı sualları ünvanlayır:
- Nəyə görə orduda qeyri-nizamnamə hallarının, intiharların sayı artan xətlə davam edir?
- Orduda baş verən neqativ hadisələrə görə cəzalandırılanlar olubmu və onlar kimlərdir?
- Neqativ halların baş verməməsi üçün nə kimi işlər görülür?
- Silahlı Qüvvələrin şəxsi heyətinin maddi-texniki təminatında hansı dəyişikliklər var?
- Azərbaycanın 2 milyardlıq hərbi büdcəsi ordunun sosial təminatının artırılmasına necə təsir göstərir?
Müşahidələr göstərir ki, Azərbaycan KİV-i yuxarıda qeyd olunan bu və digər suallara cavab tapmaqda çətinlik çəkir. Bu suallara cavab tapmaq üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinə ünvanlanan suallar əksər hallarda cavablanmır və qurumun əməkdaşları qaneedici cavablar verməkdən yayınırlar.
Misal üçün, Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə baş verən itkilərin siyahısını bəyan edən hərbyönlü qeyri-hökumət təşkilatlarının hesabatlarını şişirdilmiş, heç bir əsası olmayan, "fantaziyalı" sənəd kimi təqdim edir. Amma əvəzində özü ortaya hər hansı sənəd qoymur. Dünya ölkələrinin bir çoxunda orduda baş verən itkilərin siyahısı ictimaiyyət, mətbuat üçün açıqdır.
Jurnalistlər bu məlumatı əldə etmək üçün Müdafiə Nazirliyinə telefon açmağa ehtiyac duymurlar. Bu məlumatlar Müdafiə Nazirliyinin saytında onlara çatdırılır.
Amma Azərbaycan Müdafiə Nazirliyinin saytı hələ də yoxdur və bu qurumdan orduda itkilərin sayı ilə bağlı məlumat almaq müşkülə çevrilib. Müdafiə Nazirliyi həmçinin:
- Azərbaycan Ordusunda hazırda həyata keçirilən konkret islahatlar və perspektivlər barədə ciddi və tutarlı informasiyalar vermir.
- Azərbaycanın NATO ilə əməkdaşlıq planlarının detallarını qapalı saxlayır.
- Jurnalistlər üçün mətbuat konfransları keçirmək praktikasını reallaşdırmır,
- Orduya ictimai nəzarəti tətbiq etmək arzusunda olan şəxslərə, qeyri-hökumət təşkilatlarına qarşı qara piar kampaniyasını həyata keçirir.
Media orduya "ləkə" atır?
Son vaxtlar Müdafiə Nazirliyi ölkə KİV-ini orduya, hərbi məmurlara "ləkə yaxmaq"da ittiham etməyə başlayıb. Qeyd edək ki, bu həftə Azərbaycan KİV-də ən çox müzakirə olunan məsələ Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyində həyata keçiriləcək kadr dəyişiklikləri ilə bağlı idi. Bu məlumata görə, hazırkı müdafiə naziri Səfər Əbiyev, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Müdafiə Nazirliyi kadrlar və hərbi təhsil idarəsinin rəisi Çingiz Məmmədov, Avroatlantik Məkana İnteqrasiya idarəsinin rəisi Ramiz Nəcəfov və sair yüksəkrütbəli şəxslər vəzifələrindən çıxarılacaq, ehtiyata göndəriləcək və ya başqa vəzifələrə təyin ediləcəklər. Bu məlumat KİV-də aktiv şəkildə müzakirə olunarkən Müdafiə Nazirliyi təkzib məlumatları ilə çıxış etdi və nazirliyin rəhbərliyində hər hansı dəyişikliyin gözlənmədiyini bildirdi. Bununla yanaşı, Müdafiə Nazirliyi mətbuat xidməti xəbəri yayan media mənsublarını yalançılıqda ittiham etməkdən də çəkinmədi.
Amma görünür, bir məsələ nazirlik rəsmilərinin diqqətindən kənarda qalıb. Azərbaycan Müdafiə Nazirliyində və Silahlı Qüvvələrin Baş Qərargahında ştat-struktur dəyişikliklərinin olacağı barədə məlumat KİV-ə ilk əvvəl Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən 2 il öncə sızdırılıb. Bundan sonra Azərbaycana səfərlər edən NATO ekspertləri Azərbaycan Müdafiə Nazirliyinin və Baş Qərargahın "J" strukturuna keçid edəcəyini bəyan ediblər. Bununla bağlı ötən ilin sonlarında NATO-dan bir qrup ekspert də Azərbaycana səfər etmişdi. Bu yaxınlarda Azərbaycan Müdafiə Nazirliyinin polkovnik rütbəli rəsmisi də Silahlı Qüvvələrin rəhbər orqanlarının yeni standarta uyğunlaşdırılması perspektivini bəyan etmişdi. NATO-nun Cənubi Qafqazda əlaqə zabiti Zbiqnev Rbatski yaxın vaxtlarda Azərbaycanın Müdafiə Nazirliyində yeni idarənin yaradılacağını və oraya general rütbəli şəxsin rəhbərlik edəcəyini bəyan etmişdi.
