Futbol üzrə Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunları keçirilib. Bu nüfuzlu turnirdə ölkəmizi təmsil edən "Bakı" Bolqarıstan çempionu "Levski"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada qapılara qol vurulmayıb.
Matçın ilk hissəsində ehtiyatlı təsir bağışlayan ikiqat Azərbaycan çempionu fasilədən sonra fəallaşıb. II təsnifat mərhələsində komandamızın "Ekranas"la (Litva) qapısına vurduğu 6 qoldan 3-nün müəllifi olan hücumçu Feliks Felipe Almeyda 46-cı dəqiqədə "Levski"nin cərimə meydançasında sifətindən güclü zərbə alaraq Vilyam Roşa Batista ilə əvəzlənib. Lakin bu əvəzləmə "Bakı"nın hücumlarının kəsərini azaltmayıb. Matçın sonunadək bir neçə təhlükəli vəziyyət yaradan komandamız arzuladığı qolu vura bilməyib.
"Bakı" - "Levski" matçının 52-ci dəqiqəsində meydanı yarımçıq tərk edən Feliks Felipe Almeydanın səhhətində problem yaranıb. Oyun zamanı huşunu itirən və təcili-tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan braziliyalı legionerin cavab görüşündə oynayıb-oynamayacağı dəqiq bilinmir.
Oyundan sonra keçirilən mətbuat konfransında "Bakı"nın baş məşqçisi Cokiça Hacıyevski matçla bağlı bunları deyib: "Həddən artıq ağır və çətin oyun oldu. Tərəfdarları sevindirə bilmədiyimizə görə çox təəssüflənirəm. Hamı gördü ki, futbolçularımız bütün bacarıqlarını ortaya qoydular. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Amma unutmaq lazım deyil ki, rəqib çox güclü komandadır".
Hacıyevski vurğulayıb ki, cütün qalibi bir həftə sonra Sofiyada baş tutacaq matçdan sonra bəlli olacaq: "Hər şey cavab matçında müəyyənləşəcək. Bu dəfə biz rəqib meydanında oynayacağıq. İlk görüşdə qalib gələ bilməsək də, səfərə bir istəklə yollanacağıq. Çünki öz meydanımızda qol buraxmadıq. Fikrimcə, bu amil komandama kömək edə bilər".
Komandamız cavab görüşünü avqustun 5-də Sofiyada keçirəcək. Xatırladaq ki, "Levski" Bolqarıstanın ən qocaman və adlı-sanlı klublarındandır. 1914-cü ildə yaradılan və bu il 94 illiyini qeyd edən Sofiya komandası 26 dəfə Bolqarıstan çempionu olub, bir o qədər də ölkə kubokuna sahib çıxıb, iki dəfə superkuboka yiyələnib.
Çempionlar Liqası pley-off mərhələsinə yüksəlmək üçün Bakıya istənilən hesablı qollu heç-heçə kifayətdir.
|