![]() |
çap et |
|
|||
ABŞ Konqresinin 81 üzvü prezident Barak Obamaya müraciət edib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, ermənipərəst konqresmenlər rəsmi Ankaranın Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini əngəlləməsindən narahatlıq ifadə edərək Obamanı qondarma "erməni soyqırımı"nı tanımağa çağırıblar. Ermənipərəst konqresmenlər Frank Pallone, Mark Kirk, Adam Şift və Corc Radanoviç tərəfindən iyulun 10-da hazırlanmış müraciətə ümumilikdə 81 konqresmen imza atıb.
Müraciətdə deyilir: "Biz Sizə müraciət etməklə rəsmi Ankaranın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını nəzərdə tutan "Yol xəritəsi"nin həyata keçirilməsini əngəlləməsindən narahatlığımızı çatdırmaq istəyirik. Ermənistan hökumətinin heç bir ön şərt irəli sürmədən "Yol xəritəsi" əsasında münasibətlərin normallaşması prinsipinə sadiq qalmasına baxmayaraq Türkiyənin açıq bəyanatları və hərəkətləri bunun tam əksini göstərir". Müraciətdə buna misal olaraq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 2009-cu il mayın 13-də verdiyi bəyanatı göstərilib. Ərdoğan həmin bəyanatında Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca və Azərbaycan torpaqları işğaldan azad edilməyincə Ermənistanla sərhədlərin açılmayacağını vurğulayıb. Konqresmenlərin müraciətinin sonunda deyilir: "Belə təəssürat yaranır ki, Türkiyə erməni soyqırımının ABŞ tərəfindən tanınmasına mane olmaq üçün "Yol xəritəsi"ni imzalayıb, lakin sənədə əməl etmək niyyətində deyil. Ona görə də, Sizin administrasiyanızı erməni-türk münasibətlərinin normallaşması və erməni genosidinin tanınması məsələlərini bir-birindən ayırmağa çağırırıq. Ümidvarıq ki, administrasiyanın yeni səylərindən və resurslarından Ermənistanla Türkiyə arasında münasibətlərin heç bir ön şərt olmadan normallaşması işində istifadə olunacaq. Bundan başqa, Sizin seçkiqabağı kampaniya zamanı bəyan etdiyiniz erməni soyqırımını rəsmi tanımaq siyasətini qətiyyətlə dəstəklədiyimizi vurğulayırıq". Xatırladaq ki, bir neçə gün bundan əvvəl ABŞ Senatının maliyyə yardımı komitəsi 29 səs lehinə, 1 səs əleyhinə olmaqla 2010-cu il büdcəsi üzrə qanun layihəsini qəbul edib. Sənədə əsasən, Ermənistana 30 milyon dollar yardım nəzərdə tutulub ki, bu, cari ilə nisbətən 18 milyon dollar azdır. "Arminfo" bu barədə Amerikanın Erməni Assambleyasına istinadən məlumat yaymışdı. Beləliklə, senat Obama administrasiyasının Ermənistana maliyyə yardımının kəskin şəkildə azaldılması və Azərbaycana yardımın 22 milyon dollara qədər artırılması haqda təklifini nəzərə almışdı. Mənbə məlumat verirdi ki, hələlik Ermənistan və Azərbaycan üçün xarici hərbi maliyyələşdirmə (Foreign Military Financing) və hərbi təlim proqramına (İnternational Military Education and Training) ayrılan vəsaitin həcmi müəyyən edilməyib. Qeyd edək ki, cəmi 50 ştat və bir dairədən ibarət olan ABŞ-ın artıq 40 ştatı qondarma erməni soyqırımını tanıyıb. Bəzi Qərb analitikləri bu addımı ABŞ-da erməni lobbisinin gördüyü iş kimi də təqdim edir. Amma Yer kürəsində toplam sayı 7 milyondan artıq olmayan ermənilərin ABŞ kimi supergücə hansısa formada siyasətini müəyyənləşdirməyə təsir etmək gücündə olmadığı şübhəsizdir. Analitiklərə görə, bölgənin super ölkəsi sayılan Rusiya Federasiyasının da ermənilərə münasibəti çox "isti"dir. Sözsüz ki, Rusiya ABŞ kimi hansısa lobbinin təsiri altında qərarlar qəbul etmədiyini açıq etiraf edir və Kreml Cənubi Qafqazdakı maraqlarını açıq şəkildə ortaya qoyur. Şərhçilərə görə, ABŞ bölgənin supergücünün Cənubi Qafqazda və xüsusilə Ermənistanda təsirini azaltmaq üçün bu ölkəyə qarşı mümkün qədər ehtiyatlı siyasət irəli sürür və bu ölkəni itirmək istəmir. Habelə ABŞ Türkiyə kimi çoxillik müttəfiqi və son illər çox isti münasibətlər qurduğu Azərbaycanla da əlaqələrini korlamaq fikrində deyil. Bütün üzdə olan və üzdə olmayan səbəbləri əsas götürən analitiklərin qənaətinə görə, ermənipərəst konqresmenlərin budəfəki cəhdləri də fiaskoya uğrayacaq. |