Haqsız rəqabətlə şirkətlər özləri mübarizə aparır
 |
Rəqabət sahəsində dövlət nəzarəti anlayışı kiçik və orta sahibkarlığın istehlak bazarına reydlərlə məhdudlaşıb
Şənbə, 01.08.2009
|
|
Formalaşmış bazarın gerçək siması rəqabət mühitidir. Azad bazar şəraitində dövlətin ən əsas vəzifəsi ədalətli oyun qaydaları müəyyən etmək və bu qaydalara əməl olunmasına nəzarəti həyata keçirməkdir. Azərbaycan-Türkiyə İş Adamları Birliyi layihələr və tədqiqatlar şöbəsinin "Azərbaycanda azad rəqabətin mövcud vəziyyəti və ölkə iqtisadiyyatına təsiri" adlı hesabatı bu sahədəki vəziyyətə işıq salır. Şöbənin müdiri Kənan Aslanlı "Ayna"ya müsahibəsində rəqabət mühiti yaradılmasının əhəmiyyətindən danışır:
- Rəqabət mühitində əsas ünsürlərin vəziyyətini müəyyən etmək istər dövlət üçün, istərsə də şirkətlər üçün xüsusi önəm daşıyır. Dövlət öz rəqabət siyasətini müəyyənləşdirərkən bundan istifadə edə bilər. İstər bazarda fəaliyyət göstərən, istərsə də bazara daxil olmaq istəyən şirkətlər real "oyun qaydaları" ilə tanış olur və bazar strategiyalarını praktik tərəfdən formalaşdırırlar.
Azərbaycan bazarında rəqabət mühitinə ilkin baxışı sığorta sektorundan başladıq. Bu sektorda son dövrlər bir canlanma müşahidə olunur. Bu da kredit sisteminin inkişafı ilə bağlıdır. Vətəndaşlar artıq daşınmaz əmlakı, avtomobili, məişət texnikasını və hətta mebeli kreditlə almağa üstünlük verirlər. Kredit verən bank isə vətəndaşın qarşısında aldığı əmlakı sığortalamağı şərt kimi qoyur. Bunun nəticəsidir ki, son 2 ildə sığorta şirkətlərinin gəlirləri artmağa başlayıb.
Məsələn, 2007-ci ildə sığorta şirkətləri ümumilikdə 147,2 milyon manat sığorta haqqı toplayıb ki, bu da 2006-cı illə müqayisədə 66,6 faiz çox olub. 2008-ci ilin birinci rübündə isə Azərbaycanda sığorta haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,2 faiz artaraq 51,60 milyon manat təşkil edib. Maraqlı faktdır ki, bu ilin ilk rübündə həyat sığortası 400 faiz artıb. Bu isə insanlarda sığortaya inamın qayıtdığını təsdiqləyir.
Sığorta bazarının təhlili zamanı bu bazarda gizli inhisarçıların mövcudluğu aşkarlanıb. Deyim ki, bazarda inhisarçılar hər zaman görünən olmur.
- Sığorta bazarının seçimi bir təsadüf idimi?
- Müvafiq hesablama-analizlərin aparılması üçün yetərli güvənilən informasiyanın olması, bazarın inkişafının müşahidə edilə bilməsi kimi amillər ilkin olaraq məhz sığorta bazarını seçməyi şərtləndirdi.
Bununla belə, rəsmi məlumatlar və bazarın ümumi rəqabət analizinin tam mənzərəni yaradacağını gözləmək bir sadəlövhlük olardı. Bazarın dolğun təhlilini təmin etmək məqsədi ilə sığorta bazarında fəaliyyət göstərən ekspertdən istifadə etmişik. Bu, bizə bazarın ilk baxışda görünməyən tərəflərini üzə çıxarmağa və rəqabət mühitinin təhlilini həqiqətə daha uyğun həyata keçirməyə imkan verib. Nəticədə, ümumi aspektlərlə bazarın tam rəqabət mühiti təhlil edilmiş, bazarda inhisarçılıq, qeyri-iqtisadi dəstək, haqsız rəqabət kimi amillərin rolu aşkar olunmuşdur.
- Rəqabət mühitində nələr aşkarlandı?
- Burada əsas ünsürlərdən biri bazara nəzarətdir. Belə ki, haqsız rəqabət və inhisarçılıq hallarının aşkar edilməsi üçün bazarda müntəzəm nəzarət sistemi mövcud olmalıdır. Təəssüflər olsun ki, rəqabət sahəsində dövlət tənzimini həyata keçirən Antiinhisar Dövlət Xidməti bazara nəzarəti yalnız müəyyən müddət ərzində təşkil edir və bunlar istehlak bazarını əhatə edən reydlərdir. Halbuki rəqabət sahəsində dövlət nəzarəti anlayışı bazarı bütövlükdə əhatə edən dinamik nəzarət sistemi ilə həyata keçirilməlidir.
