Şirvan şəhərində 23 yaşlı gənc sevdiyi qızla evlənmək məqsədilə öz doğma əmisi arvadını amansızcasına qətlə yetirib. Bu ağır cinayət hadisəsi bu il martın 13-də baş verib. Qatil öz doğma əmisi arvadı, 70 yaşlı Böyükxanım Cabbarovanı 25 bıçaq zərbəsi ilə qətlə yetirəndən sonra hadisə yerindən qaçıb. Şirvan şəhəri üç gün 70 yaşlı qadının 25 yerindən bıçaqlanaraq amansızcasına qətlə yetirilməsinin sarsıntısını yaşayıb. Bu cinayət hadisəsini eşidən şəhər əhli həmin ünvana gəlib. Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları 36 saatlıq əməliyyat-axtarış tədbirlərindən sonra qatilin izinə düşə bilmişdir. Bəlli olub ki, ağbirçəyə 25 bıçaq zərbəsi endirən, qadının doğmaca qaynı oğludur.
Bu ağır cinayət işini araşdırmaq isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Ramella Allahverdiyevanın öhdəsinə düşüb. Hakim prosesdə ilk olaraq təqsirləndirilən şəxsi dindirib. O, özünü qismən təqsirli bilib.
Səxavət Ələkbərovun sözlərinə görə, vaxtının çox hissəsini əmisigildə keçirirmiş: "Mənim bu evə mütamadi olaraq gəlməyimin səbəbi isə əmim nəvəsi Aytəkin olub. Aytəkinlə aramızda sevgi macərası vardı. Bizim bu sevgi məcaramızdan isə mərhumə bir il bundan öncə xəbər tutub. O, bizim sevgimizə mane olub və bizim evlənməyimizə imkan verməyib. Böyükxanım bizim münasibətə normal baxmadığı üçün, qızın başqasına ərə veriləcəyini bildirdi. Onun bu sözləri mənə təsir etdi və qadından qisas almaq fikrinə düşdüm. Bu il martın 13-də sərxoş vəziyyətdə əmimgilə gələrək, dəhşətli qətlin səbəbkarı oldum. Mən sərxoş idim və nə cinayət törətdiyimi sonradan başa düşmüşəm".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əmələ görə peşman olduğunu bildirdi. O, cavan olmasını hakimlərin diqqətinə çatdıraraq barəsində hökm çıxararkən cavanlığının nəzərə alınmasını xahiş etdi. Lakin bütün tərəfləri dinləyən hakim sonda hökmü elan edərkən, təqsirləndirilən şəxsin peşman olması və özünü səmimi göstərməsi inandırıcı sayılmayıb. Və qatil 15 il iş alıb.
Shirvan,qatil,bicaqlama
|