çap et  
Milli komandada yeni baş məşqçi
Milli komandada yeni baş məşqçi
Şənbə, 01.08.2009

İlham Rəfiyev
İ.RƏFİYEV

Sərbəst güləş üzrə milli yığma komandamıza yeni baş məşqçi təyin olunub. Bu, 1980-ci il Moskva Yay Olimpiya oyunlarının qalibi, 1980 və 1981-ci illər dünya çempionatının qızıl mükafatçısı Saypulla Absaidovdur. Azərbaycan Güləş Federasiyası 51 yaşlı dağıstanlı mütəxəssislə birillik müqavilə imzalayıb.

Saypulla Absaidov bu vəzifədə Maqomedxan Aratsilovu əvəz edib. Yığma komandamızın keçmiş baş məşqçisi isə tutduğu vəzifədən istefa verib. 17-19 iyulda Bakıda keçirilmiş Qızıl qran-pri turnirinin final mərhələsindən sonra istefa verərək yaşadığı Mahaçqala şəhərinə yola düşən təcrübəli mütəxəssis millimizə qayıtmayacağını deyib. Məsələni müzakirəyə çıxaran Azərbaycan Milli Güləş Federasiyası rusiyalı mütəxəssisin istefa ərizəsini qəbul edib.

Maqomedxan Aratsilov 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatından sonra millimizə baş məşqçi təyin olunmuşdu. Yığmamız onun rəhbərliyi altında 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bir bürünc medal qazanıb, eləcə də bu il komanda hesabında Dünya Kuboku və Avropa çempionatının qalibi olub. Lakin komandamızın liderlərindən Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) Bakıda təşkil olunan Qızıl qran-pri turnirinin final mərhələsində qızıl medal qazana bilməyiblər.

Dağıstanlı mütəxəssis bunu aparıcı güləşçilərimizin Avropa çempionatından sonra daha çox istirahətdə olması və məşqləri bərpa edərkən o qədər də yaxşı formada olmaması ilə izah edib. Maqomedxan Aratsilov bir daha güləş məşqçisi kimi çalışmayacağını bildirib. O, şəxsi turist biznesi ilə məşğul olmaq niyyətindədir. İnsaf naminə qeyd etmək lazımdır ki, Maqomedxan Aratsilov tutduğu vəzifədə xeyli səmərəli işləyib. Məhz onun əməyi sayəsində komandamız Pekin Olimpiadasında sərbəst güləş proqramında bütün çəki dərəcələrində təmsil olunub.

Yeni baş məşqçiyə gəlincə, Nabrana gedərək artıq vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, milli yığma komanda hazırda Nabranda təlim-məşq toplanışındadır. Saypulla Absaidov əvvəlcə pəhləvanlarla tanış olacaq və daha sonra komandanın sentyabrda Danimarkada keçiriləcək dünya çempionatına hazırlığı ilə məşğul olacaq.

Saypulla Absaidovun qarşısında milli komandanın son dövrlər qazandığı uğurları davam etdirmək kimi çətin vəzifə dayanır.