çap et  
Karolin Braun: "Britaniya zənginləşməkdə olan Azərbaycanı Avroatlantik məkanda görmək istəyir"
Karolin Braun: "Britaniya zənginləşməkdə olan Azərbaycanı Avroatlantik məkanda görmək istəyir"
London BBC-nin milli tezliklərlə yayımının bərpası üçün rəsmi Bakı ilə ən yüksək səviyyədə müzakirələr aparır
Şənbə, 01.08.2009

S.Abbas

"Britaniya hökuməti və digər Avropa Birliyi ölkələri dəfələrlə BBC radiosunun yayımının dayandırılması ilə bağlı narahatlığını aydın şəkildə bildiriblər. Bu, prezident Əliyevin Londona səfəri zamanı müzakirə edilən bir sıra mühüm məsələlərdən biri idi". Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun APA-ya müsahibəsində bildirib.

Səfir qeyd edib ki, baş nazir Qordon Braun və prezident Əliyev tərəfindən razılaşdırılmış Birgə Kommünikedə də bu məsələnin məqbul həll yollarını tapmaq üçün işi davam etdirmək məqsədilə öz öhdəliklərini bir daha təsdiq ediblər. K.Braun deyir: "Yaxın gələcəkdə mən bu məsələ ilə bağlı Azərbaycanın rəsmi şəxsləri ilə danışıqlar aparacağam".

K.Braun bir neçə gün öncə prezident İlham Əliyevin Böyük Britaniyaya baş tutmuş səfərinin əhəmiyyəti ilə bağlı verilmiş sualı da cavablandırıb:

"Prezident İlham Əliyevin səfəri Britaniya hökumətinin rəsmi və xüsusi dəvəti çərçivəsində gerçəkləşdi. Hökumətimiz il ərzində xarici dövlət və hökumət başçılarına 12-15 belə dəvət göndərir. Britaniya hökumətinin onlarla xüsusi önəm təşkil edən ölkələr arasından məhz bizim qarşılıqlı əlaqələrimizi dərinləşdirmək istədiyimiz Azərbaycanı seçməsindən məmnunam. Biz ikitərəfli əlaqələri daha geniş sahədə inkişaf etdirmək istəyirik".

Britaniyalı diplomat ARDNŞ və "bp"-nin neft yataqlarının işlənməsi sahəsində imzaladığı yeni memoranduma da münasibət bildirib.

"Bu, Britaniya baş nazirinin və prezident Əliyevin iştirakı ilə ARDNŞ-lə "bp"-nin imzaladığı kommersiya baxımından mühüm əhəmiyyətli Anlaşma Memorandumudur. Bu memorandumda göstərilən əməkdaşlıq sahələrini irəli aparmaq məqsədilə hər iki tərəf fəal şəkildə çalışır. Mənə elə gəlir ki, hazırda bütün diqqət artıq razılaşdırılmış məsələlərin həyata keçirilməsi üzərində cəmləşib. O ki qaldı Britaniya hökumətinin marağına, bu, xarici sərmayədarları həvəsləndirən iqtisadi mühit yaratmaqda və qoruyub saxlamaqda Azərbaycan hökumətinə dəstək verməkdən ibarətdir", - deyə K.Braun qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti beynəlxalq neft şirkətlərinin ölkəyə milyardlarla dollar sərmayə yatırmasına gətirib çıxaran iqtisadi şəraitin yaradılmasında çox böyük uğur əldə edib. Bu da son nəticədə Azərbaycana çox böyük mənfəət gətirib:

"Azərbaycan etibarlı və işgüzar tərəfdaş kimi neft və qaz sənayesində özünə beynəlxalq nüfuz qazanıb. Biz inanırıq ki, beynəlxalq neft şirkətlərinin öz sərmayələrini inamla bu ölkəyə yatırmasına səbəb olan şərait Azərbaycan iqtisadiyyatının digər sektorlarında da yaradıla bilər. Məsələn, ötən həftə dünyanın maliyyə xidmətləri üçün əsas mərkəz hesab edilən London Sitinin lord meri böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdi. Onların məqsədi bank, mühasibat, hüquqi xidmətlər, lizinq, investisiya alətləri və sair sahələrin inkişaf etdirilməsində Azərbaycana kömək imkanlarını öyrənmək idi. Axırıncı dəfə lord mer Azərbaycana 2003-cü ildə üç şirkətin nümayəndələri ilə gəlmişdi. Bu dəfə isə lord mer 14 şirkəti təmsil edən nümayəndə heyəti ilə səfər etdi. Bu, bizim şirkətlərin inkişaf etməkdə olan bazar kimi Azərbaycanın artan potensialını necə qiymətləndirdiklərinin göstəricisidir".

