![]() |
çap et |
|
|||
Azərbaycan paytaxtında seksual manyakı qətlə yetirməkdə ittiham olunan 1987-ci il doğumlu Əziz Eldar oğlu Həsənov və Cəfər Əşrəf oğlu Fəthi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə ediliblər. Məhkəmə iclasına hakim Rasim Sadıqov sədrlik edib.
İttihama görə, ötən il dekabrın 14-də, saat 17.00 radələrində Əziz Həsənov tanışı, 1984-cü il doğumlu Himayət Məmmədovun kirayədə yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivindəki həyət evində birlikdə yemək yeyiblər. Daha sonra Himayət Məmmədov onu bıçaqla hədələyərək, şalvarını soyunmasını, onunla cinsi əlaqədə olacağını bildirib. Əziz Həsənov onun bu tələbindən imtina edib və Himayət Məmmədovla birlikdə qalan şəxslərin evə gəlməsindən istifadə edərək, oradan qaçıb. O, kirayədə yaşadığı Xırdalan şəhəri, Füzuli küçəsi 9 saylı evə gəlib və onunla birlikdə qalan Cəfər Fəthiyə başına gələnləri danışıb. O, dostuna Himayət Məmmədovun sərxoş olduğunu, ondan əl çəkməyəcəyini və buraya gələcəyini deyərək qaçmaq lazım gəldiyini bildirib. Bundan sonra hər ikisi evdən çıxarkən yaşadıqları evin qarşısındakı küçədə Himayət Məmmədovla rastlaşıblar. Himayət Məmmədov əvvəllər də ayrı-ayrı kişilərlə cinsi əlaqədə olduğunu, onlarla da cinsi əlaqədə olmaq istədiyini bildirib. Təqsirləndirilən şəxslər də onun istəyini "həyata keçirmək" üçün onu Quşçuluq massivi ərazisində yerləşən Rəşid Behbudov küçəsinin girəcəyindəki qaranlıq yerə aparıblar. Orada Himayət Məmmədovu bir xeyli döyüblər. Zərbələrin təsirindən Himayət Məmmədov yerindəcə keçinib. Himayət Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti bir gündən sonra tapılıb. Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb. Aparılan müayinələrdən sonra Himayət Məmmədovun qətlə yetirildiyi müəyyən edilib. Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Himayət Məmmədovu qətlə yetirən Siyəzən rayon sakinləri Əziz Həsənov və Cəfər Fəthi müəyyən edilərək tutulublar. Məhkəmə prosesində ifadə verən bu şəxslər elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Onlar ifadələrində qeyd ediblər ki, seksual manyakdan yaxa qurtarmaq üçün bu addımı atıblar. Onların vəkili Əli Hüseynov təqsirləndirilən şəxslərə verilmiş ittihamın düzgün olmadığını bildirir. Onun sözlərinə görə, müstəntiq ittiham aktını tərtib edəndə də təqsirləndirilən şəxslərin müdafiə olunmaları ilə bağlı qətl hadisəsi törətmələrini etiraf edib. Vəkil bunu əsas götürüb, təqsirləndirilən şəxslərin barəsində elan edilmiş CM-in 120.2.1-ci maddəsinin 124-cü maddəsinə tövsif edilməsi barədə vəsatət qaldırsa da, məhkəmə həmin vəsatəti qəbul etməyib. Hakim bütün tərəfləri dinlədikdən sonra məhkəmə istintaqının yekunlaşması barədə tərəflərin fikirlərini öyrəndi. Prokuror, təqsirləndirilən şəxslər və onların vəkili məhkəmə istintaqının yekunlaşmasına etiraz etməsələr də, zərərçəkmiş tərəf etirazını bildirdi. Zərərçəkmiş tərəfin hüquqi nümayəndəsi Əfsər Talıbov bildirdi ki, hazırkı mərhələdə cinayət işi üzrə məhkəmənin yekunlaşdırılması tezdir: "Biz ibtidai istintaqın işindən narazıyıq. Mərhum Himayət Məmmədovu iki nəfər qətlə yetirməyib. Bu cinayəti törədən şəxslərdən 10 nəfər məsuliyyətdən kənarda qalıb. İbtidai istintaq həmin şəxslərin tutulması üçün heç bir tədbir görməyib. Buna görə də məhkəmədən bütün şəxslərin məsuliyyətə cəlb edilməsini istəyirik". Tərəflər arasında qarşılıqlı narazılıq olmasına baxmayaraq, hakim məhkəmə istintaqını yekunlaşdırdı və çıxış üçün dövlət ittihamçısına söz verdi. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin hər birinə 10 il cəza təyin etdi. Onların vəkili Əli Hüseynov isə dövlət ittihamçısının çıxışın qərəzli və ədalətsiz hesab etdi. Əli Hüseynov bildirdi ki, müdafiə etdiyi şəxslərə düzgün ittiham verilməyib. Onun sözlərinə görə, ittiham sözün əsl mənasında səriştəsiz istintaqın gəldiyi heç bir məntiqə sığmayan, ziddiyyətli nəticədir: "Ziddiyyətləri göstərmək üçün heç cinayət işinin materiallarına nəzər yetirməyə də ehtiyac yoxdur, sadəcə, elan olunmuş ittihama bir balaca nəzər yetirmək kifayətdir. Birincisi, ittihamda yazılır ki, həyət evində birlikdə çörək yedikdən sonra Himayət Məmmədov onu bıçaqla hədələyərək, şalvarını soyunmasını, onunla cinsi əlaqədə olmasını tələb edib. Bununla istintaqçı etiraf edir ki, Himayət Məmmədov 22 yaşlı evlənməli cavan oğlan olan Əziz Həsənovu zorlamaq fikrinə düşüb və onun üstünə bıçaq çəkməklə həm faktiki, həm hüquqi baxımdan həyat və sağlamlığı üçün təhlükəli basqına məruz qoyaraq, onu zorlamağa çalışıb. İstintaq materiallarına görə, Əziz Həsənov Himayət Məmmədovun yaşadığı evdən çıxaraq, öz evinə gəlir və əhvalatı birgə qaldıqları Cəfər Fəthiyə danışır, onunla birlikdə qaçmalarını məsləhət görür. Yəni istintaq orqanı etiraf edir ki, Əziz Həsənov özünün bıçaqla hədələnərək, zorlanma cəhdinə baxmayaraq, faktiki olaraq onu zorlamağa çalışan Himayət Məmmədovu bağışlayır, amma cinsi ehtirası qalxmış Himayət Məmmədov nəyin bahasına olursa-olsun öz ehtirasını heç bir canlının etmədiyi bir formada təmin etmək məqsədilə Əziz Həsənovun qaldığı ünvana gəlib. O, başqa kişilərlə də cinsi əlaqədə olduğunu deməklə, bu şəxslərlə də cinsi əlaqədə olduğunu deyib". Vəkil çıxışında daha sonra qeyd edib ki, istintaqı araşdıran müstəntiqin məntiqinə görə, təqsirləndirilən şəxslər Himayət Məmmədovu qaranlıq yerə aparıb: "Burada sual olunur, kim kimi qaranlıq yerə aparıb? Əziz Həsənovu zorlamaq istəyərkən bıçaq Himayət Məmmədovda olub. Bunu elan etdiyi ittihamla istintaq orqanı özü təsdiq edir. Əziz Həsənov və Cəfər Fəthidə isə istintaqın gəldiyi nəticəyə görə, heç bir silah olmayıb. Onda sual olunur, kim kimi qabağına salıb qaranlıq yerə aparıb? İstintaq yazır ki, Himayət Məmmədov öz cinsi ehtirasını qeyri-təbii formada söndürmək üçün onların qarşısını kəsir, onları hədələyərək bir çox kişiləri zorladığını bildirir. Onda kimin kimi qabağına salıb qaranlıq yerə aparması daha inandırıcıdır? Əvvəllər zorlama cinayətinə görə Rusiya Federasiyası Kuybışev Vilayəti Sızran şəhər Məhkəməsi tərəfindən 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, cinayət işinin materiallarından göründüyü kimi, yetkinlik yaşına çatmamış əlil gənc Babazadə Əli Ənvər oğlunu zorlamış Himayət Məmmədovun, yoxsa həyatlarında heç bir cinayət törətməyən bu iki gəncin hərəkəti inandırıcıdır?" Vəkil təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olub Himayət Məmmədovu öldürmək planı hazırlamaq barədə ittiham aktında qeyd olunanların yersiz olduğunu deyir. Ə.Hüseynov müdafiə etdiyi şəxslərin əməlində qəsdən adam öldürmə cinayətinin olmadığını bildirdi. Vəkil müdafiə etdiyi şəxslərə CM 124-cü maddəsi ilə cəza kəsilməsini istədi. Hakimlərin müşavirə keçirdikdən sonra elan etdikləri hökm dövlət ittihamçısının çıxışından fərqlənməyib. Məhkəmə təqsirləndirilən şəxslərin qəsdən adam öldürməkdə mühakimə olunduqlarını əsas gətirərək, hər birinə 10 il cəza təyin etdi. |