Azərbaycan mətbuatı aydınlaşdırdı ki, "J" (yoint) və yaxud "G" (general) strukturlarına keçid Azərbaycan Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Baş Qərargahının mövcud strukturunun dəyişdirilməsini qaçılmaz edir. Baş Qərargahda ən azı 6 departament yaradılacaq, bununla yanaşı, Müdafiə Nazirliyinin hazırkı idarələri ləğv ediləcək. Beləliklə, hazırda Müdafiə Nazirliyində vəzifə tutan generalların tam əksəriyyəti "hava"da qalacaq. Məntiqlə onu demək olar ki, onların bir qismi vəzifəyə bir daha təyin olunmaya, bir qismi yeni vəzifəyə keçirilə bilər. Gözlənilən struktur dəyişikliyindən "salamat" çıxa biləcək yeganə şəxs Səfər Əbiyevdir ki, onun da xidmət yaşı nəzərə alındıqda (16 ilə yaxın) yenidən nazir vəzifəsinə təyin olunub-olunmayacağı sual altındadır.
Beləliklə, qeyd edilənlər ölkə KİV-də dərc olunan məlumatların həqiqətə nə dərəcədə uyğun olub-olmadığını göstərir. Beləliklə, əgər vəd olunan islahatlar həyata keçirilərsə, onda nazirliyin hazırkı rəhbərliyində təmsil olunanların bir çoxu vəzifəsindən uzaqlaşdırılacaq. Bu islahatlara qarşı nazirlikdə müqavimət qüvvəsinin yaranacağı ehtimal olunandır. Müşahidələr göstərir ki, Azərbaycan Silahlı Qüvvələri rəhbərliyində ciddi kadr dəyişikliyinə start verilən dövrdə güc strukturları ilə KİV arasında münasibətlər daha da gərginləşəcək. KİV-də kompromat savaşı başlayacaq ki, bunun nəticəsində ölkənin müdafiə qüdrətinə ciddi zərbə dəyə bilər.
Ölkə mətbuatının zaman-zaman diqqətdə saxladığı məsələ hərbi məmurlar arasında ziddiyyətlərin artması ilə bağlıdır. Son vaxtlar nazir Səfər Əbiyevlə hərbi prokuror Xanlar Vəliyev arasında problem yaşandığı bəyan edilir. Lakin müstəqil hərbi mənbələrin məlumatına görə, generallar arasında hər hansı problemin olması barədə məlumatlar yanlışdır. "Hər iki general dost münasibətindədir, onlar arasında ziddiyyətlərin olması barədə məlumatlar üçüncü tərəfin ötürdüyü informasiyalar əsasında yaranır", - deyə mənbələr bildirir.
Problem nədədir?
Söz yox ki, cəmiyyətlə, KİV-lə münasibətlərin hazırkı vəziyyətinə görə Müdafiə Nazirliyinin rəhbərliyi məsuliyyət daşıyır. Lakin ən çox məsuliyyət MN informasiya siyasətini həyata keçirən qurumların üzərinə düşür. KİV-in ordu barədə bəzən bilməyərəkdən yazdığı məlumatların formalaşmasında onların da məsuliyyəti var.
Nəzərə almalıyıq ki, Silahlı Qüvvələrin transformasiyası prosesində Müdafiə Nazirliyinin informasiya siyasətində dəyişiklik olacağı şübhəsizdir. Müəyyən mənbələrin məlumatına görə, mətbuat xidmətinin ləğv edilərək İnformasiya İdarəsinin tərkibinə verilməsi, nazirin tək bir nəfərdən ibarət mətbuat katibinin olması kimi islahatların həyata keçirilməsi gözlənilir.
Ekspertlər güman edirlər ki, məhz bu islahatlardan sonra Müdafiə Nazirliyinin cəmiyyətlə əlaqələrinin normallaşdırılması istiqamətində addımlar atıla bilər.
Jurnalistlərin də gözlədiyi budur...
|
|
|
Oxşar xəbərlər:
"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"
Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
Orduda rotasiya problemi
Ermənistan ordusunun çağırışçı problemi
Bölgələrdə informasiya əldə etməklə bağlı ciddi problemlər var
|
|
|