UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilib. Bu yarışda ölkəmizi təmsil edən Ağdamın "Qarabağ" klubu futbol fanatlarını sevindirməkdə davam edir. Azərbaycan klubu Elvin Məmmədovun 69-cu dəqiqədə vurduğu fantastik qol sayəsində Finlandiyanın "Honka" komandasına səfər matçında 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, Qurban Qurbanovun başçılıq etdiyi kollektiv futbol tariximizi yeni-yeni parlaq nəticələrlə zənginləşdirməkdə davam edir. Xatırladaq ki, "Qarabağ" bundan əvvəlki mərhələdə Norveçin adlı-sanlı "Rusenborq" klubunu mübabarizəni dayandırmağa məcbur etmişdi.
Ağdam klubu futbolçuları oyuna fəal başlayıblar. Baş məşqçi Qurban Qurbanovun "Rusenborq"la oyunda meydana buraxdığı heyətlə müqayisədə bu dəfə dəyişikliyə əl atmamışdı. Görünür, komandanın köhnə üzvləri ilə yeni futbolçular arasında yaranan qarşılıqlı əlaqənin səviyyəsi baş məşqçini də qane edir. Matçın ilk dəqiqələri kəşfiyyat xarakterli olsa da, "Honka" birinci hissədə təşəbbüsü ələ almağı bacarıb. Meydan sahibləri bir neçə dəfə təhlükəli vəziyyət yaratsalar da, qapımızdan qol keçirə bilməyiblər. İkinci hissədə bütün oyun keyfiyyətlərinə görə "Honka"nı üstələyən "Qarabağ" rəqibə öz oyununu diktə edib. Matçın 69-ci dəqiqəsində Elvin Məmmədov uzaqdan vurduğu qüvvətli zərbə ilə hesabı açıb. Vətəndən çox-çox uzaqlarda "Qarabağ"ın futbol şousu bu qoldan sonra da davam edib. Belə ki, Azərbaycan futbolçuları daha bir neçə dəfə fərqlənməyə yaxın olublar.
Beləliklə, səfər matçında qələbə qazanan "Qarabağ" Avropa Liqasının dördüncü mərhələsinə doğru bir addım atıb. Lakin bundan ötrü futbolçularımız avqustun 6-da Bakıda keçiriləcək cavab matçında rəqibin planlarını alt-üst etməyi bacarmalıdırlar.
"Qarabağ"ın bu parlaq qələbəsinə Avropada da biganə qalmayıblar. UEFA-nın rəsmi saytında komandamızın qələbəsi ilə bağlı ""Qarabağ" heyrətləndirməkdə davam edir başlıqlı yazıda deyilir: ""Qarabağ" UEFA Avropa Liqasında qələbə yürüşünü davam etdirir. Norveçin "Rusenborq" klubunu üstələyən "Qarabağ" səfərdə Finlandiyanın "Honka" komandasına qalib gəlib. "Qarabağ"ın total üstünlüyü bu komandanın sonda 1:0 hesablı qələbəsi ilə nəticələnib. Birinci hissədə meydan sahibləri üstün olsalar da, ikinci hissədə onların üstünlüyündən əsər-əlamət qalmayıb. "Honka"nın qapıçısı Yanne Xenriksson Vüqar Nadirov və Vaqif Cavadovun dəqiq zərbələrini qaytarmaqla bir neçə dəfə komandasını qoldan xilas edib. 69-cu dəqiqədə topu ələ keçirən Elvin Məmmədov dəqiq zərbə ilə topu "Honka"nın qapısından keçirib. Oyunun sonlarında isə "Qarabağ" sanki öz meydanında oynayırdı".
"Qarabağ" Azərbaycan futbolunda yeni rekord müəyyənləşdirib. Belə ki, klublarımız 1994-cü ildən qatıldığı avrokuboklarda indiyədək heç vaxt ardıcıl 3 oyun, qapısının toxunulmazlığını qoruyub saxlaya bilməyib.
Yeri gəlmişkən, "Qarabağ" klubu milli yığma komandamızın kapitanı, Avropa Liqasında Ağdam klubuna kömək eləyən Rəşad Sadıqova rəsmi dəvət göndərib. Futbolçu isə öz növbəsində komandaya kömək etməyə hazır olduğunu və "Qarabağ"ın təklifi ilə bağlı düşünəcəyini bildirib.
|