Habelə diplamat neft gəlirləri hesabına inkişafda olan Azərbaycanın Avroatlantik məkana inteqrasiya siyasətini alqışlayıb: "Azərbaycanın Avroatlantik qurumlara sürətlə inteqrasiya etmək qərarını dəstəkləyirik. Biz xüsusilə Azərbaycan hökumətinin "Şərq tərəfdaşlığı" formatında Avropa Birliyi və Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (İPAP) formatında NATO ilə spesifik tərəfdaşlıq öhdəliyini alqışlayırıq. Bizim Azərbaycana göstərdiyimiz yardım bu və digər qurumlardakı tərəfdaşlığın tərkib hissəsidir. Məsələn, İPAP kontekstində sülhməramlı əməliyyatlara beynəlxalq dəstək sahəsində Azərbaycana öz təcrübəsini artırmaqda kömək etmək məqsədilə müxtəlif təlim kurslarında Azərbaycana yer ayırırıq. "Şərq tərəfdaşlığı" kontekstində isə Azərbaycanın mərkəzi hökumətinin inzibati bacarığının artırılmasına yardım məqsədilə Britaniya şirkətlərini "qardaşlaşma" tədbirlərində iştiraka həvəsləndiririk. Bu bizim Azərbaycan hökuməti ilə tərəfdaşlıqda həyata keçirdiyimiz silsilə fəaliyyətimizə dair yalnız iki misaldır".

Eyni zamanda səfir hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu və bu istiqamətdə də mümkün köməklikləri əsirgəmədiyini bildirib.

"Biz Minsk Qrupunun həmsədr ölkələrindən biri deyilik. Buna baxmayaraq, Minsk Qrupunun dəstəyi ilə aparılan danışıqları yaxından izləyirik. Bu məsələ prezident Əliyevin Londona səfəri zamanı Britaniya hökuməti ilə onun arasında əsas müzakirə mövzularından biri idi. Biz həmçinin həmsədrlərə mümkün işçi qüvvəsi, məsləhət və yardım təmin etməklə Minsk Qrupu prosesinə birbaşa kömək göstəririk. Münaqişə danışıqlar yolu ilə həll edildikdə həm Azərbaycana, həm də Ermənistana lazım olacaq şəraitin yaradılmasına zəmin hazırlayan vətəndaş cəmiyyətlərinin bir sıra fəaliyyətlərinə dəstək veririk. Əslində münaqişənin danışıqlar yolu ilə nizamlanması Cənubi Qafqaz regionunda sabitliyin və çiçəklənmənin təminatı üçün çox böyük əhəmiyyət kəsb edir. Məhz buna görə bu, bizim üçün önəmlidir. 1970-ci illərdə uşaqlıq illərimi keçirdiyim Böyük Britaniyanın siyasi həyatında Şimali İrlandiyadakı terrorçuluğun nə qədər dominantlıq təşkil etdiyini və bunun birbaşa nəticəsi kimi İngiltərədə terror aktlarının baş verdiyini yaxşı xatırlayıram. Şimali İrlandiyada parçalanmalar o qədər dərin və acı idi ki, həmin vaxtlar hamıya elə gəlirdi ki, sülh heç vaxt əldə edilməyəcək. Bu, uzun, çətin yol idi və bu yolun hər addımında Böyük Britaniya və İrlandiya Respublikasının siyasətçilərindən əsl şücaət və uzaqgörənlik tələb edilirdi. Bu da sonucda sülh sazişinin imzalanması ilə nəticələndi. Həmin razılaşmanın yerinə yetirilməsi hələ də davam edir və bu prosesin tamamlanması illər çəkəcək. Amma önəmlisi odur ki, razılaşma imzalanıb və Şimali İrlandiyada ikiyə bölünmüş təriqətçilərin yeni nəsli onların valideynlərinin mümkünlüyünü düşünə bilmədiyi ortaq firavan və təhlükəsiz gələcək qurur".