İstər 1993-cü ildə qəbul edilmiş "Antiinhisar fəaliyyəti haqqında" qanun, istərsə də 1995-ci ildə qəbul edilmiş "Haqsız rəqabət haqqında" qanun müasir bazarın tələblərinə və rəqabətin dövlət tənziminin müasir mexanizmlərinə tam cavab vermir.
Tənzimin institusional bazası ilə əlaqədar köklü islahatlar aparılması mütləqdir. Rəqabət orqanı olaraq Antiinhisar Dövlət Xidmətinin statusunun müəyyən qədər dəyişdirilməsi lazımdır. Rəqabət orqanı yalnız icra hakimiyyəti orqanı kimi deyil, ədalət orqanı kimi də çıxış etməkdədir. Məhz bu ədalət funksiyası onun status baxımından müstəqil olmasını şərtləndirən əsas amildir. Bu səbəbdən rəqabət orqanının ən əsas keyfiyyətlərindən biri onun müstəqilliyidir. Hazırda orqan İqtisadi İnkişaf Nazirliyinə bağlı qurumdur və rəhbərliyi nazir tərəfindən təyin olunur. Status baxımından, xidmətin rəhbərliyi birbaşa prezident tərəfindən təyin olunan müstəqil mərkəzi icra hakimiyyəti orqanı olaraq yenidən formalaşdırılmalıdır. Bu daha səmərəli olardı. Xarici təcrübədə əksər rəqabət orqanlarının qərarvermə orqanı kollegialdır.
Rəqabət sahəsində dövlət tərəfindən müntəzəm nəzarət sisteminin əhatə və operativlik aspektləri problemli ola biləcəyindən bazarda şirkətlər özlərinin nəzarət sistemini qura bilərlər. Ölkəmizdə rəqabət sahəsində dövlət tərəfindən müntəzəm nəzarət sistemi olmadığından bazara nəzarəti şirkətlər özləri həyata keçirməli olurlar.
Rəqabətdə saxtakarlıq metodu
- Şirkətlər bu işin öhdəsindən necə gəlir?
- Məsələn, Azərbaycanda qazlı içkilər bazarı oliqopolist bazardır. "Coco cola", "Persi Cola" kimi qlobal brendlərlə yanaşı "Gülüstan", "Xəyal" kimi yerli brendlər də bazarda öz yerini tutmağa çalışır. Bununla belə, bazarın böyük bir hissəsinə tanınmış brendlər nəzarət etməkdədir. Azərbaycanda qazlı içkilər bazarında qonşu ölkələrdə - Türkiyədə, Rusiyada olduğu kimi, dinamik rəqabət müşahidə edilmir.
Saxtakarlıq halları yalnız istehlak bazarında deyil, həmçinin müəllif hüquqları bazarında da mövcuddur. Müəllif hüquqları bazarında dövlət tərəfindən nəzarət mexanizmlərinin mövcud olmaması şirkətləri özlərinin nəzarət funksiyasını həyata keçirməyə təşviq edir. Belə ki, ötən il ərzində "Səbuhi AMD" MMC-nin müraciəti əsasında səsyazma studiyalarının fəaliyyəti ilə bağlı saxtakarlıq halları aşkar edilmişdi. Antiinhisar Dövlət Xidməti bu məsələ ilə bağlı məsələni nəzarətə götürdüyünü bildirmiş və audiovizual sənaye məhsulları bazarında bir sıra reydlər təşkil etmişdi.
Bu məsələ ilə əlaqədar, bir sıra müğənnilər tərəfindən daxil olmuş şikayət ərizələrinə əsasən, "Böyük Şahinlər", "Melodiya" və "Şahin-R" studiyaları tərəfindən onların ifalarında mahnıların müqavilələr bağlanmadan qanunsuz olaraq çoxaldılması ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən təsərrüfat subyektlərində monitorinq aparılıb. Aparılmış monitorinq zamanı təsərrüfat subyektlərində pirat və mənşəyi bəlli olmayan audiovizual sənaye məhsullarının satışının geniş yayıldığı müəyyən olunub. Belə ki, araşdırma aparılan təsərrüfat subyektlərində üzərində istehsalçı müəssisənin (studiyanın) adı, ünvanı və digər zəruri məlumatlar göstərilməyən müxtəlif formatlarda DVD və SD satıldığı aşkar olunub.
Saxtakarlıq hallarının bir sıra oxşar cəhətləri mövcuddur. Belə ki, aşkar edilmiş saxtakarlıq hallarının əksəriyyətində məhsul istehsalı paytaxtdan kənar bölgələrdə həyata keçirilib..
|
|
|
|
|
|
|